Prezident İlham Əliyev: “Mənim üçün insanların sağlamlığı əsas prioritetdir”

Gəncədə 1 saylı Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışı olub
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusunun açılışında iştirak ediblər.
Dövlət başçısı və birinci xanım yeni tibb müəssisəsində yaradılan şəraitlə tanış olublar.
Azərbaycan Prezidenti İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verilib ki, digər modul tipli infeksion xəstəliklər korpuslarında olduğu kimi, burada da orta simptomları olan koronavirus xəstələrinin qəbulu və müalicəsi üçün şərait yaradılıb. Bildirilib ki, yeni tibb müəssisəsinin daha ağır simptomlu xəstələrin qəbulu üçün əlavə avadanlıqlarla təchiz olunması istiqamətində işlər görülür. Üç korpusdan, 100 palatadan ibarət, 200 çarpayılıq bu xəstəxana kompleksi mərkəzləşdirilmiş oksigen generator sistemi, həmçinin havanı təmizlədikdən sonra ventilyasiya qurğusu ilə palatalara ötürəcək xüsusi havalandırma sistemi ilə təmin edilib.
Modul tipli infeksion xəstəliklər korpusu ilə tanışlıqdan sonra dövlət başçısı və birinci xanım bir qrup tibb işçisi ilə görüşüblər.
Görüşdə çıxış edən Prezident İlham Əliyev Gəncə şəhərində modul tipli xəstəxananın açılışı münasibətilə hər kəsi təbrik edib, koronavirusla mübarizənin davam etdiyi şəraitdə 200 çarpayılıq kompleksin müasir texnologiyalar əsasında qısa müddətdə quraşdırılaraq istifadəyə verilməsinin çox böyük əhəmiyyəti olduğunu deyib. Qeyd edib ki, bu, ölkəmizdə sayca 5-ci modul tipli xəstəxanadır, Bakıda iki, Sumqayıtda bir və Abşeron rayonunda bir belə tibb müəssisəsi artıq fəaliyyətə başlayıb. Yaxın həftələrdə daha 5 belə xəstəxana istifadəyə veriləcək. Beləliklə, bu 10 xəstəxana əlavə 2 min çarpayı əldə etmək imkanı yaradacaq. Bu, koronavirus xəstələrinin sayının artması şəraitində COVID-19-a qarşı mübarizədə öz rolunu oynayacaq.
Prezident vurğulayıb ki, bu xəstəxanaların tikintisi ilə əlaqədar qərar aprel ayında – xəstələrin sayının az olduğu vaxt qəbul edilib. Həyat bu qərarın düzgün olduğunu göstərdi, çünki bu gün xəstələrin sayı və yeni çarpayılara ehtiyac artır: “Əgər son illər ərzində mənim göstərişimlə ölkəmizin hər bir yerində, o cümlədən Bakı şəhərində müasir xəstəxanalar tikilməsəydi, bu gün biz koronavirusla mübarizədə çox böyük problemlərlə üz-üzə qala bilərdik. Son illərdə ölkəmizin səhiyyə sisteminin möhkəmləndirilməsi işində ən vacib məsələlərdən biri yeni xəstəxanaların tikilməsi, köhnə xəstəxanaların isə əsaslı təmiri və bərpası olmuşdur. Beləliklə, bizim şəhərlərin mütləq əksəriyyətində xəstəxanalar tikilib və bir neçə şəhərdə tikinti davam edir. Sonuncu xəstəxana Samux şəhərində istifadəyə veriləcəkdir. Bu məqsədlər üçün vəsait ayrıldı və əlavə vəsait də ayrılacaq. Bu gün Bakıda koronavirus xəstələri daha çox son illər ərzində inşa edilmiş xəstəxanalarda müalicə alırlar. Xüsusilə “Yeni klinika”nı qeyd etməliyəm. O, ölkəmizdə ən gözəl, ən müasir klinikadır və ən böyük tibb ocaqlarından biridir. Təxminən 600 çarpayılıq klinikada bu gün xəstələr müalicə alır. Eyni zamanda, bir neçə il bundan əvvəl mənim təşəbbüsümlə tikilmiş Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik və Cərrahiyyə korpuslarının fəaliyyəti hesabına biz xəstələri müalicə edirik.
Koronavirusla əlaqədar ilkin mərhələdə qabaqlayıcı tədbirlərimiz bizi böyük fəlakətdən qorudu. Azərbaycanda yoluxanların sayı əhalinin ümumi sayı ilə müqayisədə çox aşağıdır – cəmi 13 min insan yoluxmuşdur. Onların böyük əksəriyyəti sağalıb və xəstəxanalardan çıxıbdır. Ona görə qabaqlayıcı və məhdudlaşdırıcı tədbirlərin çox böyük faydası olmuşdur.
Bildiyiniz kimi, bütün dünya bu xəstəlikdən əziyyət çəkir və xəstələrin sayının kəskin artması bir çox ölkələrin səhiyyə sisteminə də böyük zərbə vurmuşdur. Əslində, heç bir ölkənin səhiyyə sistemi belə sürətlə artan xəstələrin müalicəsinə hazır deyildi. Bu, mümkün də deyildi. Eyni zamanda, digər problem xəstələrə xidmət edən həkimlərin sayı ilə bağlıdır. Həkimlərin sayı 2-3 ay ərzində arta bilməz. Ona görə bu da bir çox ölkələr üçün böyük problemə çevrilmişdir, o cümlədən bizim üçün. Odur ki, məhdudlaşdırıcı tədbirlərin görülməsində böyük fayda olmuşdur”.
Dövlət başçısı təəssüflə qeyd edib ki, bütün tələblərə baxmayaraq, bəzi insanlar məsuliyyətsizlik göstərərək elementar qaydalara əməl etmirlər: “Təkcə Azərbaycanda yox, bütün dünyada bu qaydalar çox sadədir və onlara əməl etmək o qədər də böyük əziyyət tələb etmir – maska, məsafə və dezinfeksiya. Bu üç əsas amil insanları qoruyur. Əgər bu üç amilə əməl olunarsa, onda yoluxmanın sayı kəskin azalacaq”. Ancaq yumşalma tədbirlərindən sonra Azərbaycanda bu qaydalar kütləvi surətdə pozulduğuna, bəzi insanların elementar qoruyucu qaydalara əməl etmədiyinə görə xəstələnənlərin sayı artıb. Bu səbəbdən Bakıda və bir neçə digər şəhərdə yenidən məhdudlaşdırıcı tədbirlər daha sərt karantin rejimi tətbiq olunub. Sərtləşdirilmiş rejimin nə qədər davam edəcəyini həyat və koronavirusun yayılması göstərəcək.
Prezident İlham Əliyev deyib: “Sərtləşdirilmiş tədbirlərin əsas məqsədi yoluxmanın sürətini azaltmaqdır. Hər kəs yaxşı başa düşür ki, koronavirus yoxa çıxmayıb və yoxa çıxmayacaq. Biz bu xəstəliklə yaşamağa məcburuq və artıq kütləvi surətdə yeni davranış qaydaları tətbiq edilməlidir. Ona görə bütün ölkələrin əsas səyləri odur ki, yoluxmanın sürəti azalsın, az insan xəstələnsin və ölkələrin səhiyyə sistemi imkan versin ki, bütün xəstələr lazımi müalicə alsınlar. Odur ki, biz bu addımı atdıq və hesab edirəm ki, düz etmişik. Baxmayaraq ki, indi bəzi ölkələr daha da irəliyə gedərək, daha çox yumşaldıcı addımlar atır. Təbii ki, bunun əsas səbəbi iqtisadi sahədə olan problemlərdir”.
Belə problemlərin bizdə də olduğunu söyləyən Prezident İlham Əliyev vurğulayıb ki, bununla belə, atılan addımlar düzgün idi, çünki iqtisadi geriləmə olsa da, insanların sağlamlığı əsas prioritetdir. Azərbaycan dövləti hər zaman Azərbaycan vətəndaşının yanındadır: “Şəxsən mənim üçün seçim yox idi. İlk növbədə, insanların həyatı və onların sağlamlığıdır. İqtisadi problemlər arxa planda olmalıdır”.
Dövlət başçısı qeyd edib ki, heç bir sosial layihə ixtisar olunmayıb. Bildirib ki, pandemiyaya qarşı mübarizə üçün ayrılmış 3 milyard manatdan çox vəsaitin bir hissəsi artıq xərclənib: “Biz yeni avadanlıqlar alırıq. İndi 23 laboratoriyamız var. Amma problem ondadır ki, artıq fevral, mart aylarında sifariş edilmiş avadanlığı, hansısa cihazı biz bəzən ala bilmirik. Çünki bunu istehsal edən ölkələr onu satmır, özləri üçün saxlayırlar”.
Azərbaycan Prezidenti vurğulayıb ki, bu vəziyyətdən şərəflə çıxmaq üçün dövlətin atdığı addımlar ictimaiyyət tərəfindən kütləvi surətdə dəstəklənməlidir: “Dəstək isə nədən ibarətdir? Sadəcə olaraq, üç adi qaydanı gözləmək, buna əməl etmək və məsuliyyət, nizam-intizam göstərmək. Biz birlik, həmrəylik nümayiş etdirmişik. Çətin vəziyyətdə olan insanların problemlərini həll edirik, o cümlədən ictimai təşkilatlar, Heydər Əliyev Fondu. Əlbəttə ki, əsas yük dövlətin üzərindədir. Aztəminatlı təbəqəyə yardımlar edilir. Mənim təşəbbüsümlə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna sahibkarlar, ayrı-ayrı adamlar tərəfindən 100 milyon manatdan çox vəsait daxil edilib. Bu, böyük vəsaitdir və həmrəyliyin təzahürüdür. Necə ki, həmrəylik, birlik göstəririk, məsuliyyət də göstərməliyik. Bunu inkişaf etmiş bir neçə ölkənin liderləri qeyd edir ki, bu, müharibədir və burada düşməni görmək mümkün deyil. Eyni zamanda, bilmək mümkün deyil, bu müharibə nə vaxt bitəcək. Bunu heç kim deyə bilməz. İndi, əlbəttə ki, hər kəs peyvəndi gözləyir, o cümlədən də biz. Amma bəzi həkimlərin fikrinə görə, peyvənd də bəlkə bu koronavirusu tam məhv edə bilməyəcək. Kim bilir? Bu peyvənd hələ icad edilməyib. Hələ bunun üzərində iş aparılır. Amma yoluxanların sayı artır, beləliklə, təhlükə də artır. Ona görə burada ancaq və ancaq vətəndaşların məsuliyyəti ön planda olmalıdır”.
Qapalı yerlərdə maska taxmamağı məsuliyyətsizlik, eqoizm və biganəlik adlandıran dövlət başçısı söyləyib ki, məsuliyyətsiz adamlara qarşı tək cərimələr deyil, ictimai qınaq da olmalıdır: “Gənc nəslin nümayəndələri üçün bu xəstəlik o qədər də təhlükəli deyil və hesab edir ki, xəstələnərəm, sağalaram. Axı, sən sağalarsan, amma yaşlı insanı da yoluxdurarsan. Sən onun həyatını təhlükə altına atırsan. Biz bu məsuliyyətsizliyə dözməliyikmi? Bu, cinayətdir. Ona görə ictimai qınaq və çox ciddi dövlət nəzarəti olmalıdır. …Bir xəstənin müalicəsi üçün nə qədər həkim çalışır, nə qədər həkim gecə-gündüz o ağır vəziyyətdə, o kombinezonda, eynəkdə, maskada əziyyət çəkir. Biz həkimlərin fəaliyyətini yüksək qiymətləndiririk. Ancaq hər bir insan bunu bilməlidir. Həkimlər də yoluxur, həkimlər də ölür. Bizim indi nə qədər həkimimiz varsa, hamısını bu işlərə cəlb edirik. Bizim bundan iki dəfə çox həkimimiz yoxdur”. President deyib ki, pandemiya daha geniş vüsət alsa, xəstələri yeni tikilən xəstəxanalarda yerləşdirmək mümkün ola bilər, ancaq həkimlərin sayını artırmaq mümkün olmayacaq. Bu haqda hər kəs fikirləşməlidir. Dövlət başçısı bunu “milli təhlükəsizlik məsələsi” adlandırıb.
Prezident İlham Əliyev Gəncə şəhərində görülən və planlaşdırılan işlərdən danışıb. Bununla belə, koronavirusla mübarizənin gündəlikdə birinci planda durduğunu deyib. Bildirib ki, burada bütün dövlət tədbirləri ilə bərabər, əsas vəzifə həkimlərin üzərinə düşür: “Həkimləri salamlayıram, onların fəaliyyətini yüksək qiymətləndirirəm. Bu yaxınlarda həkimlər öz peşə bayramlarını qeyd etmişlər. Bu münasibətlə sizi təbrik edirəm və sizə yeni uğurlar arzulayıram. Koronavirusla bağlı mübarizədə siz ön cəbhədəsiniz və öz sağlamlığınızı, həyatınızı, yaxınlarınızın sağlamlığını risk altına qoyursunuz. Ancaq sizdə olan vətəndaşlıq borcu sizi bu işlərə sövq edir. Sizə uğurlar, cansağlığı arzulayıram. Özünüzə yaxşı baxın, xəstələrə yaxşı baxın ki, biz birlikdə bu ağır vəziyyətdən az itkilərlə çıxaq. Sağ olun”.
Çıxış edən həkim Xalidə Sadıqova Gəncə tibb işçiləri və gəncəlilər adından Prezident İlham Əliyevi və Mehriban xanım Əliyevanı salamlayıb. Bildirib ki, yeni növ koronavirus infeksiyasının ölkəmizdə geniş miqyasda yayılmasına qarşı dövlət başçısı tərəfindən bir çox mühüm tədbirlər görülüb və görülür. Bunlardan biri də modul tipli xəstəxanalarının quraşdırılması, müasir tibbi avadanlıqlarla, dərmanlarla təchizatıdır: “Bu gün belə bir xəstəxananın Gəncədə açılması tək şəhərimizdə deyil, Gəncəətrafı rayonlarda yaşayan, yoluxan insanların xəstəxanalara təcili təxliyə olunması, onların yüksək səviyyədə müalicə edilməsi üçün çox vacibdir. Biz həkimlər də Sizə söz veririk və əmin edirik ki, bundan yararlanıb bu çətin günlərdə var gücümüzlə əlimizdən gələni edəcəyik, xalqımızın sağlamlığının qorunması üçün səylərimizi əsirgəməyəcək və Sizin dəstəyinizlə, inşallah, bu çətin sınaqdan alnıaçıq çıxacağıq.
Mehriban xanım, fürsətdən istifadə edib Gəncə səhiyyə işçiləri adından həmişə bizə dəstək göstərdiyiniz üçün Sizə də dərin təşəkkürümü bildirirəm. Sizə və ailənizə cansağlığı, böyük işlərinizdə uğurlar arzulayıram”.
Xəbəri paylaş