Valyuta.com

Akademik Vəli Axundov – 100

Akademik Vəli Axundov – 100

Azərbaycanın görkəmli alimi və dövlət xadimi, xalqımızın yetirdiyi parlaq şəxsiyyətlərdən biri olan akademik Vəli Yusif oğlu Axundovun anadan olmasının 100 ili tamam olur.
Vəli Axundov kimi gözəl insan, nəhəng şəxsiyyət haqqında yazmaq, onun həyatını bütün dolğunluğu ilə işıqlandırmaq çox çətindir. Onun ziyalılığına, mədəniyyətinə, öz xalqına məhəbbətinə vurğun olmamaq mümkün deyil. V.Axundovu tanıyanların dediyinə görə, onunla hər görüş insana mənəvi zövq verirdi, yüksək erudisiyası, dərin məlumata malik olması, faktları təhlil etmək, qiymətləndirmək bacarığı insanı heyran edirdi.
Vəli Yusif oğlu Axundov 14 may 1916-cı ildə Bakının Saray kəndində anadan olmuş və böyük həyat yolu keçmişdi. İlk təhsilini kənd məktəbində alan, sonra fabrik-zavod məktəbini, sənət məktəbini, Bakı Sənaye Texnikumunu bitirən gənc 1937-ci ildə Azərbaycan Tibb İnstitutuna daxil olmuş, təhsil illərində həm də İctimai elmlər kafedrasının laborantı, “Tibbi kadrlar uğrunda” qəzetinin redaktoru və komsomol komitəsinin katibi vəzifələrində çalışmışdı. Ali məktəbi bitirdikdən sonra, 1941-ci ildə hərbi xidmətə çağırılan və Böyük Vətən müharibəsində iştirak edən V.Axundov cəbhədə 20-ci atıcı diviziyanın tərkibində sıravi həkimlikdən xüsusi tibbi-sanitar batalyonunun komandiri vəzifəsinə qədər yüksəlmiş, Rusiya, Belarus, Almaniya və Çexoslovakiya ərazilərində gedən döyüşlərdə iştirak etmişdi. Öz borcunu şərəflə yerinə yetirdikdən sonra o, 1946-cı ildə ordudan tərxis olunaraq Bakıya qayıtmış, Tibb İnstitutunun Tibb tarixi kafedrasında assistent, Elmi Tədqiqat Epidemiologiya, Mikrobiologiya və Gigiyena İnstitutunda elmi işçi, daha sonra direktor vəzifələrində çalışmışdı.
Elmi fəaliyyətini ictimai-siyasi fəaliyyəti ilə bacarıqla uzlaşdırma qabiliyyəti Vəli Axundovun bir sıra məsul vəzifələrə irəli çəkilməsində böyük rol oynayıb. O, müxtəlif illərdə Azərbaycan Tibb İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, səhiyyə nazirinin I müavini, Bakı Səhiyyə Şöbəsinin müdiri, Azərbaycan KP MK-da şöbə müdirinin müavini vəzifələrində çalışıb.
1954-1958-ci illərdə Azərbaycanın səhiyyə naziri olan Vəli Axundov iri sənaye şəhərlərinin sanitariya-epidemioloji şəraitini öyrənərək, əhalinin sağlamlığının qorunması üzrə kütləvi sanitariya-epidemioloji tədbirlərin işlənib hazırlanması və həyata keçirilməsinə, tibbi xidmət növlərinin təkmilləşdirilməsinə rəhbərlik edib. Şəhər və kəndlərin sanitariya baxımından sağlamlaşdırılması tədbirləri onun tövsiyələri əsasında keçmiş İttifaqın başqa yerlərində də həyata keçirilib.
Nəzəri hazırlığı və böyük təcrübəsi V.Axundovun Azərbaycan KP MK katibi, Nazirlər Sovetinin sədri (1958-1959), Mərkəzi Komitənin I katibi (1959-1969) kimi çox məsul və yüksək vəzifələrdə uzun müddət çalışması üçün zəmin yaratmışdı.
V.Axundov öz elmi fəaliyyətini hətta rəhbər vəzifələrdə çalışarkən belə dayandırmadı. Onun tədqiqatlarının nəticələri namizədlik və doktorluq dissertasiyalarında öz əksini tapdı. 1966-cı ildə Vəli Axundova “professor” elmi adı verildi. 1969-cu ildə isə o, Azərbaycan Elmlər Akademiyasının akademiki seçildi.
Azərbaycan KP MK-nın birinci katibi vəzifəsindən azad edildikdən sonra V.Axundov özünü bütünlüklə elmi fəaliyyətə həsr edib. 1969-1972-ci illərdə Elmlər Akademiyasının vitse-prezidenti olan V.Axundovun elmi maraq dairəsi çox geniş olub. İnsanın sağlamlığı və ətraf mühit amillərinin korrelyasiya qanunauyğunluğu, sosial gigiyena və tibbi kibernetika, qida məhsullarında pestisidlərin sirkulyasiyası və s. tədqiqi, əhali arasında xəstələnmənin azaldılması üzrə elmi baxımdan əsaslandırılmış tədbirlərin işlənib hazırlanması və tətbiqi, elmi tədqiqatların təşkili onun elmi fəaliyyətinin əsas istiqamətlərini təşkil edib.
1972-1986-cı illərdə akademik V.Axundov Elmi Tədqiqat Virusologiya, Mikrobiologiya və Gigiyena İnstitutuna rəhbərlik edib. Onun direktorluğu dövründə institutda bu sahələrdə geniş elmi araşdırmalar aparılıb, tədqiqatların səviyyəsində, tematikanın genişlənməsində, informasiyanın işlənməsinin yeni üsullarının tətbiqində, demək olar ki, inqilabi dəyişikliklər baş verib. V.Axundovun təşəbbüskarlığı və uzaqgörənliyi sayəsində İnstitutun bazasında dəfələrlə elmi konfranslar, qurultaylar, o cümlədən respublikada ilk dəfə ingilis dilində elmi konfranslar keçirilib. Tədqiqatların müasir səviyyədə yerinə yetirilməsi üçün V.Axundovun rəhbərliyi ilə instituta əlavə korpus inşa edilib, müasir tibbi avadanlıqla təchiz olunaraq istifadəyə verilib.
Vəli müəllim yüksək ixtisaslı milli kadrların yetişdirilməsi üçün həm özü əlindən gələni edirdi, həm də bunu başqalarından tələb edirdi. Onun rəhbərliyi ilə çox sayda doktorluq və namizədlik dissertasiyaları müdafiə olunmuşdu. 5 monoqrafiya, 11 kitabça, 150-dən artıq elmi əsər, eləcə də respublikanın mədəniyyəti və iqtisadiyyatına, ictimai-siyasi məsələlərə həsr olunmuş 350-dən çox elmi-kütləvi məqalə və çıxışların müəllifi olan V.Axundovun irsi bu gün də tibb ictimaiyyəti, ümumiyyətlə, ziyalılar üçün çox faydalı mənbədir.
Akademik V.Axundovun ictimai fəaliyyəti də geniş əhatəli idi. O, Azərbaycan gigiyenistlərinin və sanitariya həkimlərinin elmi cəmiyyətinin sədri, bir sıra elmi cəmiyyətlərin, komitə və komissiyaların üzvü olub. Dəfələrlə ittifaq və respublika Ali Sovetinə deputat seçilib, ən yüksək qurumlarda böyük məhəbbət bəslədiyi xalqımızı təmsil edib, onun mənafeyini müdafiə edib.
Böyük alim, görkəmli ictimai xadim, bacarıqlı elm və səhiyyə təşkilatçısı, parlaq intellekt sahibi, yüksək mədəniyyətə və insani keyfiyyətlərə malik olan akademik V.Axundov sadəlik, səmimilik, işgüzarlıq, özünə və tabeliyində işləyənlərə qarşı tələbkarlıq, Vətəninə, millətinə vurğunluq kimi xüsusiyyətləri özündə cəmləşdirirdi. O həm də gözəl və qayğıkeş ailə başçısı idi, övladlarının ləyaqətli insanlar kimi yetişməsi üçün əlindən gələni etmişdi.
Çoxillik ictimai-siyasi, elmi və təşkilati fəaliyyətinə, eləcə də Böyük Vətən müharibəsi illərində göstərdiyi xidmətlərə görə V.Axundov bir sıra orden və medallarla təltif olunmuşdu.
Akademik Vəli Axundov 1986-cı il avqustun 22-də Bakıda dünyasını dəyişib və Fəxri Xiyabanda dəfn olunub. Bütün ömrünü öz xalqının tərəqqisi naminə yaşamış və fəaliyyət göstərmiş bu şəxsiyyət artıq 30 ilə yaxındır sıralarımızda olmasa da, heç vaxt unudulmur.
1996-cı ildə Azərbaycan Respublikasının mərhum Prezidenti Heydər Əliyevin Sərəncamı ilə Milli Elmi Tədqiqat Tibbi Profilaktika İnstitutuna akademik Vəli Axundovun adının verilməsi bu böyük alimə, görkəmli siyasi xadimə layiq olduğu hörmət və ehtiramın nümayişi idi. Fəxr edirik ki, institutumuz Vəli Axundov kimi təmiz, vicdanlı, xalqını sevən, onun tarixinə, mədəniyyətinə, musiqisinə, dilinə və adət-ənənələrinə səcdə edən şəxsiyyətin adını daşıyır və biz onun yolunu sədaqətlə davam etdiririk.
Ümummilli lider Heydər Əliyevin Sərəncamına əsasən 1996-cı ildə akademik V.Axundovun anadan olmasının 80 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasında keçirilən iclasda ulu öndər çıxış edərək vurğulamışdı: “Azərbaycanın birinci rəhbəri kimi, o dövrdə görülmüş işlərdə, qazanılmış uğurlarda V.Axundovun rolu böyükdür, yüksək qiymətə layiqdir və mən bu gün bunu böyük məmnuniyyətlə qeyd edirəm”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə bu il akademik Vəli Axundovun 100 illik yubileyinin qeyd olunması qərara alınıb. İnstitutumuzun kollektivi bu yubileyin layiqli şəkildə keçirilməsinə çalışacaqdır.
Neçə-neçə illər ötüb keçəcək, ancaq işıqlı ömrü ilə ölümsüzlük qazanan, xalqımızın unudulmaz oğlu Vəli Axundovun parlaq xatirəsi qəlbimizdə əbədi yaşayacaq. Gələcək nəsillər onu daim böyük şəxsiyyət, görkəmli alim, həkim, ictimai xadim kimi yad edəcəklər.

NAMİQ ƏLİYEV,
V.Axundov adına Milli ET Tibbi Profilaktika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü
шаблоны для dle 11.2





]Sentyabr

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova