Valyuta.com

Bəhram Bağırzadə: «Allah həkimlərimizin uğuruna xeyir versin»

Bəhram Bağırzadə: «Allah həkimlərimizin uğuruna xeyir versin»
Budəfəki həmsöhbətim ötən əsrin çempionu olmuş «Bakılı oğlanlar»dandır. O, uşaqdan böyüyə hər kəsin sevimlisi, yaratdığı obrazlarla insanları eyni anda həm düşündürməyi, həm də güldürməyi bacaran sənət adamıdır. Cəmiyyətdə müşahidə etdiyi çatışmazlıqları hər vasitə ilə göstərməyə və islah etməyə çalışan aktyor, naşir, fotoqraf, karikaturaçıdır… Müsahibim “şən və hazırcavab” Bəhram Bağırzadədir.
- Səhhətiniz necədir?
- Son illər səhhətimdə müəyyən problemlər yaranır. Bunun səbəbini isə özüm yaxşı bilirəm. Mənim boyum 1,80 m, çəkim isə 127 kq-dır. Əlbəttə ki, normal halda insanın çəkisi bu qədər olmamalıdır. Bu cür artıq çəki çox vaxt müxtəlif xəstəliklərə səbəb olur. Məsələn, hazırda mən yüksək təzyiqdən əziyyət çəkirəm. Allaha şükür edirəm ki, ciddi fizioloji dəyişikliklər, patoloji problemlərim yoxdur.
- Siqaret, içki və s. kimi zərərli vərdişlərin də insan səhhətinə olduqca mənfi təsir etdiyini bilirsiniz. Belə vərdişləriniz varmı?

- Mən 15 il öncə spirtli içkilərdən, 6 il öncə isə siqaretdən imtina etdim, daha dəqiq desək, canımı qurtardım. Bu iki hadisə mənim iradəmin gücü sayəsində nəfsim üzərində qələbələrimdir.
- Bəs, pəhriz saxlamaqda necə, güclü iradə sizə kömək edirmi?

- Elə bilirdim yaradıcı insan üçün həyatda ən çətin iş içki və siqaretdən imtina etməkdir. Ancaq mənim üçün arıqlamaq daha çətin, daha əziyyətlidir. Baxmayaraq ki, pəhriz saxlayıram, idmanla məşğul oluram, nəticə isə göz qabağındadır. Artıq 6-7 ildir ki, artıq çəkiyə görə futbol oynaya bilmirəm.
Buna səbəb isə yaradıcı insanların normal iş rejimi ilə çalışmamasıdır. Tez-tez məşqlərdə, çəkilişlərdə oluruq, əksər hallarda gecə saat 11-12-də yemək yeyirik və sonra da yatırıq. Doğrudur, bu sahədə çalışan bəzi insanlar öz nəfslərini tərbiyə edə biliblər. Təəssüf ki, mən onlardan deyiləm. Bəziləri isə özlərini arıqlatmaq üçün cərrahiyyə əməliyyatı etdirirlər. Mən bu yola heç vaxt əl ata bilmərəm.
- Həkimə müraciət etməklə aranız necədir?
- (təbəssümlə) Mənə elə gəlir ki, bundan öncəki həyatımda alman olmuşam. Çalışıram ki, ildə ən azı 2 dəfə “check up” müayinədən keçim, 3-4 dəfə stomatoloqa müraciət edim. Öz uşaqlarımda da bunu tərbiyə edirəm.
İnsanlar bilməlidirlər ki, vaxtında müayinə həm insanın sağlamlığının qorunması baxımından önəmlidir, həm də maddi baxımdan sərfəlidir.
- Əslində, ölkə başçısı da dəfələrlə çıxışlarında bunu bütün vətəndaşlarımıza tövsiyə edir… Bəhram müəllim, bu yaxınlarda sizin «SSRİ – müsbətləri, mənfiləri» kitabınızın təqdimatı keçirildi. Doğrudur, o kitabda səhiyyə məsələlərinə yer ayırmamısınız, ancaq maraqlıdır, indi ilə müqayisədə sovet dövründə bu sahədə hansı müsbət və mənfi tərəfləri qeyd edə bilərsiniz?
- Deyə bilərəm ki, SSRİ dövründə insanlara kütləvi olaraq sanatoriyalara pulsuz putyovkalar verilirdi. Onlar da həmin göndərişlərlə gedib Sovet İttifaqının müxtəlif kurortlarında həm dincəlirdilər, həm də hansısa müayinələrdən keçirdilər, müalicə olunurdular. Təəssüf ki, son illər bu sahədə boşluqlar var, mexanizm işləmir. Məncə, məcburən də olsa, vətəndaşları istirahətə göndərmək lazımdır. Çünki elə xəstəliklər var ki, onlar dərinləşdikcə böyük fəsadlara gətirib çıxara bilər.
İnsanları sağlamlıqla bağlı maarifləndirmək lazımdır. Təəssüf ki, indi telekanallarda təbabət haqqında verilişlərdə ancaq xəstəliklərdən danışırlar. Amma adi gigiyenik qaydalara, xəstəliklərin profilaktikası məsələlərinə yer ayırmırlar. Məncə, insanlara məhz bu qəbildən biliklərin verilməsinə ehtiyac var.
- Bu gün aktyor, karikaturaçı, naşir, jurnalist və sair kimi fəaliyyət göstərsəniz də, hələ də Bəhram Bağırzadə deyəndə ilk növbədə ağıla məşhur KVN-çi gəlir…
- KVN həyatda mənə çox şey verdi. Əvvəllər mən ad üçün çalışırdımsa, indi ad mənim üçün işləyir. Bu gün adi fəhlədən dövlət məmuruna qədər hər kəs Bəhram Bağırzadəni tanıyırsa, Səhiyyə Nazirliyinin mətbuat orqanı məndən müsahibə götürürsə, bu da KVN-in sayəsindədir.
Amma bütün bunlara baxmayaraq, KVN mənim və dostlarımın sağlamlıqlarını əlindən aldı. Səhnə işin yalnız görünən tərəfidir. Ancaq səhnənin arxasında çox böyük əmək, zəhmət var. Qazandığımız uğurlar alın təri hesabına əldə edilib. Vaxtında yeməmişik, yatmamışıq. Əfsus ki, bütün bunlar bizim səhhətimizdə öz mənfi təsirlərini bu gün göstərir.
- «Bakılı oğlanlar» Şən və Hazırcavablar Klubu neçə illər cəmiyyətdə ciddi narahatlıq doğuran çatışmazlıqları, problemləri gündəmə gətirirdi. Maraqlıdır, bu gün Bəhram Bağırzadəni cəmiyyətdə daha çox nə narahat edir?
- İlk növbədə mədəniyyətsizlik. Mən bilirəm ki, mədəniyyətsiz millət heç vaxt irəliləməz, qabağa gedə bilməz. İkinci növbədə təhsil önəmlidir. Bu gün təhsilimizin səviyyəsi çox aşağı düşüb. Ancaq sevindirici faktdır ki, Azərbaycan hökuməti bütün gücünü təhsilin inkişafı istiqamətinə yönəldib. Hazırda minlərlə gəncimiz İngiltərədə, Türkiyədə, İsveçrədə, Almaniyada və digər inkişaf etmiş ölkələrdə təhsil alırlar. Bu, Vətənimiz üçün çox böyük güc, qüvvə deməkdir. Onlar ölkəmiz üçün dəyərli kadrlar olacaqlar. Amma il boyu avara-avara gəzmək, bütün gün çayxanada oturub domino, nərd oynamaq savad, mədəniyyət səviyyəsini artırmır. Təəssüf ki, vətəndaşlarımız çox az kitab oxuyurlar, maariflənmirlər. Düşündürücü filmlərə baxmağı sevmirlər. Halbuki 60-cı illərdə Bakıda bizim ziyalılar, tələbələr və digərləri filmlərə, tamaşalara gedirdilər, mütaliə edirdilər, sonra bir yerdə müzakirələr aparırdılar. Artıq belə hallarla rastlaşmırıq. Bu məni bir azərbaycanlı kimi, şəhər sakini kimi çox narahat edir. Mən millətimin dünyada ən mədəni və savadlı xalq kimi ilk onluğa düşməsini arzulayıram. İstəyirəm ki, bizi tək varlı neft ölkəsi kimi yox, həm də elmli, savadlı millət kimi tanısınlar. Vətənimə ancaq biznes üçün yox, turizm məqsədi ilə də gəlsinlər. Digər millətlər müsbət mənada bizdən nə isə öyrənsinlər.
Bəhram Bağırzadə: «Allah həkimlərimizin uğuruna xeyir versin»
Bir də insanların son zamanlar öz geyimlərinə fikir verməməsi məni narahat edir. Mən həmişə, xüsusilə xarici ölkələrə səfər edəndə zövqlə geyinirəm ki, azərbaycanlı kişisinin siması, obrazı haqqında yüksək təəssürat yaradım. İstəmirəm ki, azərbaycanlı deyəndə göz önünə norka papaqlı, üzü tüklü, zövqsüz geyimli kişi obrazı gəlsin. Ruslarda yaxşı bir misal var: «İnsanı geyiminə görə qarşılayıb, ağlına görə yola salırlar». Əfsus ki, son zamanlar insanlar necə gəldi geyinirlər. Mən demirəm ki, bahalı geyinsinlər, deyirəm zövqlü olsunlar. Elə millətlər var ki, özləri və yaşayışları qat-qat bizim millətdən aşağı səviyyədədir, amma o qədər səliqəli geyinirlər ki, adamın xoşu gəlir.
Məncə, məktəblərdə rəssamlıq dərsləri keçilməlidir ki, insanlar uşaqlıqdan rəngləri duymağa, hiss etməyə başlasınlar. Bu, yüksək zövqün formalaşdırılmasında, düzgün geyim seçimində, evin zövqlə təmir və dizayn edilməsində faydalı ola bilər.
- Siz vaxtilə KVN səhnəsində rusiyalıların gündəlik həyatda qarşılaşdıqları, yumşaq desək, ideal olmayan azərbaycanlı obrazı yaratmısınız. Son dövrlər Rusiyada azərbaycanlılara qarşı təzyiqlər hər kəsə məlumdur. Bu baxımdan, bu hadisələr kontekstində indi azərbaycanlı obrazını Rusiya səhnəsində yenə də o cür gülüş obyektinə çevirərdiniz?
- Bəlkə əvvəlkindən 10 dəfə də artıq. Mən KVN-də oynayan illərdə cəmiyyətdə o qədər də böyük problemlər yox idi. Müxtəlif obrazları canlandıranda elə bilirdim ki, insanlar zaman keçdikcə daha da maariflənəcək, öz qüsurlarını görəcək və onları aradan qaldırmağa çalışacaqlar. Təəssüf ki, görmədilər və ona görə də biz bu gün çox böyük problemlərlə üzləşirik.
Hörmətli səfirimiz Polad Bülbüloğlunun bu yaxınlarda çox gözəl bir açıqlamasını oxudum. O, bildirib ki, Rusiyaya gedən azərbaycanlılar o dövlətin qanunlarını bilməlidirlər. Bizim problemlərimiz ondan irəli gəlir ki, Rusiyaya gedənlər arasında nəinki getdikləri ölkənin, heç Azərbaycanın da qanunlarını bilməyənlər var. Onların rus xalqının mentalitetindən, ədəbiyyatından xəbərləri yoxdur. Mən Rusiyaya ildə bir neçə dəfə gedirəm, müxtəlif tədbirlərdə iştirak edirəm, çəkilişlərə qatılıram. Amma indiyə qədər nə “Mosfilm”də, nə hansısa telekanalda, nə “KVN” yarışmasında, nə də küçədə polis işçiləri və ya digər millətlərlə heç bir problemim olmayıb. Niyə Rusiyada Bəhram Bağırzadə, Polad Bülbüloğlu, Rövşən Əsgərov, Fəxrəddin Manafov, Çingiz Abdullayev, Balaş Qasımov, Tahir Salahov və adını çəkmədiyim yüzlərlə alim, incəsənət xadimi, sənətçi, polis, neftçi üçün problem yaranmır, bizi çox hörmətlə qarşılayırlar, amma başqaları üçün yaranır? Necə olur ki, azərbaycanlı opera müğənnisi Elçin Əzizov Moskvada Böyük Teatrın solisti kimi yüksək səviyyədə qəbul edilir, rusların simvolu olan «Boris Qodunov» tamaşasında baş rolda çıxış edir? Necə olur ki, Moskvada Onkoloji Mərkəzdə çalışan tanınmış alimlərin, mütəxəssislərin bir çoxu azərbaycanlılardır? Necə olur ki, münasibətlərin bu gərginləşən məqamında Fərid Əsgərov Rusiyanın aparıcı telekanallarından birində, “Qolos” layihəsində uğur qazanır? Niyə onların ruslarla və Rusiya hökumətinin onlarla problemi yaranmır? Ona görə ki, onlar bilikli, dünyagörüşlü, mədəni insanlardır.
Əgər bu gün bir azərbaycanlı bizim millətə, ümumiyyətlə, müsəlmana yaraşmayan hansısa hərəkəti edirsə və özünə qarşı pis münasibət görürsə, problemi özündə axtarmalıdır. Mən Rusiyada belə insanlarla rastlaşmışam və özümü çox pis hiss etmişəm. Axı niyə bizim millətdə belə insanlar olmalıdır?
Rusiyada yaşayan hər bir azərbaycanlı əgər bu gün orada para qazanırsa, Allah ona ruzini orada veribsə, oranın qanunları ilə yaşamalıdır. Əgər bunu bacarmırsa, buna səviyyəsi çatmırsa, bu özünün problemidir. Rusların bir atalar sözü var: «Başqa monastıra öz qanunlarınla girmək olmaz!»
- Dedikləriniz düzdür, ancaq burada başqa məqamlar da var. Bəzən intellekti, mədəni səviyyəsi yüksək olanlar da millətçilərin, skinhedlərin hücumuna məruz qalırlar. İnsanlar tək öz davranışlarına görə deyil, saçının, dərisinin rənginə, rusca təmiz danışmadığına, yaxud sadəcə, gözünə xoş dəymədiyinə görə də skinhedin zorakılığının qurbanı ola bilərlər…
- Ola bilsin ki, çoxları mənimlə razılaşmasın, amma mən bu problemi belə görürəm. Düzdür, mən indi kəskin çıxış edirəm. Amma bunları demək vətəndaşlıq borcumdur. Deməsəm, millətimin düşməni olaram.
- Aktyor, naşir, karikaturaçı, fotoqraf… – bunlardan hansı Bəhram Bağırzadəni daha çox ifadə edir?
- Puşkin deyirdi ki, şair olmaya bilərəm, amma vətəndaş olmağa borcluyam. Aktyordan, fotoqrafdan, karikaturaçıdan öncə mən vətəndaşam. Nə iş görürəmsə, görüm – istər səhnəyə çıxanda, istər filmə çəkiləndə və s. – ancaq xalqıma qulluq etməyi düşünürəm. Çalışıram Vətənimə uğur gətirim. Bəlkə də bu ideya ilə yaşadığım üçün Allah mənə kömək edir. Mən hər zaman özümü deyil, millətimi düşünmüşəm. «Bakılı oğlanlar»da oynayanda da, kinoda obraz yaradanda da, karikatura çəkəndə də...
- «Bakının dünəni, bu günü» adlı sərginiz keçirildi. Maraqlıdır, Bakının dünənində sizi daha çox nə cəlb edirdi, bu gün nə cəlb edir?
- Bu gun Bakıya çox gözəl memarlar gəlir, monumental əsərlər yaradılır. Şəhər gündən-günə gözəlləşir. Amma insanlar 20-30 il əvvəl tamamilə fərqli idi. Heyif ki, biz Bakının dünənində olan səmimiyyəti, mədəniyyəti itirmişik. Savadlı insanlarımız azalıb. Bəzi insanlar şəhərliləşə, şəhər sakini ola bilmirlər. Başqa yerlərdən gəlirlər, bilmirlər ki, şəhərin öz qanunları var və həmin qanunlarla yaşamaq lazımdır. Bu da böyük problemlərə gətirib çıxarır.
