Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələrdəndir
Hər il dekabrın 1-də Ümumdünya Səhiyyə Təşkilatına (ÜST) üzv olan ölkələr Ümumdünya QİÇS-lə Mübarizə gününü qeyd edirlər. 1988-ci ildə təsis olunan bu gün İİV/QİÇS barədə maarifləndirmə və pandemiyaya qarşı beynəlxalq həmrəyliyi nümayiş etdirmək məqsədi daşıyır.
ÜST-nin Avropa üzrə Regional Ofisi ilə Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzi hər il Ümumdünya QİÇS-lə Mübarizə günündə birgə illik hesabat dərc edirlər. Hesabata əsasən, 2013-cü ildə Avropa və Mərkəzi Asiyada 136 mindən çox yeni İİV halları qeydə alınıb. Bu isə 2004-cü illə müqayisədə 80 faiz artım deməkdir. QİÇS halları son onillikdə Avropa Birliyi/Avropa İqtisadi Məkanı üzrə 48 faiz azaldığı halda, Şərqi Avropa və Mərkəzi Asiyada üç dəfə artıb.
ÜST-nin Avropa üzrə regional direktoru Jujanna Yakab bildirib: “Minilliyin İnkişaf Məqsədləri arasında Avropanın hədəfi 2015-ci il üçün İİV/QİÇS-in yayılmasını dayandırmaq və onu azaltmaq idi. Vaxt artıq bitir, ancaq Avropa bu məqsədinə çatmayıb. Sağlamlığa təhlükə yaradan amillərlə getdikcə daha çox üzləşməyimiz bizə xatırladır ki, İİV/QİÇS-ə qarşı sayıqlığımızın azalmasına imkan verməməliyik”.
Azərbaycan İİV-ə yoluxma səviyyəsi aşağı olan ölkələr sırasına daxildir. Buna baxmayaraq, Səhiyyə Nazirliyi İİV/QİÇŞ problemini daim diqqət mərkəzində saxlayır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumata görə, İİV epidemiyasının müntəzəm aparılan monitorinqi onun əsasən yoluxmaya yüksək riskli əhali qrupuna aid olan inyeksion narkotik istifadəçiləri arasında yayılmasını təsdiqləyir.
Bu ilin 11 ayı ərzində ölkəmizdə İİV-ə yoluxma faktı aşkar olunan 561 nəfər Respublika QİÇS-lə Mübarizə Mərkəzində qeydiyyata alınıb. Onlardan 545-i Azərbaycan vətəndaşı (336 kişi, 209 qadın), 16 nəfəri isə əcnəbidir.
Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2014-cü il dekabrın 1-dək İİV infeksiyası təsdiq olunmuş 4859 nəfər Mərkəzdə rəsmi qeydiyyata götürülüb. Onların 4694 nəfəri Azərbaycan vətəndaşı (3572 kişi, 1122 qadın), 165-i isə əcnəbidir. QİÇS mərhələsində olan insanların sayı 1508 nəfərə çatır ki, onlardan 1484-ü Azərbaycan vətəndaşıdır. Bu müddətdə İİV infeksiyasından 667 nəfər Azərbaycan vətəndaşı dünyasını dəyişib.
İİV-ə yoluxmuş şəxslərin əraziyə görə bölgüsünə gəlincə, 4694 nəfər Azərbaycan vətəndaşından 1198-i Bakı şəhəri və Abşeron rayonunda, 3656-sı digər 55 şəhər və rayonda qeydiyyatda olan şəxslərdir, 38 nəfərin isə yaşayış yeri naməlumdur. İİV-müsbət Azərbaycan vətəndaşlarının 2578-də yoluxma inyeksion narkotik istifadəsi nəticəsində, 1637-də heteroseksual, 61-də homoseksual kontakt nəticəsində, 82-də anadan uşağa keçməklə, 1-də donor qanının köçürülməsi nəticəsində baş verib. 336 nəfərdə yoluxma yolu müəyyən edilməyib.
Respublika QİÇS-lə Mübarizə Mərkəzindən həmçinin bildirilir ki, bu tibb müəssisəsində İİV-lə yaşayan insanlara müalicə, qulluq və dəstək göstərilir. Belə ki, artıq 8 ildir tətbiq edilən antiretrovirus müalicəsinə hazırda 2323 nəfər cəlb olunub. Onlardan 552 nəfərin müalicəsinə bu ilin 11 ayı ərzində başlanılıb. Eyni zamanda, antiretrovirus müalicəsinin təşkilini təkmilləşdirmək məqsədilə 6 bölgədə Səhiyyə Nazirliyi tərəfindən ART mərkəzləri yaradılıb. Hazırda İİV-ə görə müayinəni hər kəs üçün əlçatan etmək məqsədilə ölkə ərazisində 50 məntəqədən ibarət könüllü məsləhət və müayinə şəbəkəsi yaradılmaqdadır. Onlardan 43-ü, həmçinin İİV müayinələrinə yüksək riskli əhali qruplarının cəlb edilməsi üçün Bakıda və regionlarda 12 səyyar məntəqə artıq fəaliyyət göstərir.
Respublika QİÇS-lə Mübarizə Mərkəzi İİV/QİÇS-in qarşısının alınması məqsədi ilə maarifləndirmə tədbirləri də həyata keçirir.