Azərbaycanda vərəm xəstələrinin sayı azalır

Azərbaycanda vərəm xəstələrinin sayı azalır

Ölkəmizdə vərəm xəstəliyinə dair epidemioloji vəziyyəti xarakterizə edən statistik göstəricilər Səhiyyə Nazirliyinin Milli Vərəm Proqramı çərçivəsində, Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun nəzarəti altında toplanaraq analiz olunur. Təhlillər göstərir ki, son 5 ildə vərəmlə xəstələnmənin dinamikasında müsbət dəyişikliklər var. Bu da öz növbəsində vərəm üzrə işin yaxşı təşkilindən xəbər verir.
Bu fikirlər Elmi Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunun fəaliyyətinə həsr edilmiş “dəyirmi masa”da səsləndirilib.
Tədbirdə İnstitutun direktor müavini İradə Axundova məlumat verib ki, tənəffüs orqanları ilə əlaqəli еlmi tədqiqat işlərinin aparıldığı çохрrоfilli elmi-tibbi müəssisə kimi fəaliyyət göstərən Elmi Tədqiqat Аğciyər Xəstəlikləri İnstitutu öz işini Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2009-2015-ci illərdə elmin inkişafı üzrə Milli Strategiya”ya uyğun qurur.
İnstitut 12 kliniki şöbəni əhatə edən 6 elmi bölmədən – pulmonologiya, ftiziatriya, ftizio-cərrahiyyə, torakal cərrahiyyə, tibbi elmi informatika və laborator-diaqnostik bölmələrdən ibarətdir. Klinikada yüksək ixtisaslı kadrlar fəaliyyət göstərir. Onların arasında tibb elmləri doktoru, tibb üzrə fəlsəfə doktorları var. Azərbaycan dövləti kadrların təkmilləşdirilməsi məsələsini daim diqqət mərkəzində saxlayır. İnstitutun bir neçə mütəxəssisi xaricdə öz ixtisasları üzrə təkmilləşmə kursları keçiblər. Həkimlər Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycanda və digər ölkələrdə təşkil etdiyi bir sıra treninqlərdə aktiv iştirak ediblər.
İ.Axundova diqqətə çatdırıb ki, Аğciyər Xəstəlikləri İnstitutu həm də ölkəmizdə bu qəbildən olan patologiyalar üzrə metodiki mərkəzdir. Belə ki, Azərbaycanın bir çox şəhər və rayonlarında ağciyər xəstəliklərinin erkən diaqnostikası, müalicə və profilaktikasının keyfiyyətinin artırılmasına, yerlərdə bu sahədə çalışan həkimlərin və orta tibb işçilərinin təkmilləşdirilməsinə də xüsusi fikir verilib – İnstitutun əməkdaşları tərəfindən Bakıda və müxtəlif bölgələrdə, o cümlədən penitensiar müəssisələrdə 500-dən artıq təlim hazırlanıb və keçirilib.
Qeyd edilib ki, ilk dəfə olaraq məhkum şəxslər arasında vərəmin yayılması və xəstəliyin xüsusiyyətləri öyrənilib. Nəticələrə əsaslanaraq müalicə və profilaktika tədbirləri yerinə yetirilib. Azadlığa çıxdıqdan sonra da belə xəstələr yaşayış yerindən asılı olmayaraq uzun müddət ciddi həkim nəzarəti altında müalicə edilirlər.
Azərbaycanda vərəm xəstələrinin sayı azalır
Toplantıda bildirib ki, bu sahədə həyata keçirilən tədbirlərin, Milli Vərəm Proqramının, 2011-2015-ci və 2016-2020-ci illər üçün vərəmlə mübarizə üzrə Tədbirlər Proqramlarının icra edilməsi sayəsində hazırda vərəmlə bağlı göstəricilərdə müsbət dinamika müşahidə olunur. Belə ki, son 5 ildə xəstələnmə göstəricisi 100 000 nəfər əhaliyə 2010-cu ildə 53,5-dən 2014-cü ildə 41,3-dək azalıb.
Direktor müavini məlumat verib ki, epidemioloji vəziyyəti xarakterizə edən gostəricilərdən biri də ilkin aşkar olunmuş vərəmli xəstələr arasında ayrı-ayrı kliniki formalar üzrə xəstələnmədir: “Ağciyər vərəminin strukturuna nəzər salsaq, ümumilikdə, ölkə üzrə infiltrativ vərəm formalarının azalması, gecikmiş, yayılmış vərəm formalarının sayında isə stabilləşmə müşahidə olunur. Bu da öz növbəsində əhalinin, əsasən də risk qruplarının aşkarlanma üsullarına aktiv cəlb olunması, erkən aşkarlanmanın yaxşı aparılması ilə əlaqədardır. Epidemioloji prosesin gedişini təyin etmək üçün bu ildən ilkin xəstələr arasında uşaqların payı hesablanır. Son illərdə uşaqlar və yeniyetmələr arasında xəstələnmənin azalması (21,45-dən 14,3-dək) müşahidə olunur. Bu birtərəfli tendensiya ölkədə ümumilikdə epidemioloji proseslərin stabilləşməsini göstərir”.
Bildirilib ki, 2010-cu ildən etibarən Azərbaycan dövləti vərəmli xəstələrin dərmanla təchizatını öz üzərinə götürüb. 2013-cü ildən başlayaraq, dərmana davamlı vərəmli xəstələrin müalicəsi üçün lazım olan preparatlar da dövlət tərəfindən təchiz olunur. Dövlət Proqramı çərçivəsində dərmana davamlı vərəmli xəstələrə xidmət göstərən, müasir standartlara cavab verən 3 mərkəz (6 saylı, 8 saylı və 9 saylı xüsusiləşdirilmiş vərəm xəstəxanaları) istifadəyə verilib.
Direktor müavini Azərbaycanda 8 minə qədər vərəm xəstəsinin qeydiyyatda olduğunu və onların tam pulsuz müalicə aldıqlarını da söyləyib. Həmçinin bildirib ki, Azərbaycanda Milli Vərəm Proqramı çərçivəsində vərəm xəstələrinin registri tərtib edilib, ilk dəfə olaraq unikal e-TB-manager – vərəm xəstələrinin elektron onlayn qeydiyyat sistemi hazırlanıb və ÜST-nin dəstəyi ilə bütün ölkədə tətbiq olunub. Bu sistem vahid məlumat bazası kimi, vərəm xəstəliyi olan hər bir şəxsin yaşayış və qeydiyyat yerindən asılı olmayaraq, fərdi nömrəsi vasitəsilə müntəzəm müayinədən keçməsinə və müalicənin fasiləsiz aparılmasına imkan verir. Həmçinin proqram statistik qüsurları aradan qaldırır və xəstələrin tarixçələrinə nəzarəti gücləndirərək, müalicədən yayınma hallarının qarşısını alır.
“Dəyirmi masa”da ÜST-nin vərəmlə bağlı statistik göstəriciləri də açıqlanıb. Məlumat verilib ki, dünyada il ərzində 9 milyondan artıq insan vərəmlə xəstələnir və 1 milyon 800 min insan bu xəstəlikdən vəfat edir. Müalicə olunmayan bir yoluxucu vərəm xəstəsi 1 ildə 10-15 yeni xəstə yaradır. Xəstəliyin vaxtında müalicə olunmaması əlillik və ölümlə nəticələnir. Bu səbəbdən vərəm problemi dünya səhiyyə sisteminin qlobal problemi olaraq cəmiyyətin sağlam inkişafına təhlükə yaradır.
1993-cü ildə ÜST vərəm xəstəliyinin yayılmasının qarşısının alınması və epidemioloji vəziyyətin nəzarət altında saxlanılması məqsədilə dünyada gərgin epidemioloji vəziyyət elan etmiş, bu xəstəliyə qarşı bütün ölkələrə birgə mübarizə aparmağı tövsiyə etmişdi. ÜST dünya ictimaiyyəti qarşısında 2050-ci ilədək vərəmin yayılmasının qeyri-əhəmiyyətli səviyyəyə çatdırılması vəzifəsini qoyub. Lakin bu məqsədə nail olmaq üçün həm səhiyyə sistemləri, həm də bütün dünya ölkələrinin hökumətləri tərəfindən ciddi səylər tələb olunur.
Toplantıda bu problemlərin Azərbaycanda da aktual olduğu vurğulanıb, bununla yanaşı, qeyd edilib ki, son illərdə ölkəmizdə bu sahədə müşahidə olunan irəliləyişlər – xəstələnmə səviyyəsinin azalması, müalicə effektivliyinin yüksəlməsi, xəstə kontingentin əhəmiyyətli dərəcədə azalması tendensiyaları yaxın gələcəkdə daha böyük uğurlar qazanılacağına inam yaradır.


Xəbəri paylaş




İyul 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova