Nöqsan olar, amma bu qədər də yox!
Orta ümumtəhsil məktəblərində fəaliyyət göstərən tibb məntəqələri və bufetlərin öz funksiyalarını lazımi səviyyədə, müvafiq tələblərə uyğun yerinə yetirib-yetirmədiklərinə aydınlıq gətirmək məqsədi ilə 2012-ci ilin əvvəlindən etibarən apardığımız araşdırmaların təhlili son vaxtlar bu istiqamətdə xeyli irəliləyiş əldə olunduğunu göstərir. Belə ki, bir neçə il bundan əvvəl ilə müqayisədə indi ciddi problemlərin hökm sürdüyü tibb məntəqəsi və bufetlərə nadir hallarda rast gəlirik. Amma bu dəfə qapısını döydüyümüz məktəblərin – Sabunçu rayonu 169 nömrəli və Qaradağ rayonu 228 nömrəli məktəblərin timsalında bəlli oldu ki, mövzu öz aktuallığını, təəssüf ki, hələ itirməyib…
Sabunçu rayonu 169 nömrəli orta məktəb
169 nömrəli məktəbə çatanda saatın əqrəbləri 9.20-ni göstərirdi. Ənənəmizə uyğun olaraq, əvvəlcə həyətdə şagirdlərlə söhbət eləyib, bu təhsil ocağında fəaliyyət göstərən tibb məntəqəsi barədə onların fikirlərini öyrəndik. Müsahiblərimizdən biri bildirdi ki, məntəqə hər gün səhər saatlarında açılır, amma təxminən 3-cü dərsdən sonra tibb işçilərindən heç biri postda olmur: «Bu müddət ərzində ehtiyac yaransa, hər kəsə lazımi tibbi yardım göstərirlər. Amma onlar burada olmayan vaxt nəsə bir hadisə baş verəndə müəllimlərə və yaxud valideynlərimizə müraciət etməli oluruq». Qeyd edək ki, digər həmsöhbətlərimiz də eyni fikirləri söyləyərək, hər gün təxminən saat 11-dən sonra tibb işçilərinin işdə olmamasından gileyləndilər.
Həyətdəki sorğumuzu tamamladıqdan sonra üz tutduq tibb məntəqəsinə. Biz içəri daxil olanda bir nəfər ağxalatlı qadın çarpayıya uzanmış şagirdə tibbi yardım göstərməklə məşğul idi. Öyrəndik ki, bu, tibb bacısı Nuriyyə Əliyeva, onun yardım göstərdiyi isə üzü divara dəyib zədələnən V sinif şagirdi Ləman İbrahimovadır. Gəlişimizin məqsədi barədə tibb bacısına məlumat verdikdən sonra ümumi vəziyyətlə maraqlandıq.
Öncə məntəqədə çalışan tibbi heyətin iş qrafikini nəzərdən keçirmək istədik. Amma məlum oldu ki, poliklinika tərəfindən təsdiq olunmuş rəsmi iş qrafiki yoxdur. Ona görə də tibb bacısının şifahi dediklərini dinləyəsi olduq: «Məntəqə Sabunçu rayonu 12 nömrəli Uşaq Poliklinikasının tabeliyindədir. Burada iki nəfər işləyirik. Həkim-pediatr Aynurə Abdullayeva həftənin I və III günləri saat 10-dan günorta 1-ə qədər, mən isə hər gün saat 9-dan 11-dək işdə oluram». Rəsmi iş qrafikinin olmaması bir yana dursun, tibb bacısının şifahi dedikləri də bizi təəccübləndirdi. Məsələ burasındadır ki, məktəbdə dərslər səhər saat 8.00-da başlayıb 15.00-dək davam edir. Bu isə o deməkdir ki, həftə boyu hər gün səhər saat 8.00-dan 9.00-a qədər və saat 11.00-dan dərslər qurtaranadək məntəqədə heç kim olmur. Bu başdansovdu qrafikdən isə maraqlı bir sual doğur: görəsən, bir qədər əvvəl adını çəkdiyimiz şagirdin üzü həmin vaxt yox, səhər saat 8-də və yaxud 12 radələrində zədələnsəydi, ona kim tibbi yardım göstərəcəkdi? Əlbəttə, bu sualla elə yerindəcə tibb bacısına müraciət elədik. Amma o, necə deyərlər, çiyinlərini çəkməklə kifayətləndi.
Söhbət edə-edə otağı gözdən keçiririk. Qeyd edək ki, şərait baxımından vəziyyət heç də pis deyil. Cari təmir işləri aparılıb, stol, stul və şkaflar yenilənib. Çarpayı, dərman şkafı və digər avadanlıqlar isə köhnədir. Bu arada baş tərəfdə qoyulmuş dərman şkafına yaxınlaşdıq və oradakı preparatları gözdən keçirdik. Məlum oldu ki, yodun və brilyant yaşılının istifadə müddəti bitib.
Sonra il ərzində görülmüş işləri nəzərdən keçirmək üçün müvafiq jurnallara baxdıq. Doğrudur, bütün jurnallar öz qaydasında idi: lazımi işlər vaxtlı-vaxtında görülmüş və bu barədə qeydiyyat aparılmışdı. Amma bir qədər sonra məktəbin bufetinə baxış keçirərkən məlum oldu ki, jurnallardakı nizam-intizamla əsl reallıq bir-birinə uyğun gəlmir. Belə ki, tibb bacısı «Qida blokuna nəzarət» jurnalında həmin gün bufetdə hər şeyin öz qaydasında olduğunu qeyd eləsə də, burada xeyli çatışmazlıqlar var idi. Məsələn, biz içəri girəndə bufetçi əlcəksiz – açıq əllə kolbasa, çörək, xiyar və pomidor doğramaqla məşğul idi. Hamısını da eyni taxtada və eyni bıçaqla. Halbuki sanitar-gigiyena qaydalarına uyğun olaraq, onlar başqa-başqa taxtalarda və ayrı-ayrı bıçaqlarla doğranmalıdır. Hələ bu harasıdır? Məlum oldu ki, bufetçi Zemfira Babayeva tibbi müayinədən də keçməyib. Əslində isə, obliqat qrupa aid olan bufetçinin 6 aydan bir tibbi müayinədən keçməsi zəruridir.
«KRM Group» MMC-nin tabeliyində olan bu bufetdə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dovlət Komitəsi tərəfindən məktəblərdə satışına qadağa qoyulmuş məhsullara da rast gəldik – vitrinlərdə kəskin acılı ketçupla hazırlanmış «suxari»lər var idi. Bufetdə qarşılaşdığımız daha bir acınacaqlı fakt burada satılan məhsulların əksəriyyətinin gigiyenik və uyğunluq sertifikatının olmaması idi. Bir çox ərzaqlara verilmiş analoji sənədlərin isə çoxdan vaxtı bitmişdi. Bir sözlə, bufetdəki vəziyyət təsdiq edirdi ki, tibb bacısının «Qida blokuna nəzarət jurnalı»nda apardığı gündəlik qeydlər əslində formal xarakter daşıyır. Yəni o, bufetdəki real vəziyyəti nəzərdən keçirmədən öz otağında oturub jurnalda qeyd aparır.
Ertəsi gün 169 nömrəli məktəbin tibb məntəqəsi və bufetində hökm sürən çatışmazlıqların nədən qaynaqlandığını öyrənmək üçün Sabunçu rayonu 12 nömrəli Uşaq Poliklinikasının baş həkimi Rəna Qurbanovaya müraciət elədik. Bununla əlaqədar redaksiyamıza təşrif buyuran baş həkim qrafik üzrə tibb bacısının hər gün səhər saat 8.00-dan 11.00-dək, həkimin isə həftədə yalnız iki gün saat 10.00-dan 13.00-a qədər məntəqədə olmaqlarını kadr çatışmazlığı ilə əlaqədar onların hər ikisinin 0,25 ştat işləməkləri ilə izah etdi. Digər nöqsan və çatışmazlıqların isə orada çalışan tibbi işçilərinin məsuliyyətsizliyindən irəli gəldiyini deyən müsahibimiz araşdırmamızdan sonra 19 aprel 2014-cü il tarixli 115 nömrəli əmrlə işdə yol verdikləri nöqsanlara görə həm həkimə, həm də tibb bacısına töhmət elan olunduğunu bildirdi.
Qaradağ rayonu 228 nömrəli orta məktəb
Sahil qəsəbəsində yerləşən 228 nömrəli məktəbə də səhər saatlarında baş çəkdik. Biz araşdırma obyektimizə çatanda əqrəblər 9.30-u göstərirdi. Ənənəmizi burada da pozmadıq: İçəri girməzdən əvvəl həyətdə şagirdlərlə söhbət edib, bu təhsil ocağındakı tibb məntəqəsi barədə onların fikirlərini öyrəndik. Qeyd edək ki, şagirdlərdən biri bir hadisə baş verdikdə dərhal tibb məntəqəsinə müraciət etdiklərini və tibb bacısının ilkin yardım göstərdiyini dedi. Digər bir müsahibimiz isə fərqli fikir söylədi. O bildirdi ki, bir neçə gün əvvəl sinif yoldaşının başı bərk ağrıdığı üçün onu tibb məntəqəsinə aparsalar da, tibb bacılarından heç biri işdə olmayıb.
Daha sonra məktəbə daxil olub, üz tutduq tibb məntəqəsinə. Biz içəri keçən zaman masa arxasında bir nəfər əyləşmişdi. Öyrəndik ki, o, tibb bacısı Nəzakət Təhməzovadır. Apardığımız araşdırmanın məqsədi barədə ona məlumat verdikdən sonra, məntəqəyə baxış keçirdik.
Burada şərait baxımından vəziyyət normaldır. Otaq səliqə-sahmanlı olmaqla yanaşı, bir çox avadanlıqlar da təzəliyi ilə diqqəti cəlb edir.
Tibb bacısı ilə söhbət əsnasında öyrəndik ki, bu məntəqə 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının Poliklinika şöbəsinin tabeliyindədir. Burada çalışan tibbi heyətin iş qrafiki ilə maraqlandıq. Amma müsahibimizdən aldığımız cavab bizi məyus elədi: «Burada 2 nəfər işləyirik. Amma bizə təsdiq olunmuş iş qrafiki verməyiblər. Bu barədə ancaq şifahi məlumat verə bilərəm. Mən və digər tibb bacısı Fatma Hacıyeva hər gün səhər saat 9.00-dan dərslər qurtarana qədər burada oluruq». Soruşuruq: «Bəs digər tibb bacısı niyə iş vaxtı işdə yoxdur?» Müsahibimiz hannan-hana «Bilmirəm» deyir. “Bəs, dərslər başlayandan saat 9-a qədər şagirdlərdən və ya müəllimlərdən kiminsə tibbi yardıma ehtiyacı olsa?” sualımıza da eyni cavabı alırıq.
Bu arada dərman şkafına yaxınlaşırıq. Burada çox da olmasa, hər halda müəyyən qədər preparat var. Bir-bir baxırıq. Antiseptik tibbi məhlulun, ammiakın və hidrogen peroksidin istifadə müddəti bitib.
Sonra müvafiq sənədləri, jurnalları gözdən keçiririk. Və daha bir neçə ciddi nöqsanla qarşılaşırıq. İlk növbədə qeyd edək ki, bu məntəqədə şagirdlərə göstərilən ilkin tibbi yardımın qeydiyyat kitabı – «Ambulator jurnal» yoxdur.
Bu dəfə «Qida blokunə nəzarət» və «Bufetçinin sağlamlığı» jurnallarını vərəqləyirik. Birinci jurnalda bütün qeydlər necə lazımdır aparılıb və bufetdə hər şeyin öz qaydasında olduğu göstərilib. İkinci jurnalda rast gəldiyimiz fakt isə gülməli idi. Daha doğrusu, gülməli olardı, əgər belə acınacaqlı olmasaydı: Tibb bacısı sözügedən jurnalda növbəti günlər üçün nəzərdə tutulmuş qrafalarda da bufetçinin «sağlam» olduğunu qeyd eləmişdi. Bu isə bufetçinin bir neçə gün bundan sonra da mütləq sağlam olacağına hökm verən tibb bacısının sənədlərə formal, başdangetdi, məsuliyyətsiz yanaşmağının bariz nümunəsi idi.
Daha sonra «Sanitar gigiyena» jurnalına baxırıq. Məlum olur ki, bu məntəqə cəmisi iki ay bundan əvvəl Qaradağ Rayon Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) mütəxəssisləri tərəfindən də ciddi tənqid və tənbeh edilib. GEM-in əməkdaşlarının 11 fevral 2014-cü il tarixində bu məntəqəyə baxış keçirdikdən sonra həmin jurnala yazdıqları tənqid dolu aktdan yalnız bir məqamı təqdim edirik: «Tibb kabinetində vaxtı keçmiş dərmanlar aşkar edildi. Dərman şkafı təmizlənməyib, tozludur. Tibb bacısı tibbi xidmətin təşkili üzrə çalışmaq əvəzinə, iş zamanı toxuculuq edir, bu səbəbdən tibb otağında heç bir səliqə-sahman yoxdur. Tibb otağında fənn müəllimi tərəfindən şagird hazırlanırdı» və sair və ilaxır… Onu da öyrəndik ki, GEM-in həmin yoxlamasından sonra işdə yol verdiyi ciddi nöqsanlara görə tibb bacısı Nəzakət Təhməzovaya cərimə protokolu da yazılıb. Bu isə onu göstərir ki, sözügedən məntəqədə təkcə indi yox, elə bizdən əvvəl də vəziyyət belə acınacaqlı olub.
Nəhayət «Qida blokuna nəzarət» və «Bufetçinin sağlamlığı» jurnallarını götürüb, tibb bacısının müşayiəti ilə məktəbin bufetinə də baxış keçirdik. Doğrudur, bufet bizdə olduqca xoş təəssürat yaratdı: Burada işləyən Zemfira Kərimova tibbi müayinədən keçmişdi, həm də qaydalara uyğun olaraq xüsusi formada idi. Üstəlik, bufet təmirli və səliqə-sahmanlı idi. Burada məktəb bufetlərində satışı qadağan olunmuş məhsullara da rast gəlmədik. Amma onu da qeyd edək ki, ərzaqların heç birinin gigiyenik və uyğunluq sertifikatı yox idi. Səbəbini soruşduqda isə tibb bacısı susmağa üstünlük verdi. Bufetçi isə onları ərzaqla təmin edən şirkəti – «KRM Group» MMC-ni günahlandırdı.
Redaksiyaya qayıtdıqdan sonra 228 nömrəli məktəbdə qarşılaşdığımız vəziyyətin səbəbinə aydınlıq gətirmək üçün əvvəlcə 23 nömrəli Birləşmiş Şəhər Xəstəxanasının baş həkimi Rəsul Baxşəliyevlə əlaqə saxladıq. Lakin müsahibimiz «Məktəbdəki məntəqədə nə dərman olur ki, nə də vaxtı keçə?» deyərək, suallarımızı rəhbərlik elədiyi xəstəxananın Poliklinika şöbəsinin müdiri Ceyhun Yusifova ünvanlamağımızı məsləhət gördü.
Bu dəfə müraciət etdiyimiz C.Yusifov isə sözügedən məktəbdə apardığımız araşdırmadan və aşkarlanan nöqsanlardan xəbərdar olduğunu dedi, vəziyyətin belə bərbad olmasını orada çalışan tibb bacılarının öz işlərinə məsuliyyətsiz yanaşmasında gördü. Və bildirdi ki, qeyd olunan çatışmazlıqlar tezliklə aradan qaldırılacaq.
Daha sonra bu yazıda söhbət açdığımız hər iki məktəbin bufetini ərzaqla təmin edən «KRM Group» MMC-nin direktor müavini Ehtiram Qasımovla əlaqə saxlayıb, Sabunçu rayonundakı 169 nömrəli məktəbin bufetində ərzaqların bir çoxunun gigiyenik və uyğunduq sertifikatlarının olmamasının, bəzi məhsulların isə vaxtı keçmiş sənədlər əsasında satılmasının, eləcə də Qaradağ rayonu 228 nömrəli məktəbin bufetindəki ərzaqların heç birinin müvafiq sənədlərinin olmamasının səbəbi ilə maraqlandıq. Sadaladığımız bütün iradlarla razılaşdığını deyən müsahibimiz təmsil etdiyi şirkətin bu sahədə yeni fəaliyyətə başladığını, çatışmazlıqların da bundan qaynaqlandığını söylədi, mövcud problemlərin elə araşdırmalarımızın ertəsi günü aradan qaldırıldığını bildirdi.
Əlbəttə, iş olan yerdə nöqsan da olar. Amma haqqında danışdığımız təhsil ocaqlarında aşkarladığımız çatışmazlıqlara bu nöqteyi-nəzərdən yanaşmaq sadəlövhlük olardı. Çünki bunlar birbaşa işə məsuliyyətsiz, laqeyd, biganə yanaşmadan doğan qüsurlardır. Özü də bir deyil, iki deyil... Bizə isə yalnız nöqsanların tezliklə aradan qaldırılmasını, aidiyyəti olan şəxslərin öz vəzifə borclarına daha məsuliyyətlə yanaşmasını arzulamaq qalır.
Q.NURİYEV
№7-8 29 aprel 2014-cü il