Bakıda sağlam həyat tərzinə dair sorğu aparılıb

Bakıda sağlam həyat tərzinə dair sorğu aparılıb
Bakı sakinləri sağlam həyat tərzi keçirirmi? Bu suala Səhiyyə Nazirliyi və “Ümid” İctimai Birliyinin “Sağlam ol!” birgə araşdırma layihəsi çərçivəsində keçirilən sosioloji sorğuda cavab axtarılıb.
Əhalinin sağlam həyat tərzinə münasibətini müəyyən etmək üçün keçirilən sosial araşdırmanın yekunları isə bu günlərdə təşkil edilən tədbirdə açıqlandı.
Toplantıda çıxış edən Səhiyyə Nazirliyi Mətbuat xidmətinin rəhbəri Anar Qədirli bu sosial araşdırmanın əhalinin sağlam həyat tərzi haqqında maarifləndirilməsi, insanların düzgün tərzdə yaşaması, sağlam həyat tərzinə mənfi təsir edən vərdişlər və onların aradan qaldırılması; tibb sahəsində Bakı sakinlərinin bilik səviyyəsinin müəyyənləşdirilməsi və onların hansı səhiyyə xidmətlərindən istifadə etməsi və s. kimi mövzuları əhatə etdiyni bildirdi. Belə tədqiqatların keçirilməsini müsbət hal kimi qiymətləndirən A.Qədirli analoji sorğuların gələcəkdə də təşkil ediləcəyinə inandığını vurğuladı: “İnsanların öz səhhətlərinə, sağlamlığı qoruyan amillərə münasibətini öyrənmək, onların sağlam həyat tərzi sürməməsinin səbəblərini müəyyənləşdirmək olduqca vacibdir. Sağlam həyat tərzi bir çox xəstəliklərin profilaktikası və immun sisteminin möhkəmləndirilməsi baxımından çox önəmli alətlərdən biridir”.
Araşdırmanın nəticələri o qədər ürəkaçan olmasa da, ilbəil daha uğurlu göstəricilərin əldə ediləcəyinə inandığını, bu sahədə optimist düşündüyünü dilə gətirən Mətbuat xidmətinin rəhbəri qeyd etdi ki, bu gün insanların sağlam həyat tərzinin nə olduğunu bilməsi belə, müsbət haldır: “Bu sorğu 2 il əvvəl aparılsaydı, nəticələr daha pis olardı. Bir neçə il əvvələ qədər əhali sağlam həyat tərzinin mahiyyətindən xəbərsiz idi. Hazırda insanlar bunun mahiyyətini, əhəmiyyətini anlayırsa, deməli, qaydalarına da riayət etməyə çalışacaq və ilbəil bu tipli araşdırmaların nəticələri daha yaxşı olacaq”. A.Qədirli tərəfdaşların da müntəzəm şəkildə Azərbaycanda sağlam həyat tərzinin təbliğatı üçün effektli yolların hazırlanması üzərində işləyəcəyinə inamını ifadə etdi.
Tədbirdə “Ümid” İctimai Birliyinin icraçı direktoru İsrail İsgəndərov sorğunun 18-64 yaş arası Bakı və şəhər ətrafı ərazilərdən olan 1 000 nəfərdən artıq əhalini əhatə etdiyini, respondentlərin 49 faizinin qadınlardan, 51 faizinin isə kişilərdən ibarət olduğunu bildirdi. O bu araşdırma ilə sağlam həyat tərzinin zəruriliyinə diqqət çəkməyə, belə yaşam tərzinə mane olan səbəbləri, həmçinin əhalinin fiziki aktivliyə ümumi yanaşmasını müəyyən etməyə çalışdıqlarını vurğuladı.
İ.İsgəndərov respondentlərin 96 faizinin piyada gəzintiyə hər gün orta hesabla cəmi 10 dəqiqə vaxt ayırdığını qeyd etdi. Sorğu iştirakçılarının, demək olar ki, yarısının həkimə yalnız ciddi sağlamlıq problemləri olanda müraciət etdiklərini, onlardan 36 faizinin ildə bir dəfə həkimə ümumi yoxlama (“check up”), 56 faizinin isə müxtəlif problemlərlə əlaqədar müayinə üçün getdiklərini bildirdi.
İctimai birliyin rəhbəri söylədi ki, araşdırma sorğu iştirakçılarının 83 faizinin güclü fiziki fəaliyyətlə, 70 faizinin isə hətta orta səviyyəli fiziki aktivliklə belə məşğul olmadıqlarını göstərib. Fiziki fəaliyyətlə məşğul olanların həftəlik orta göstəricisi isə cəmi 1,5 gün təşkil edir. Respondentlərin gündəlik qida rasionunun ən çox hissəsini – 26 faizini çörək, 25 faizini isə ət təşkil edir, onların cəmi 16 faizi pəhriz saxlayır. İsrail İsgəndərov çıxışının sonunda vurğuladı ki, sağlam həyat tərzi insana qarşısına qoyduğu məqsədlərə çatmağa, planlarını uğurla həyata keçirməyə və çətinliklərin öhdəsindən gəlməyə yardım edir: “İnsanın sağlamlığının qorunması ilk növbədə onun özündən asılıdır. Ancaq sağlam şəxs uzun, sevincli, xoşbəxt ömür yaşaya bilər. Orqanizmə düzgün münasibət göstərməyi, onu nəzarətdə saxlamağı hər kəs bilməlidir”.
Ü.FƏRZƏLİYEVA







Yanvar 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elanlar

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova