Qax – dörd il sonra bir də bax!

Qax – dörd il sonra bir də bax!
Nəhayət, ilin sonuna gəldik. «Tibb qəzeti»nin 2007-ci ildən bəri paytaxtda və müxtəlif bölgələrdə fəaliyyət göstərən xəstəxanalarda apardığı araşdırmalara əsasən deyə bilərik ki, ötən yeddi il ərzində səhiyyə sahəsində əldə olunan uğurlardan – həyata keçirilmiş fundamental islahatlardan, tibb ocaqlarının neçə illərdən qalma şərait və müasir tibbi avadanlaqlarla təminatı probleminin köklü şəkildə həllindən, eləcə də digər məsələlərdən istənilən qədər danışmaq olar. Konkret olaraq builki araşdırmaların yekunu kimi demək istərdik ki, əvvəlki illərlə müqayisədə indi şəraiti və təchizatı aşağı səviyyədə olan xəstəxanalara çox nadir hallarda rast gəlinir. İlk dövrlərdə üzləşdiyimiz bütün problemlər ildən-ilə aradan qaldırılır. Şübhəsizdir ki, bütün bunlar, ümumiyyətlə, bu gün səhiyyəmizin yaşamaqda olduğu çiçəklənmə dövrü Prezident İlham Əliyevin ölkə səhiyyəsinin inkişafına göstərdiyi böyük diqqət və qayğının, eləcə də Səhiyyə Nazirliyinin öz missiyasını layiqincə yerinə yetirməsinin məntiqi nəticəsidir.
Beləliklə, 2014-cü ilin son araşdırmasını təqdim edirik. Dörd illik fasilədən sonra yolumuz yenə Qax rayonunadır. Qeyd edək ki, 2010-cu ilin dekabr ayına təsadüf edən ilk araşdırmamız zamanı yalnız Qax Mərkəzi Rayon Xəstəxanası (MRX) haqqında söhbət açmışdıq. Bu dəfə isə oxucularımızı MRX ilə yanaşı, həm də Əlibəyli Kənd Sahə Xəstəxanasının vəziyyəti ilə tanış edəcəyik.

Qax Mərkəzi Rayon Xəstəxanası

Qabaqcadan qeyd edək ki, dörd il əvvəl Qax Mərkəzi Rayon Xəstəxanasına baxış keçirərkən heç bir nöqsana rast gəlməmişdik. O zaman artıq əsaslı şəkildə təmir olunaraq, həmin ilin mart ayında istifadəyə verilmiş xəstəxanada şərait gözəl idi. Söhbət elədiyimiz xəstələr və onların yaxınları da tibbi xidmətin səviyyəsindən razı qaldıqlarını bildirmişdilər. Bəs, dörd il sonra vəziyyət necədir?
Qax Mərkəzi Rayon Xəstəxanasına səhər saat 9:00-da çatdıq. Öncə onu qeyd edək ki, dörd il əvvəl olduğu kimi, elə indi də bu tibb ocağı özünün səliqəli və yaşıllıqla əhatələnən həyəti, əsaslı şəkildə təmir olunmuş korpusları ilə xoş təsir bağışlayır.
Ənənəmizə uyğun olaraq, əvvəlcə həyətdə bir qədər ayaq saxlayıb, xəstə yanına gəlib-gedənlərin bu tibb ocağı barədə fikirlərini öyrəndik. İlk yaxınlaşdığımız, bizim də xəstə yanına gəldiyimizi zənn edən cavan oğlan deyir ki, atası 6 gündür Terapiya şöbəsində yatır. Müsahibimiz bildirir ki, indiyədək həkimlər dava-dərman almaq üçün resept yazmayıblar, lazım olan bütün preparatlar xəstəxana tərəfindən verilir. Daha sonra xəstələrin yeməklə təminatı məsələsindən söz açırıq. Həmsöhbətimiz yenə razılıq edir: «Atam buraya gəldiyi gün biz ona evdən yemək gətirmişdik. Amma həkimlər, elə atam özü də dedi ki, yemək gətirməyə ehtiyac yoxdur, çünki burada xəstələrə yaxşı yemək verirlər».
Qeyd edək ki, gəlini Doğum şöbəsində olan yaşlı qadın, qardaşı Cərrahiyyə şöbəsində yatan orta yaşlı kişi də bizimlə söhbət əsnasında burada xəstələrə göstərilən xidmətdən razı qaldıqlarını bildirdilər.
Nəhayət, həyətdəki sorğumuzu tamamlayıb, üz tutduq xəstəxanaya. Baş həkim Tərlan Əhmədzadə xatırlatdı ki, Qax MRX 2010-cu ildə Səhiyyə Nazirliyi tərəfindən əsaslı təmir olunub və müasir tibbi avadanlıqlarla təchiz edilib.
Sonra Statistika şöbəsinin müdiri Hacıvəli Həmzəyevin müşayiəti ilə xəstəxanaya baxış keçirdik.
Əvvəlcə Qəbul şöbəsindəki vəziyyətlə maraqlandıq. Bura ilk növbədə öz gözəl şəraiti və lazımi avadanlıqlarla təminatı ilə diqqəti cəlb edirdi. Dərman şkafında xeyli preparat olmaqla yanaşı, Səhiyyə Nazirliyinin əmri ilə stasionar xəstələrin müalicəsində pulsuz istifadə olunması nəzərdə tutulan dərman vasitələrinin siyahısı da bir neçə yerdən asılmışdı. Hər gün səhər saat 9:00-dan 15:30-a qədər xəstələrin qəbulu ilə məşğul olan böyük tibb bacısı Liana Babiaşvili həmin vaxt postda idi. «Qəbul jurnalı»na da nəzər saldıq. Burada xəstələrin qəbulu, evə buraxılması, həmçinin digər vacib qeydlər vaxtında və dəqiq aparılmışdı.
Dilrubə Qabulovanın rəhbərlik elədiyi Kliniki laboratoriyada şərait yüksək səviyyədə idi, həm də nizam-intizam nəzərə çarpırdı. Reaktivlər soyuducuya yerləşdirilmişdi və hamısı istifadəyə yararlı idi. Tibbi tullantıların xüsusi təhlükəsizlik qutularına yığılması, onların qaydalar çərçivəsində utilizasiyası burada sanitar-gigiyenik normalara lazımi səviyyədə əməl olunduğundan xəbər verirdi.
Xəstəxananın daxili aptekində də xoş mənzərə ilə qarşılaşdıq. Məlahət Əmirovanın rəhbərlik elədiyi əczaxanada yüksək səviyyədə şərait, xüsusi səliqə-sahmanla bərabər, əczaçılıq soyuducusu, kondisioner, müvafiq tələblərə cavab verən mebel, termometr, hiqrometr, eləcə də narkotik preparatların saxlanması üçün dəmir seyf də var idi. Dərman ehtiyatının çoxluğunu, onların hamısının istifadəyə yararlı olduğunu da nəzərə alsaq, burada heç bir nöqsan gözümüzə dəymədi. Qeyd edək ki, son bir ayda əczaxanaya daxil olan tələbnamələri və buraxılan dərmanların fakturalarını da nəzərdən keçirdik. Məlum oldu ki, bütün şöbələr, həmçinin MRX-nın tabeliyində olan digər tibb müəssisələri lazımi preparatlarla təmin edilib.
Daha sonra qida blokundakı vəziyyəti nəzərdən keçirdik. Şəraiti gözəl, avadanlıqları yeni olan mətbəxdə xəstələri yeməklə təmin etmək üçün hər bir şərait var. Burada əvvəlcə menyunu nəzərdən keçirdik. Həm orada qeyd olunanlardan, həm də aşpaz Gültəkin Qabulovanın dediklərindən məlum oldu ki, həmin gün xəstələrə səhər yeməyində kərə yağı, pendir, şəkər tozu, çay və çörək verilib. Nahar yeməyi biz mətbəxdə olarkən hazırlanırdı – mal ətindən sous və borş. Axşama isə mal ətindən qarnirlə makaron süzməsi və südlü yayma nəzərdə tutulmuşdu. Yeməklərdən nümunələrin saxlanılmasını, həmçinin işçilərin hamısının tibbi müayinədən keçdiklərini də nəzərə alsaq, mətbəx bizdə xoş əhval-ruhiyyə yaratdı.
Zemfira Əminovanın rəhbərlik elədiyi ərzaq anbarında da heç bir nöqsan gözümüzə dəymədi. Burada xeyli məhsul var idi – mal əti, kərə və bitki yağları, pendir, yumurta, kartof, soğan, kələm, makaron, vermişel, düyü, qənd, çay, manna və sair. Onların saxlanması baxımından da hər şey öz qaydasında idi. Tez xarab olan məhsullar soyuducuya, digərləri isə vitrinlərə yerləşdirilmişdi.
Nəhayət, palatalara baş çəkib, həkimlərin iştirakı olmadan, təkbətək xəstələrlə söhbət etdik, bu tibb ocağındakı vəziyyət barədə onların da ürək sözlərini dinlədik. Təkrara yol verməmək üçün qeyd edək ki, Yoluxucu xəstəliklər, Cərrahiyyə, Terapiya və Doğum şöbələrində fikrini öyrəndiyimiz pasiyentlərin hamısı buradakı gözəl şəraitdən, onlara göstərilən tibbi xidmətdən, dərman və yeməklə təminatdan, həkimlərin qayğıkeş münasibətindən razı qaldıqlarını bildirdilər.
Araşdırma zamanı bu tibb müəssisəsində sanitar-gigiyenik tələblərə əməl olunub-olunmamasına da diqqət yetirdik. Lakin heç bir şöbədə nöqsan və çatışmazlıqla qarşılaşmadıq. Konkret olaraq sterilizasiya və tibbi tullantıların utilizasiyası məsələlərində də nizam-intizam var idi.
Bir sözlə, Qax MRX-da heç bir nöqsana, hər hansı giley-güzara rast gəlmədik. Elə bu nikbin əhval-ruhiyyə ilə də üz tutduq Əlibəyli Kənd Sahə Xəstəxanasına.

Qax – dörd il sonra bir də bax!
Əlibəyli Kənd Sahə Xəstəxanası

Araşdırma obyektimizə çatar-çatmaz olduqca ürəkaçan bir mənzərə ilə qarşılaşdıq. Əlibəyli Kənd Sahə Xəstəxanasının müasir üslubda tikilmiş ikimərtəbəli binası, eləcə də abad həyəti, sözün əsl mənasında, adamı valeh edir. Bu gözəlliyi seyr edə-edə xəstəxanaya daxil olduq. Bizi baş həkim Zurab Aslamazaşvili qarşıladı.
Baş həkimlə söhbət əsnasında öyrəndik ki, bir il əvvələ qədər xəstəxanada şərait həddindən artıq bərbad vəziyyətdə imiş. Lakin bu problem 2013-cü ildə Səhiyyə Nazirliyi tərəfindən həll olunub. Köhnə bina sökülüb, yerində müasir tələblərə cavab verən yeni bir bina tikilib. Üstəlik, bütün tibbi avadanlıqlar da yenisi ilə əvəzlənib.
Z.Aslamazaşvili onu da bildirdi ki, 10 çarpayılıq xəstəxanada Terapiya (5 çarpayı), Doğum (3 çarpayı), Pediatriya (2 çarpayı) şöbələri ilə yanaşı, həm də Poliklinika, Laboratoriya, Stomatoloji kabinet, Peyvənd otağı və Qida bloku fəaliyyət göstərir. Müsahibimiz onu da qeyd etdi ki, xəstəxana ətrafdakı digər 5 kəndlə birlikdə təxminən 6 min nəfərə yaxın əhaliyə xidmət edir. İl ərzində 3 şöbədə ümumilikdə 138 nəfər stasionar xəstə olub.
Daha sonra baş həkimlə söhbət edə-edə xəstəxanaya ümumi baxış keçirdik. Əvvəlcə onu qeyd edək ki, burada şərait, doğrudan da, yüksək səviyyədədir. Üstəlik, kənd xəstəxanalarının əksəriyyətindən fərqli olaraq, binada su, istilik və kanalizasiya sistemləri də var. Avadanlıqlar isə hamısı təzəliyi, müasirliyi ilə diqqəti cəlb edir. Bundan əlavə, xəstəxananın dərman təchizatı da yaxşıdır – bütün şöbələrdə xeyli preparat var. Onu da öyrəndik ki, preparatlar müntəzəm olaraq Mərkəzi Rayon Xəstəxanasından alınır və bu baxımdan heç bir problem yoxdur.
Onu da qeyd edək ki, həmin gün bu tibb ocağında 5 nəfər xəstə var idi. Palatalara baş çəkib, onların da fikirlərini öyrəndik. Əlibəyli kəndində belə bir səhiyyə müəssisəsinin tikilməsindən məmnun olduqlarını deyən müsahiblərimiz burada göstərilən tibbi xidmətdən razı qaldıqlarını bildirdilər.
Sonda üz tutduq qida blokuna. Məlum oldu ki, kəndlərdə fəaliyyət göstərən əksər tibb müəssisələrindən fərqli olaraq, burada xəstələrin yeməklə təminatına xüsusi diqqət yetirilir. Şəraitin gözəl olması bir yana, ən əsası odur ki, aşpaz Qlara Sukaşvili xəstələrin axşam yeməyinin hazırlıqları ilə məşğul idi. O, menyunu təqdim edərək, həmin gün 5 nəfər xəstəyə səhər yeməyində yumurta, kərə yağı, çörək və çay, naharda vermişel şorbası verildiyini bildirdi. Axşama isə makaron süzməsi nəzərdə tutulmuşdu. O ki qaldı yeməklərdən nümunələrin saxlanılmasına və aşpazın tibbi müayinədən keçməsinə, hər iki vacib şərtə əməl olunmuşdu.
Qeyd edək ki, xəstəxananın təsərrüfat müdiri Nata Emraşvilinin rəhbərlik elədiyi ərzaq anbarı da həm öz səliqə-sahmanı, həm də xeyli məhsulun olması ilə bizə xoş təsir bağışladı.
Araşdırmamız zamanı bu tibb ocağında sanitar-gigiyenik tələblərə əməl edilib-edilməməsinə də diqqət yetirdik. Doğrudur, burada əsasən birdəfəlik tibbi ləvazimatlardan istifadə olunur. Amma hansısa alətləri sterilləşdirmək lazım gələrsə, bunun üçün sterilizator var. O ki qaldı tibbi tullantılara, bizə təqdim edilən aktlar təsdiq edirdi ki, onlar qaydalar çərçivəsində məhv edilir.
Beləcə, daha bir araşdırmamızın, eyni zamanda, daha bir ilin sonuna gəldik. Ölkəmizin bütün səhiyyə müəssisələrində mövcud olan nöqsan və çatışmazlıqların hamısının 2014-cü ildə qalması arzusu ilə yazımıza nöqtə qoyuruq.
Q.NURİYEV
№23-24 31 dekabr 2014-cü il





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova