Şagirdlərə vaxtı keçmiş məhsullar satılır!
«Tibb qəzeti»nin məktəblərdə fəaliyyət göstərən tibb məntəqələri və bufetlərin fəaliyyəti ilə bağlı müntəzəm olaraq apardığı araşdırmalar qəbilindən bu dəfə daha iki təhsil ocağının timsalında «Şagirdlərin sağlamlığına necə qayğı göstərilir? Onların qidalanması düzgün təşkil olunubmu?» suallarına cavab axtardıq. Görək, Nəsimi rayonunda fəaliyyət göstərən 54 nömrəli orta məktəbdə və Nərimanov rayonundakı «Ankara Məktəbi» məktəb-liseyində bu baxımdan vəziyyət necədir?
Nəsimi rayonu 54 nömrəli orta məktəb
Biz araşdırma obyektimizə çatanda saat 9:00 idi. Dərs vaxtı olduğundan həyətdə heç kim gözə dəymirdi. Vəziyyəti belə görüncə, məktəbin qarşısındakı qarı təmizləməklə məşğul olan orta yaşlı kişiyə yaxınlaşıb, onunla hal-əhval tutduq. Şagirdlərin dəcəllik edərək onun təmizlədiyi yerlə yox, qarın, buzun üstü ilə hərəkət etdiklərindən gileylənən müsahibimiz elə söhbət arası bildirdi ki, həmin gün (yəni fevralın 23-də) səhər tezdən müəllimlərdən biri dərsə gələrkən məktəbin lap yaxınlığında ayağı sürüşərək yıxılıb və ciddi zədələnib.
Həmsöhbətimizin bu sözlərindən təbii olaraq ortaya bir sual çıxdı ki, görəsən, məktəbin tibb işçiləri həmin müəllimə lazımi ilkin tibbi yardımı göstəriblərmi? Sualımızı birbaşa tibb işçilərinin özlərinə vermək üçün içəri daxil olduq. Və elə qapıçı ilə söhbət əsnasında məlum oldu ki, zədələnmiş müəllimə yardım göstərmək bir yana qalsın, tibb işçiləri hələ heç işə gəlməyiblər.
Vəziyyəti aydınlaşdırmaq üçün məktəbin direktoru Sahibə Abbasovaya müraciət etdik. Məntəqənin işçilərinin hələ işdə olmadığını deyən direktor tibb bacısına zəng vuraraq məktəbə gəlməsini bildirdi. Onu gözlədiyimiz müddətdə tibb işçilərinin hər zaman postda olması zərurəti, xüsusilə də yerin sürüşkən olduğu vaxtlarda şagirdlərin yıxılma ehtimalını nəzərə alaraq bunun əhəmiyyətinin daha da artması barədə söhbətimiz əsnasında bir qədər əvvəl eşitdiyimiz faktı direktor özü də təsdiq elədi: «Bu gün səhər müəllimlərimizdən biri sürüşüb yıxılıb, qabırğası sınıb». Tibb işçilərindən heç kim məktəbdə olmadığı üçün həmin müəllimə ilkin tibbi yardım göstərilib-göstərilmədiyi haqqında sual vermək, əlbəttə ki, yersiz olardı…
Və nəhayət saat 10:15-də tibb bacısı gəlib çıxdı. Onunla birlikdə üz tutduq məntəqəyə.
Əvvəlcə onu qeyd edək ki, məktəb əsaslı təmir olunduğu üçün Tibb Məntəqəsində də şərait yüksək səviyyədədir. Doğrudur, avadanlıqların bəziləri köhnədir. Amma tərəzi və dərman şkafından başqa, hər şey var. Bir sözlə, burada lazımi şərait yaradılıb.
Nəsimi rayonu 12 nömrəli Uşaq Poliklinikasının tabeliyində olan bu Tibb Məntəqəsində iki nəfər işləyir: həkim-pediatr Təranə Məmmədova və tibb bacısı Lalə Abasova. Onların iş qrafiki ilə tanış olmaq üçün sözügedən poliklinikanın rəhbəri tərəfindən təsdiq edilmiş müvafiq sənədə baxmaq istəsək də, bu istəyimiz alınmadı. Təsdiqlənmiş qrafikin olmadığını bildirən tibb bacısı şifahi olaraq iş rejimini belə izah elədi: «Bu gün həkimin iş günü deyil. O, həftənin III və IV günləri saat 9:00-dan 14:30-dək, mən isə hər gün saat 8:00-dan 17:30-a qədər işdə oluram». Bu sözlərdən sonra həmin gün işə 2 saat 15 dəqiqə gecikdiyini xatırladanda müsahibimiz «həkimə getmişdim», - dedi. Və daha bir məsələni tibb bacısının diqqətinə çatdırdıq: «Eşitdik ki, bu gün səhər tezdən müəllimlərdən biri yıxılıb, ciddi zədə alıb. Amma ilkin tibbi yardım göstərmək üçün məktəbdə nə həkim olub, nə də tibb bacısı». Deməyə söz tapmayan L.Abasova susdu…
Ədalət naminə bir məqamı da qeyd edək ki, müəllim məktəbin həyətindən bir neçə metr aralıda yıxılıb və, ola bilsin ki, xidmət ərazisinə daxil olmadığı üçün ona yardım göstərmək məntəqənin tibb personalının vəzifəsi deyildi. Amma həmin vaxt onların işdə olması və, necə deyərlər, məktəbin iki addımlığında yıxılıb qabırğası sınmış müəllimə – öz iş yoldaşlarına ilkin tibbi yardım göstərməsi daha doğru olmazdımı?
Bu arada xüsusi şkaf olmadığı üçün stolun üstünə yığılmış dərmanlara yaxınlaşıb, onları nəzərdən keçirdik. Az da olsa, burada lazımi preparatlar var idi, hamısı da istifadəyə yararlı.
Daha sonra il ərzində görülən işlərlə maraqlanmaq üçün müvafiq jurnallara, sənədlərə baxdıq. Və bir sıra nöqsanlara rast gəldik. Məlum oldu ki, «Ambulator», «Sanitar gigiyena» və «Bufetçinin sağlamlığı» jurnallarında sonuncu dəfə dörd ay bundan əvvəl – 13 oktyabr 2014-cü ildə, «Qida blokuna nəzarət» jurnalında iki ay öncə – 24 dekabr 2014-cü ildə qeyd aparılıb. «İş planı» isə ümumiyyətlə yoxdur. Bunun səbəbi barədə sualımızı isə tibb bacısı yenə də sükutla qarşıladı…
Nəhayət, üz tutduq məktəbin bufetinə. Doğrudur, bufet öz şəraiti, səliqə-sahmanı ilə göz oxşayır. Amma bufetçi Mahirə Quliyeva şagirdlərə şəxsi gigiyena qaydalarına riayət etmədən – əlcəksiz və qalpaqsız xidmət edirdi. Bundan əlavə, bufetdə köməkçi qismində kənar şəxs də işləyirdi, özü də adi geyimdə! Bufetçi tibbi müayinədən keçsə də, həmin şəxsin kimliyi və sağlamlığı sual altında qaldı.
Ancaq nöqsanlar tək bununla məhdudlaşmırdı. «Doyuran» şirkətinin ərzaqla təmin etdiyi bufetdə məhsulların əksəriyyətinin uyğunluq və gigiyenik sertifikatlarının vaxtı keçmişdi. Vitrinə qoyulmuş, necə deyərlər, bufetçinin əlinin altında olan ərzaqları nəzərdən keçirməyimiz isə daha bir acınacaqlı faktı ortaya qoydu: məlum oldu ki, burada şagirdlərə istifadə müddəti bitmiş məhsullar satılır. Vitrində 6 ədəd vaxtı keçmiş 200 millilitrlik «Milla ayran»ın olması da buna əyani sübut idi. Bu fakt qarşısında heç bir söz tapmayan bufetçi «bunların şəklini çəkməyin, yazmayın» deməklə kifayətləndi…
Beləcə, Nəsimi rayonu 54 nömrəli məktəbdə araşdarmamızı tamamlayıb, üz tutduq başqa bir təhsil ocağına.
Nərimanov rayonu «Ankara Məktəbi» məktəb-liseyi
«Ankara Məktəbi» məktəb-liseyinə saat 11:30-da baş çəkdik. Bizi öncə həyətin giriş qapısındakı gözətçi qarşıladı. O, gəlişimizin məqsədini öyrənib, daxili telefonla bu barədə rəhbərliyə məlumat verəndə direktor bildirdi ki, indi məktəbdə nə həkim var, nə də tibb bacısı: “Hər ikisinə icazə vermişəm”. Maraqlıdır, poliklinikanın tabeliyində olan tibb məntəqəsinin işçilərinə məktəb direktorunun birbaşa icazə verməsi nə dərəcədə doğrudur? Bu sualı cavablandırmağı həmin tibb məntəqəsinin tabe olduğu poliklinikanın baş həkiminin ixtiyarına buraxıb, keçək digər mətləblərə…
Bizi nəinki məktəbə, heç həyətə də buraxmadılar. Vəziyyəti belə görüb, əvvəlcə aydınlaşdırdıq ki, sözügedən məktəbdəki tibb məntəqəsi Nərimanov rayonu 6 nömrəli Uşaq Poliklinikasının tabeliyindədir. Həmin poliklinikanın baş həkimi Rauf Mahmudovla əlaqə saxlayıb, yaranmış vəziyyət barədə ona məlumat verdik. Elə indicə məsələyə aydınlıq gətirəcəyini söyləyən baş həkim təxminən 5 dəqiqədən sonra bizə zəng edərək bunları dedi: «Onlara direktor iki saatlıq icazə verib, gözləyin gələcəklər». Beləcə, gözləməkdən başqa çarəmiz qalmadı…
Qeyd edək ki, tibb işçilərini gözlədiyimiz müddətdə həyətə daxil ola bilməsək də, içəri girib-çıxan şagirdlərlə söhbət eləyib, onların fikirlərini öyrəndik. Təxminən eyni sözləri deyən müsahiblərimiz məktəbdə Tibb Məntəqəsinin fəaliyyət göstərdiyini, lakin həkimin və tibb bacısının çox az-az gözə dəydiklərini bildirdilər.
Və nəhayət saat 12-də tibb bacısı gəlib çıxdı. Onunla birlikdə yön aldıq araşdırma obyektimizə.
Əvvəla, onu deyək ki, Tibb Məntəqəsi darısqal bir otaqda yerləşsə də, şərait normal səviyyədədir. Avadanlıq baxımından da heç bir çatışmazlıq yoxdur.
Daha sonra təsdiq olunmuş iş qrafikinə baxdıq. Məlum oldu ki, bu məntəqədə iki nəfər işləyir. Həkim-pediatr Şəfəq Novruzova həftənin I, III və V günləri saat 8:00-dan 14:00-a qədər, tibb bacısı Səmayə Binyətova isə hər gün səhər saat 9:00-dan 18:00-a qədər işdə olmalıdır. Qrafikə əsasən həmin gün (23 fevral) hər ikisi işdə olmalı ikən, heç birinin olmaması barədə sualımıza cavab olaraq isə tibb bacısı «direktordan icazə almışıq», - dedi. Amma yerin qarlı, buzlu, sürüşkən, yəni şagirdlərin yıxılıb zədələnmək riskinin yüksək olduğu bir vaxtda tibb işçilərindən heç birinin məktəbdə olmaması nə dərəcədə doğrudur?..
Saat 12:15-də həkim-pediatr da gəlib çıxdı. Və o da işdə olmaması ilə bağlı eyni izahı verdi: «Direktordan icazə almışdım»…
Şkafa yaxınlaşıb, dava-dərmanı gözdən keçirdik. Burada xeyli preparat var idi. Hamısı da istifadəyə yararlı. Tibb bacısı bildirdi ki, bu baxımdan çətinlik yoxdur. Onun sözlərinə görə, dərs ili boyunca nə lazım olsa, tələbnamə əsasında poliklinikadan götürülür.
Daha sonra jurnalları, sənədləri vərəqlədik. Doğrudur, bizə təqdim olunan jurnalların hamısı qaydasında idi, amma onların arasında «Qida blokuna nəzarət» və «Bufetçinin sağlamlığı» jurnalları gözümüzə dəymədi. Səbəbini soruşduqda isə həkim bunları dedi: «Bufetə biz baxmırıq. Direktor deyib ki, sizin bufetlə işiniz yoxdur, oraya özüm nəzarət edəcəyəm. Ona görə də biz orada yalnız təmizliyə nəzarət edirik və «Sanitariya jurnalı»nda bu barədə qeyd aparırıq». Maraqlıdır, doğrudanmı direktor müvafiq qayda-qanuna zidd olaraq tibb işçilərinin səlahiyyətinə məhdudiyyət qoyub? Yoxsa tibb işçiləri məsuliyyətdən yaxa qurtarmaq üçün belə deyirlər?
Bu və digər suallara aydınlıq gətirmək üçün həkimlə birlikdə üz tutduq bufetə. Burada da şərait normal səviyyədədir. Lazımi avadanlıqlarla təminatı da qənaətbəxş hesab eləmək olar. Amma əsas məsələlərə gəldikdə, vəziyyət heç də ürəkaçan deyil. Daha konkret desək, tibb işçilərinin bufetə nəzarət etmədikləri ev şəraitində hazırlanıb sellofan paketlərə yığılaraq, vitrində satışa qoyulmuş yarımfabrikat xəngəldən görünürdü. Evdə hazırlanması bir yana, heç məktəbdə də qurudulmuş çiy xəngəl satarlar?!
Hələ bu harasıdır? Nöqsanları biz sayaq, siz dinləyin: Bufetçi Xədicə Abdullayeva kolbasanı da, çörəyi də eyni bıçaqla, eyni taxta üzərində kəsib-doğrayır. Özü də əlcəksiz! «Gənclik İaşə Birliyi»nin ərzaqla təmin elədiyi bu bufetdə cəmi bir-ikisi istisna olmaqla, bütün məhsulların uyğunluq və gigiyenik sertifikatlarının da vaxtı keçib. Bu da son deyil! Ən acınacaqlısı odur ki, şagirdlərə istifadə müddəti bitmiş məhsullar satılır – vitrindəki ərzaqlara baxarkən, ümumilikdə 15 ədəd vaxtı keçmiş vafli və ruletə rast gəldik. Görəsən, şagirdlər bu ərzaqlardan zəhərlənsələr, bunun məsuliyyətini kim daşıyacaq?
Vəziyyəti belə görən bufetçi bundan sonra diqqətli olacağını və bütün nöqsanları tezliklə aradan qaldıracağını bildirdi. Bizi müşayiət edən həkim isə yenə eyni sözləri təkrarladı: «Biz nə eləyək, vallah? Direktor deyib ki, siz bufetdə yalnız təmizliyə baxın, qalan şeylərə özüm nəzarət edəcəyəm».
Və sonda «Direktor doğrudanmı tibb işçilərinin bufetə nəzarət etməsinə icazə vermir?» sualına cavab almaq üçün həkim-pediatr Şəfəq Novruzova ilə birlikdə üz tutduq məktəbin direktoru Səmayə Eynullayevanın kabinetinə.
«Yəqin bilirsiniz ki, tibb işçiləri məktəbin bufetinə nəzarət etməlidirlər. Gərək bu məsələdə onlara heç kim mane olmasın. Nəzarətsizliyin nəticəsidir ki, sizin məktəbin bufetində şagirdlərə vaxtı keçmiş məhsullar satılır» sözlərimizi eşidən direktor olduqca qısa və konkret danışdı: «Tibb işçilərinə kim mane olur ki? Əlbəttə, bufetə nəzarət eləməlidirlər. Mən direktoram, gedib bufetə mən baxası deyiləm ki? Hər kəs öz işini görməlidir». Bayaqdan bəri «Direktor bizə icazə vermir» deyən həkim-pediatr isə onun bu sözlərini eşidəndə susdu.
Biz isə araşdırmamızı yekunlaşdırıb, «Ankara Məktəbi» məktəb-liseydən ayrıldıq.
Göründüyü kimi, hər iki məktəbin tibb məntəqəsində və bufetində ciddi nöqsanlar var. Əlbəttə, bu məsələdə həmin təhsil ocaqlarının direktorlarından tutmuş tibb işçilərinə, sözügedən bufetləri ərzaqla təmin edən şirkətlərin rəhbərlərindən başlamış bufetçilərə qədər hər kəsin, həmçinin Nəsimi və Nərimanov rayon Gigiyena və Epidemiologiya Mərkəzlərinin mütəxəssislərinin də günahı var. Amma ən böyük məsuliyyət həmin məktəblərdə fəaliyyət göstərən tibb məntəqələrinin tabe olduğu Nəsimi rayonu 12 nömrəli Uşaq Poliklinikasının və Nərimanov rayonu 6 nömrəli Uşaq Poliklinikasının baş həkimlərinin üzərinə düşür.
Qeyd edək ki, adətən belə hallarla qarşılaşanda poliklinikaların baş həkimləri ilə əlaqə saxlayıb, problemlərin nədən qaynaqlandığı ilə maraqlanaraq, araşdırmamızda onların da mövqeyini veririk. Amma təcrübə göstərir ki, onlar «nöqsanlar tezliklə aradan qaldırılacaq» deməklə öz işlərini bitmiş hesab eləyirlər. Elə adı çəkilən poliklinikaların rəhbərləri də bundan əvvəlki araşdırmalarımızda onlara tabe olan məktəb tibb məntəqələri ilə əlaqədar belə vədlər veriblər. Ancaq bu vədlər hər dəfə konkret məktəblə məhdudlaşmamalıdır axı. Bir tibb məntəqəsində, yaxud bufetdə çatışmazlıq aşkarlanıbsa, belə halların başqa məntəqələrdə, bufetlərdə olmaması üçün tədbirlər görülməlidir. Buna görə bu dəfə baş həkimlərə müraciət etmədik, ancaq hər iki poliklinikanın rəhbərliyinin, eləcə də adını çəkdiyimiz digər qurumların məsul şəxslərinin araşdırmamızda qeyd olunan nöqsan və çatışmazlıqların səbəbi, onların aradan qaldırılması üçün hansı tədbirlərin görüldüyü ilə bağlı mövqeyini «Tibb qəzeti»ndə dərc etməyə hazırıq.
Q.NURİYEV
№03-04 28 fevral 2015-ci il