Şəmkir – vəziyyət indi necədir?
Şəmkir Mərkəzi Rayon Xəstəxanasına ilk dəfə 2010-cu ildə baş çəkmişdik. Xatırladaq ki, o zaman, bəzi kiçik nöqsanları çıxmaq şərtilə, vəziyyət ümumilikdə qənaətbəxş idi. Tibbi xidmətin səviyyəsi, eləcə də xəstələrin dərman və yeməklə təminatı baxımından elə bir çatışmazlığa rast gəlməmişdik. Müxtəlif şöbələrdə söhbət elədiyimiz pasiyentlər də bu səhiyyə ocağında onlara göstərilən diqqət və qayğıdan razılıq eləmişdilər. Amma o vaxtdan artıq 5 il keçir. Görəsən, Şəmkir səhiyyəsində indi vəziyyət necədir? Bu suala aydınlıq gətirmək üçün bu rayonun iki tibb ocağında – Mərkəzi Rayon Xəstəxanası və Alabaşlı Kənd Sahə Xəstəxanasında olduq.
Şəmkir Mərkəzi Rayon Xəstəxanası
Yola lap erkən çıxdığımız üçün paytaxtdan 370 kilometr məsafədə yerləşən Şəmkir rayonuna səhər tezdən çatdıq. Biz Mərkəzi Rayon Xəstəxanasının həyətinə daxil olanda saat 10 idi.
Öncə onu qeyd edək ki, bu tibb ocağının üç mərtəbədən ibarət korpusları sovetlər dönəminin yadigarı olsa da, təxminən 6-7 il bundan əvvəl geniş təmir işləri aparılaraq, normal şərait yaradılıb. Doğrudur, 2010-cu ilə təsadüf edən araşdırmamız zamanı bu baxımdan vəziyyət daha yaxşı idi. Amma, necə deyərlər, aradan keçən illər öz sözünü deyib: hazırda səhiyyə müəssisəsinin əsaslı təmirə, yaxud da yeni binaya ehtiyacı var.
Bəs, görəsən, burada müalicə alan xəstələr onlara göstərilən tibbi xidmətdən razıdırlar, yoxsa yox? Dərman vasitələri və yeməklə təminat onları qane edirmi? Bu və digər suallara aydınlıq gətirmək üçün əvvəlcə həyətdə bir qədər ayaq saxlayıb, xəstə yanına gəlib-gedənlərlə söhbət elədik.
Həyat yoldaşı Terapiya şöbəsində müalicə olunan orta yaşlı kişi bildirdi ki, xəstəxanada şərait normal vəziyyətdədir, rahatlıq, təmizlik, istilik – hər şey var. Dava-dərmanla təminatdan da razı qaldıqlarını deyən müsahibimiz yoldaşının burada olduğu 4 gün ərzində dərmanların hamısının xəstəxanadan verildiyini dedi. Onun sözlərinə görə, gündə bir neçə dəfə xəstələrə yemək də təklif olunur.
Atası Cərrahiyyə şöbəsində müalicə olunan gənc oğlan isə bizimlə söhbət əsnasında bunları dedi: «Atam 5-6 gündür burada yatır, heç nədən narazılıq eləmir. Təsadüfən olar ki, gedib aptekdən nə isə alaq. Nə lazım olsa, həkimlər özləri verirlər».
Həyətdəki “müsahibələrimizi” bitirdikdən sonra görüşdüyümüz baş həkim Nurəddin Əhmədov Şəmkir səhiyyəsindəki vəziyyət barədə məlumat verdi, bildirdi ki, hazırda Səhiyyə Nazirliyi tərəfindən Mərkəzi Rayon Xəstəxanasına yeni bina tikilməkdədir, inşaat işlərinin gələn il başa çatdırılması nəzərdə tutulur.
Daha sonra Təsərrüfat şöbəsinin müdiri Rövşən Əliyevin müşayiəti ilə xəstəxanaya baxış keçirdik.
Adəti üzrə, əvvəlcə Qəbul şöbəsinə baş çəkib, oradakı şərait, ilkin tibbi yardım dərmanları ilə təminat, həmçinin iş vaxtı həkimlərin öz yerlərində olub-olmadıqları ilə maraqlandıq. Qeyd edək ki, bu postda şərait normal səviyyədədir. Bununla yanaşı, həm də səliqə-sahman, təmizlik nəzərə çarpırdı. Şkaflarda da xeyli preparat var idi. Səhiyyə Nazirliyinin əmri ilə stasionar xəstələrin müalicəsində pulsuz istifadə olunan dərmanların siyahısı isə bu otaqda iki yerdən asılmışdı.
İş qrafikinə əsasən hər gün səhər saat 8.30-dan günorta 15.00-a qədər xəstələrin qəbulunu həyata keçirən şöbə müdiri Elçin Əliyev və böyük tibb bacısı Solmaz Fərzəliyeva hər ikisi iş başında idilər. «Qəbul jurnalı»nda qeydiyyatın vaxtında və dəqiqliklə aparılması da bu şöbədə xüsusi nizam-intizamdan xəbər verirdi.
Aidə Qocayevanın rəhbərlik elədiyi Kliniki laboratoriya da öz şəraiti, səliqə-sahmanı ilə bizdə xoş təəssürat yaratdı. Reaktivlərin çoxluğu və onların soyuducuda saxlanması, tibbi tullantıların xüsusi təhlükəsizlik qutularına atılaraq qaydalar çərçivəsində zərərsizləşdirilməsi də burada müvafiq tələblərə ciddi əməl olunduğuna dəlalət edirdi.
Daha sonra daxili aptekə baş çəkib, dərman ehtiyatı və onların saxlanma şəraiti ilə maraqlandıq. Əvvəla, onu vurğulayaq ki, Cavad Hüseynovun rəhbərlik elədiyi əczaxanada dava-dərman baxımından olduqca bolluq idi. Termolabil dərmanlar soyuduculara, narkotik və psixotrop preparatlar dəmir seyfə, digərləri isə müvafiq olaraq açıq və qapalı şkaflara yerləşdirilmişdi. Üstəlik, 2010-cu ildəki araşdırmamız zamanı qeydə aldığımız nöqsanlar da aradan qaldırılmışdı – aptek termometr və hiqrometlə təchiz olunmuşdu.
Son vaxtlar aptekə daxil olan tələbnamələrə və buraxılan preparatların fakturalarına da diqqət yetirdik. Məlum oldu ki, həm MRX-ya, həm də onun tabeliyində olan səhiyyə müəssisələrinə həmişə vaxtlı-vaxtında dava-dərman verilir. Bu məsələ ilə maraqlandığımızı görən aptek müdiri bildirdi ki, xəstəxananı dərman vasitələri ilə Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi təmin edir, bu baxımdan heç bir problem yoxdur.
Nəhayət, gəlib çıxdıq tibb müəssisəsinin qida blokuna. Biz içəri daxil olanda mətbəxin işçiləri bişir-düşürlə məşğul idilər. Qeyd edək ki, burada da şəraiti qənaətbəxş hesab eləmək olar. Düzdür, avadanlıqların əksəriyyəti köhnədir, müasir tələblərə cavab vermir. Amma buna baxmayaraq, mətbəx tam işlək vəziyyətdədir.
Qida blokuna rəhbərlik edən təchizat üzrə agent Asif Cəfərov menyunu təqdim edərək bildirdi ki, həmin gün ümumilikdə 103 nəfər xəstəyə səhər yeməyi verilib. Nahar biz mətbəxdə ikən hazırlanırdı. Axşama isə düyü yayması və vermişel şorbası nəzərdə tutulmuşdu.
Digər məsələlərə gəldikdə, aşpaz Səbinə Bəxtiyarova başda olmaqla, işçilər hamısı xüsusi forma – xalat, qalpaq və əlcək geyinmişdilər. Amma «Şəxsi Tibbi Kitabça»larını təqdim etmədikləri üçün onların tibbi müayinədən keçib-keçmədiklərini dəqiqləşdirə bilmədik. O ki qaldı xəstələrə verilən yeməklərdən nümunələrin saxlanmasına, 5 il əvvəlki araşdırmamız zamanı olduğu kimi, yenə də bu vacib şərtə əməl edilməmişdi.
Daha sonra ərzaq anbarının qapısını döydük. Doğrudur, burada xeyli məhsul var idi. Amma şərait lazımi səviyyədə olmadığı üçün ərzaqların saxlanması narahatlıq doğurur. Məsələn, tərəvəzlər olan otaqda vitrinlər çatışmır, ona görə də onların bəziləri adi qaydada döşəmənin üstünə qoyulmuşdu.
Bu yazdıqlarımız, dediklərimiz araşdırma zamanı bizim müşahidə elədiklərimizdir. Bəs, görəsən, əsas söz sahibi olan xəstələr hansı fikirdədirlər? Bu suala cavab almaq məqsədilə müxtəlif şöbələrdə olub, xəstələrlə təkbətək söhbət elədik.
I Cərrahiyyə şöbəsində yatan xəstənin dediklərindən: «Hər şey yaxşıdır. Şəraitlə bağlı da heç bir narazılığım yoxdur. Həkimlər də sağ olsunlar, bizim üçün əllərindən gələni edirlər. Neçə gündür buradayam, aptekdən ikicə qutu dərman aldırmışam, qalanları xəstəxanadan verilib. Yeməkləri də yaxşıdır, səhər tezdən yumurta, çay, peçenye verdilər. Daha nədən narazılıq edəsiyik ki?»
Daha bir xəstə ilə II Cərrahiyyə şöbəsində söhbət elədik: «Hər şey ürəyimizcədir. Dava-dərmanın verilməsindən çox razıyam. Həkimlər bizə lap yaxşı baxırlar».
Təkrara yol verməmək üçün söyləyək ki, digər şöbələrdə söhbət elədiyimiz xəstələr də burada göstərilən tibbi xidmətdən, həkimlərin diqqət və qayğısından razı qaldıqlarını, onları narahat edən heç bir səbəb olmadığını bildirdilər.
Onu da qeyd edək ki, fikrini soruşduğumuz şöbə müdirləri, eləcə də həkimlər son vaxtlar dərmanla təchizatın xeyli yaxşılaşdığını, lazım olan preparatları tələbnamə yazaraq daxili aptekdən vaxtlı-vaxtında aldıqlarını vurğuladılar.
Araşdırmamız boyunca sözügedən tibb ocağında sanitar-gigiyenik tələblərə əməl olunub-olunmamasına da diqqət yetirdik. Bu baxımdan elə bir nöqsan gözümüzə dəymədi. Hər tərəfdə təmizlik, səliqə-sahman hökm sürməklə yanaşı, konkret sterilizasiya məsələsində də nizam-intizam var idi. İlk araşdırmamızdan fərqli olaraq, bu dəfə heç bir şöbədə üzərində markalama aparılmayan biksə rast gəlmədik. Tibbi tullantıların müvafiq akt tərtib olunaraq utilizasiyası da bu tibb ocağında sanitar-gigiyenik tələblərə əməl olunduğundan xəbər verirdi.
Bir sözlə, bəzi xırda çatışmazlıqlar istisna olmaqla, Şəmkir MRX-da elə bir ciddi nöqsana rast gəlmədik. Və araşdırmamızı davam etdirmək üçün bu dəfə üz tutduq rayon mərkəzindən xeyli aralıda yerləşən Alabaşlı Kənd Sahə Xəstəxanasına.
Alabaşlı Kənd Sahə Xəstəxanası
Alabaşlı Kənd Sahə Xəstəxanasının sovetlər dönəminin yadigarı olan birmərtəbəli binası köhnə olsa da, elə ilk baxışdan görünür ki, vəziyyət heç də acınacaqlı deyil – cari təmir işləri aparılıb, mümkün qədər səliqə-sahman yaradılıb.
İçəri daxil oluruq. Ümumilikdə şəraitsizlik olsa da, bütün inzibati otaqlar və palatalar kosmetik təmir edilib.
Baş həkim Şakir Qurbanov bizimlə söhbət zamanı bildirdi ki, 1948-ci ildə inşa olunmuş bu tikilidə əvvəllər kolxoz idarəsi yerləşirmiş. 1990-cı ildə isə bina Alabaşlı Kənd Sahə Xəstəxanasına verilib: «Burada sonuncu dəfə 2004-cü ildə cari təmir işləri aparılıb. Sonralar isə daxili imkanlar hesabına ara-sıra əl gəzdirmişik. Hazırda isə şərait orta səviyyədədir. Onu da deyim ki, xəstəxananın su, qaz və kanalizasiya sistemləri işlək vəziyyətdədir. Hətta kənddə elektrik kəsiləndə vəziyyətdən çıxmaq üçün generatorumuz da var. Bir sözlə, bizə müraciət edən xəstələrin stasionar müalicəsini təşkil etmək üçün lazımi şəraitimiz var».
Daha sonra tibb ocağının strukturundan söhbət açan müsahibimiz bildirdi ki, burada hərəsində 5 çarpayı olmaqla Terapiya, Pediatriya, Doğum şöbələri, eləcə də Stomatoloji kabinet və Peyvənd otağı fəaliyyət göstərir: «Ötən il ərzində ümumilikdə 306 nəfər stasionar xəstəmiz olub ki, onlardan da 180-i Terapiya, 110-u Pediatriya, 16-sı Doğum şöbəsinin payına düşür. Bu gün isə 7 nəfər xəstəmiz var».
İnzibati otaqları və palataları bir-bir nəzərdən keçiririk. Avadanlıqların əksəriyyəti köhnə olsa da, yaradılmış təmizlik, nizam-intizam, eləcə də şöbələrdə dərman ehtiyatının bolluğu nikbin əhval-ruhiyyə doğurur. Bu arada baş həkim sözünə davam edir: «Etiraf edim ki, əvvəllər dərman baxımından müəyyən çətinliklərimiz olurdu. Amma son vaxtlar bu problemlə üzləşmirik. Nə lazım olsa, tələbnamə yazıb, Mərkəzi Xəstəxanadan alırıq».
Söhbət əsnasında onu da öyrənirik ki, sözügedən tibb ocağı ətraf kəndlərlə birlikdə təxminən 13 min nəfər əhaliyə xidmət edir. Buna baxmayaraq, xəstəxananın təcili tibbi yardım maşını yoxdur. Bu isə, müsahibimizin dili ilə desək, çətinlik yaradır.
Alabaşlıda maraqlı bir faktla da qarşılaşdıq. Belə ki, indiyədək araşdırma apardığımız əksər kənd xəstəxanalarından fərqli olaraq, burada qida bloku fəaliyyət göstərir. Daha dəqiq desək, bu məqsədlə iki balaca otaq ayrılıb. Birindən mətbəx, digərindən isə ərzaq anbarı kimi istifadə olunur.
Əvvəlcə mətbəxə baxdıq. Aşpaz Zülfiyyə Məmmədova və onun köməkçisi Sevda Məmmədova həmin gün 7 nəfər xəstəyə səhər yeməyində və naharda təsdiqlənmiş menyuya əsasən yeməklərin verildiyini bildirdilər. Şam yeməyi isə biz mətbəxdə olarkən hazırlanırdı. Mətbəxin işçilərinin «Şəxsi Tibbi Kitabça»larına baxmağı da unutmadıq – onlar hər ikisi tibbi müayinədən keçmişdilər.
Daha sonra ərzaq ehtiyatı ilə maraqlandıq. Məlum oldu ki, bu baxımdan heç də kasadlıq deyil. Soyuducuda və vitrinlərdə xeyli məhsul var idi.
Və nəhayət, xəstələrlə görüşüb, onların fikirlərini öyrəndik. Müsahiblərimiz tibbi xidmətdən razı qaldıqlarını, həkimlərin onların sağlamlığı üçün əllərindən gələni etdiklərini və heç nədən narazı olmadıqlarını bildirdilər.
Sanitar-gigiyenik vəziyyətə gəldikdə isə, ümumi şəraitsizliyə baxmayaraq, bütün otaqlarda təmizlik nəzərə çarpırdı. O ki qaldı sterilizasiya məsələsinə, bizə təqdim olunan müvafiq aktlar da təsdiq edirdi ki, burada birdəfəlik tibbi ləvazimatlardan istifadə olunur və tullantılar qaydalara uyğun zərərsizləşdirilir.
Beləcə daha bir araşdırmamızın sonuna gəldik. Həm Şəmkir MRX-nı, həm də Alabaşlı Kənd Sahə Xəstəxanasını tezliklə yeni binada görmək arzusu ilə yazımıza nöqtə qoyuruq.
Q.NURİYEV
№03-04 28 fevral 2015-ci il