Şəhər ilk növbədə insanları, ikinci növbədə memarlığı ilə gözəldir. Şəhəri sevmək və yaşatmaq lazımdır. Belə bir fikir eşitmişəm: «Təmiz o yer deyil ki, oranı təmizləyirlər, zibil atmırlar. Təmiz o yerdir ki, orada dava-dalaş olmur». Məndə köhnə Bakının insanları ilə bağlı nostalji hisslər həmişə var. Amma təəssüf ki, onların sayı gündən-günə azalır. Əfsus ki, bu gün Bakıda yaşayanlar arasında onu sevənlər azdır.
- Yazılarınızda, ifadələrinizdə Bakı sevgisi, bakılılıq məsələsi çox qabardılır. Sizə elə gəlmirmi ki, Vətənin hər qarışını eyni dərəcədə sevmək lazımdır?
- Mən hər zaman demişəm ki, azərbaycanlıyam. Mən Azərbaycanın hər kvadrat santimetrini sevirəm. 30 milyonluq həmvətənimin yaşadığı Cənubi Azərbaycanı sevirəm, Təbrizi sevirəm.
Amma doğulduğum şəhərin – Bakının vurğunuyam. Bakını gəzməkdən, xüsusən İçəri Şəhəri gəzməkdən çox zövq alıram. Əsəbi olanda həmişə İçəri Şəhərdə gəzirəm. Orada əsəblərim sakitləşir. Uşaq vaxtımdan indiyədək bu belə davam edir.
Lap dərinə getsək, mən heç bakılı da deyiləm. Amma bir şey bilirəm ki, Bakı şəhərində anadan olmuşam, burada tərbiyə almışam, məktəbə getmişəm, ailə qurmuşam, bu şəhərdə uşaqlarım dünyaya gəlib, atam dəfn olunub, qazancımı da bu şəhərdən əldə edirəm. Bütün sadaladıqlarıma görə də mən öz şəhərimi sevməliyəm. Çoxları, əfsus ki, bunu başqa cür anlayırlar.
İnanın ki, mən başqa şəhərdə, rayonda dünyaya gəlsəydim, yenə doğulduğum yeri daha əziz tutar, daha çox tərifləyərdim.
- Bakı haqqında yazdığınız «Gəncliyimin şəhəri» kitabınızda qeyd etmisiniz ki, «xatirələr yeganə cənnətdir ki, bizi heç vaxt oradan qova bilməzlər». Sizin ən dəyərli, unudulmaz xatirələriniz həyatınızın hansı dövrü ilə bağlıdır?
- Həyatımın bütün dövrləri ilə bağlı xoş xatirələrim var. Amma ata evində, valideynlərimin yanında olan xatirələr heç vaxt yaddan çıxmır. Uşaqlıq illərim unudulmazdır. Həmin xatirələri mən artıq qələmə almışam. Ola bilsin ki, xatirələrim əsasında nə vaxtsa ya kino, ya da sənədli film çəkildi, yaxud da kitab nəşr edildi.
O illərdə yaşadığım həyatın qoxusu da burnumdadır. Birinci sinfə getməyim, atamla bulvara çıxmağımız, trolleybusla məktəbə getməyim… İnsan həyatda nə qədər uğur qazansa da, onun ən gözəl, dəyərli xatirələri uşaqlıq illəri ilə bağlı olur.
- Həyatda səhvləriniz çox olub?
- Çalışıram olmasın. Amma kiçik səhvlərdən qaça bilməmişəm. Və mən bir imanlı insan kimi hiss etmişəm ki, insan səhvlərinin, yanlışlıqlarının cəzasını dərhal çəkir. Hər zaman Allaha dua etmişəm və edirəm ki, səhvlərimin cəzasını mənə bu dünyada versin, axirət gününə saxlamasın.
- Xoşbəxtsiniz?
- Bəli. Mən sevdiyim insanla ailə qurmuşam. Allahıma çox minnətdaram ki, məni düşünən, anlayan yarım var. Hər zaman dua etmişəm ki, Tanrım mənə sevdiyim işdən qazanc əldə etməyi nəsib etsin. Çox şükür ki, gördüyüm işlərdən böyük zövq alıram və ailəmə sevdiyim işdən əldə etdiyim qazancı aparıram.
- Deyirlər ki, hər uğurlu kişinin arxasında bir müdrik qadın dayanır. Bu fikirlə razısınız?
- 100 faiz razıyam. Mən inanıram ki, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Kərim Kərimov, Rəşid Behbudov, Tahir Salahov kimi dünyada tanınmış azərbaycanlı kişilərə xanımları həyatda dəstək olublar ki, onlar da nəticədə zirvələr fəth etməyi bacarıblar. Əgər qadın öz həyat yoldaşına dəstək olmursa, o kişi uğur əldə edə bilməz.
- Sizin ailənizdə həkim var?
- Bəli, həyat yoldaşım uşaq nevropatoloqudur. Həkim kimi fəaliyyət göstərir və sənətinin peşəkarıdır. Bu yaxınlarda Moskvada uşaq nevrologiyası ilə əlaqədar təşkil edilən kursa qatılmışdı. İnşallah, gələn il də Ankara universitetlərindən birində təhsilini davam etdirməsi üçün Türkiyəyə gedəcəyik. Bütün bunlar onun peşəkarlığını daha da artırması və gələcəkdə fundamental mütəxəssis olması üçün önəmlidir.
- Övladlarınızın sizin davamçınız olmasını arzulayardınız?
- Konkret cavab verim: Belə bir istəyim, arzum yoxdur. Getsinlər özlərinə peşə tapsınlar. Bu, çox çətin və ağır sənətdir.
Amma mənim sənətimi davam etdirməyi arzulasalar, bunun qarşısını ala bilmərəm. Necə ki, mənim atam dedi ki, get, nə olursan ol, amma peşəkar ol. Mən də 1989-cu ildə İncəsənət İnstitutuna daxil oldum. 1991-ci ildə isə artıq SSRİ çempionu idim. Sonra yüzlərlə tamaşalarda oynadım, sevilən rollar ifa etdim. Mən də övladlarıma deyəcəyəm ki, öz seçdiyiniz sənətin peşəkarı olun.
Birinci növbədə onları imanlı bir bəndə kimi, Vətəninə, məmləkətinə və millətinə xeyir verə biləcək savadlı insan kimi yetişdirmək istəyirəm. Mən yaşlananda deyə bilim ki, övladlarımı düzgün tərbiyə etməyi bacarmışam.
Atam mənim uğurlarıma baxıb sevindiyi kimi, mən də onların – kiçik də olsa – qələbələrini görüb sevinmək istəyirəm. İndi çempionluq sevincini övladlarımın timsalında yaşamaq istəyirəm. Qızım dama üzrə 10 yaşlılar arasında Azərbaycan çempionudur. Dünya çempionatında 8-ci yeri qazandı. Sabah mən “Oskar” alsam belə, övladlarımın uğurundan aldığım həzzi almayacağam. Oğlum dzü-do ilə məşğuldur. Çox arzulayardım ki, oğlum Olimpiya çempionu olsun.
- Karikaturaçı Bəhram Bağırzadə səhiyyəmizi necə təsvir edərdi?
- (təbəssümlə) Bu işə başlasam, 10 sərgi keçirmək olar. Mən öz xalqımı sevən insan kimi mütləq deməliyəm ki, səhiyyə sahəsində ciddi problemlər var. Məncə, onları sadalamağa ehtiyac yoxdur, çünki Səhiyyə Nazirliyi bu problemlərdən xəbərdardır və sevindiricidir ki, onlarla mübarizə aparır.
- Sonda həkimlərimizə arzularınızı eşitmək istərdik.
- Həkimlərə çox pasiyent, az xəstə arzulayıram. Bir də gəncəlilərdən eşitdiyim, çox sevdiyim bir ifadə var: «Allah uğurlarına xeyir versin». Hər bir insan uğur qazana bilər, ancaq uğurunun xeyirini görmək hər adama nəsib olmur. Arzu edirəm ki, həkimlərimizin nailiyyətləri çox olsun və Allah onların hər bir uğuruna xeyir versin.
Ü.FƏRZƏLİYEVA
30 noyabr 2013. №21-22
шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova