Hazırda 1000 nəfərdən çox xəstə donor orqanı gözləyir

Hazırda Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə ən çox müraciətlər böyrək köçürülməsi və sümük iliyi transplantasiyası ilə bağlı daxil olur. Xroniki böyrək çatışmazlığı ilə yaşayan insanlar üçün donor tapılması həyati əhəmiyyət daşıyır. Sümük iliyi transplantasiyası isə daha çox leykemiya, limfoma və aplastik anemiya kimi ağır hematoloji xəstəliklər zamanı həyata keçirilir. Bir çox hallarda xəstənin yeganə sağalma şansı məhz uğurlu transplantasiyadır.
Bu fikirləri Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova nazirliyin rəsmi instaqram hesabında canlı yayım zamanı səsləndirib.
Onun sözlərinə görə, hazırda donor gözləyənlərin sayı 1000 nəfərdən çoxdur: “Uyğun donorun tapılması bəzən bir neçə ay, bəzi hallarda isə illər çəkə bilər. Buna görə də cəmiyyətin könüllü donor qeydiyyatına aktiv yanaşması çox vacibdir”.
Yeganə Abbasova qeyd edib ki, son illərdə Azərbaycanda orqan donorluğu mövzusuna maraq nəzərəçarpacaq dərəcədə artıb, vətəndaşlar həm qanunvericilik, həm də donor olma prosedurları barədə daha çox məlumat əldə etməyə başlayıblar: "Aparılan maarifləndirici tədbirlər, media layihələri və aidiyyəti qurumların mütəxəssislərinin çıxışları donorluq mövzusu ilə bağlı məlumatlılığın yüksəlməsinə mühüm təsir göstərib. Bu cür məlumatlandırma işi cəmiyyətin məsələyə daha şüurlu və obyektiv yanaşmasına şərait yaradıb. Eyni zamanda, cəmiyyətdə humanizm, paylaşma və sosial dəstək dəyərlərinin güclənməsi də diqqətəlayiqdir. İnsanlar daha çox anlayırlar ki, orqan bağışlamaq bir insanın həyatını xilas etmək və ona ikinci bir şans vermək deməkdir. Bu düşüncə, tədricən, daha geniş yayılır və qəbul olunur. Nəticə etibarilə, donor olmaq istəyənlərin sayı ildən-ilə artır. Gözlənilir ki, bu müsbət tendensiya gələcək illərdə də davam edəcək və cəmiyyətdə orqan donorluğuna münasibət daha da müsbət şəkildə formalaşacaq".
İdarə Heyətinin sədri bu yaxınlarda Qafqaz regionunda ilk dəfə olaraq Azərbaycanda icra edilən meyit donordan ürək transplantasiyası əməliyyatı barədə də danışıb: “Bu əməliyyat yüksək peşəkarlıqla icra olunub və Azərbaycan səhiyyə sisteminin tarixi uğurudur. Əməliyyata rəhbərlik edən həkimlərin düzgün koordinasiyası sayəsində, eyni zamanda, dəqiq diaqnostika və yüksək texnoloji imkanlarla proses təhlükəsiz şəkildə icra olundu. Xüsusilə nazirliyin Koordinasiya Mərkəzi, donoru və resipiyenti qəbul edən xəstəxanalar, logistika və reanimasiya komandaları arasında vaxtın düzgün idarəedilməsi və informasiya axınının qüsursuzluğu əməliyyatın taleyini müəyyən edib. Bu inteqrasiya olunmuş koordinasiya sayəsində 19 yaşlı bir gəncin həyatı xilas olunub”.
Yeganə Abbasova donor ailəsinin göstərdiyi insanpərvərlik və yüksək humanizm addımını xüsusi vurğulayaraq deyib ki, bu nəcib təşəbbüs minlərlə insan üçün ümid mənbəyidir: “Həkimlər və tibb personalı donor ailəsinə dərin minnətdarlığını bildirir, bu fədakarlığın dəyərini xüsusi vurğulayırlar. Cəmiyyətimizi orqan donorluğu barədə daha çox məlumatlanmağa və məsuliyyətli qərarlar verməyə çağırırıq. Unutmayaq ki, donorluq haqqında vaxtında verilən qərar sabah kimin üçünsə həyat deməkdir”.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən AZƏRTAC-a məlumat verilib ki, 2025-ci ilin 10 ayında böyrək üzrə 80-ə, qaraciyər üzrə 50-yə, sümük iliyi üzrə 30-a yaxın transplantasiya əməliyyatı icra edilib. Bildirilib ki, transplantasiya əməliyyatı həyata keçirilən xəstələrin vəziyyəti ümumilikdə qənaətbəxşdir.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi həmçinin transplantasiya növbəsində dünyasını dəyişən xəstələrlə bağlı sualı cavablandırıb. “Təəssüf ki, son illərdə təqribən 30-a yaxın qaraciyər, 10-dan çox isə böyrək transplantasiyası üçün namizəd olan xəstə müxtəlif səbəblərdən əməliyyat vaxtına çatmadan vəfat edib. Bu fakt insanların donorluğa könüllü razılıq verməsinin və ölkədə donor sayının artmasının nə qədər vacib olduğunu bir daha göstərir. Çünki hər donorun qərarı bir neçə insana yeni həyat bəxş edə bilər”,- deyə məlumatda vurğulanıb.
Mərkəzdən verilən məlumatda o da bildirilir ki, Azərbaycanda Kök Hüceyrə Bankının yaradılması istiqamətində işlər davam edir. Belə ki, Səhiyyə Nazirliyi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə genetik analizlərin Xidmətlər Zərfinə daxil edilməsi və ildə 10 min Azərbaycan vətəndaşına genetik analizlər aparılmasının nəzərdə tutulması ilə bağlı müraciət ünvanlayıb. Bu addım Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin müraciəti əsasında atılıb. Genetik analizlərin Xidmətlər Zərfinə salınması təsdiqləndiyi təqdirdə, Kök Hüceyrə Bankının formalaşdırılmasına başlanılacağı bildirilib.
Xəbəri paylaş







