Xroniki böyrək çatışmazlığından əziyyət çəkənlər dövlət hesabına müalicə olunur

“Bu gün ölkəmizdə xroniki böyrək çatışmazlığından əziyyət çəkən 2900-dən artıq xəstə dövlət hesabına hemodializlə təmin edilib. Onlardan 9 nəfəri 15 yaşa qədər uşaqlardır. Azərbaycan MDB ölkələri arasında yeganə dövlətdir ki, burada hemodializ alan xəstələrin növbəsi yoxdur və hər kəs üçün bərabər şərait yaradılıb”.
Bu haqda Kliniki Tibbi Mərkəzdə xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanlara dövlət qayğısı ilə bağlı keçirilən “dəyirmi masa”da M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının Hemodializ şöbəsinin müdiri Fariz Babayev məlumat verib.
O bildirib ki, hər yaş qrupunda qeydə alınan bu xəstəliyə Azərbaycanda daha çox orta yaşlı insanlarda – 35-50 yaş arasında olanlarda rast gəlinir. Hemodializ alan xəstələrin 57 faizi kişi, 43 faizi isə qadınlardır.
F.Babayev diqqətə çatdırıb ki, müxtəlif ölkələrdə hər milyon nəfərə 800-1000 xroniki böyrək çatışmazlığı xəstəsi düşür və onlardan 250-650 nəfəri dializ müalicəsi alır. Ölkəmizdə isə hər milyon nəfərə böyrək çatışmazlığından əziyyət çəkən 450-500 xəstə düşür ki, onların da təxminən 50-55 faizinin hemodializə ehtiyacı olur. Azərbaycanda hemodializ qəbul edən xəstələrin əksəriyyətində böyrək çatışmazlığına səbəb şəkərli diabetdir.
Şöbə müdiri bir çox ölkələrdə böyrək xəstələri arasında ölüm hallarının 29-35 faiz təşkil etdiyini bildirib, Azərbaycanda isə bu göstəricinin digər ölkələrlə müqayisədə aşağı – 22-23 faiz olduğunu deyib: “Hazırda ölkəmizdə 27-si regionlarda, 7-si Bakıda olmaqla, 34 hemodializ mərkəzi fəaliyyət göstərir. 171 həkim və 408 orta tibb işçisinin dializ müalicəsi ilə məşğul olduğu bu mərkəzlərdə 544 hemodializ aparatı xəstələrə xidmət edir. Müqayisə üçün söyləyim ki, Azərbaycanda 2003-cü ildə cəmi 1, 2006-cı ildə isə 4 hemodializ şöbəsi var idi”.
F.Babayev bu il yanvar ayının 1-dən indiyə kimi 600-ə yaxın xəstənin qeydiyyata alındığını və onların hər birinin hemodializ müalicəsinə başlanıldığını da vurğulayıb: “Bu il dializə cəlb edilənlər arasında ağır vəziyyətdə olanlar da var, amma onların sayı azdır”.
“Dəyirmi masa”da həmçinin böyrək çatışmazlığı xəstəliyinin müalicəsində mövcud problemlərdən də danışılıb. Şöbə müdiri bildirib ki, Azərbaycanda bu sahədə ən böyük problem donor məsələsidir. O qeyd edib ki, hazırda ölkəmizdə ancaq qohumlardan böyrək transplantasiyası həyata keçirilir, 300-ə yaxın xəstə ailə üzvlərinin böyrəklərinin köçürülməsi üçün növbə gözləyir.
Fariz Babayev Azərbaycanda və xaricdə böyrək və digər orqanlar köçürülmüş 640-a qədər xəstənin ölkəmizdə qeydiyyatda olduğunu, onların müayinə və müalicəsinin dövlət hesabına aparıldığını da diqqətə çatdırıb. Bildirib ki, belə xəstələrin sayı hər il 20-22 faiz artır.
Tədbirdə məlumat verilib ki, xroniki böyrək çatışmazlığı böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəliklər, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri, bir sıra uroloji obstruktiv patologiyalar səbəbindən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır. Nazirlər Kabinetinin 2006-cı və 2010-cu illərdə bu sahədə qəbul etdiyi tədbirlər proqramları sayəsində belə xəstələrin aşkarlanması və dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təmin edilməsi mümkün olub. Yeni qəbul olunan və 2016-2020-ci illəri əhatə edən üçüncü Tədbirlər Proqramı nefroloji yardımın daha da təkmilləşdirilməsinə, yeni dializ mərkəzlərinin yaradılmasına, xəstələrin ömrünün uzadılmasına, onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına və tibbi-sosial reabilitasiyasına, hemodializ müalicəsi alan və böyrək köçürülmüş xəstələrin davamlı dərman təminatına yönəlib.
“Dəyirmi masa”da Kliniki Tibbi Mərkəzin Hemodializ şöbəsinin müdiri Mirhəşim Cəlalov bildirib ki, hazırda bu xəstəxanada böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkən 443 nəfər dializ müalicəsi alır. Onun sözlərinə görə, bu gün ölkəmizdə Səhiyyə Nazirliyinin göstərişinə əsasən hemodializ xəstələri 70 adda dərmanla təmin olunurlar.
Xəbəri paylaş