Uşaqların sağlamlığı Azərbaycan dövlətinin diqqət mərkəzindədir
Uşaqların sağlamlıqlarının qorunmasını daim diqqət mərkəzində saxlayan Azərbaycan dövlətində son illərdə bu sahədə mühüm nailiyyətlər əldə olunub. Bununla belə, pediatrik xidmətin keyfiyyətinin yaxşılaşdırılması, bu xidmətdə çalışan tibb işçilərinin peşə biliklərinin artırılması, onların beynəlxalq standartlara uyğun mütəxəssislər olması istiqamətində aparılan işlər davam etdirilir. Həmin tədbirlərin davamlılığının təmin edilməsində Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq olunmuş “Uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair Dövlət Proqramı”nın əhəmiyyətli rolu var. Səhiyyə Nazirliyində bu proqramın həyata keçirilməsi üzrə tədbirlər planı hazırlanıb və təsdiq edilib. Həmin plana uyğun olaraq, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu (ADHTİ) pediatriya sahəsində çalışan həkimlərə uşaqlar arasında geniş yayılmış xəstəliklərin erkən aşkarlanması, profilaktikası və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə mütəmadi təlimlər keçir.
ADHTİ-da təşkil olunan “Uşaqlar arasında geniş yayılmış xəstəliklər” mövzusunda növbəti beynəlxalq elmi-praktiki konfrans ölkəmizdə uşaq sağlamlığına dövlət qayğısının daha bir nümunəsi hesab edilə bilər.
Konfransı açan ADHTİ-nin rektoru, tibb elmləri doktoru Nazim Qasımov mövzunun aktuallığından danışaraq deyib ki, dövlətimizin qarşısında duran prioritet məsələlərdən biri də genofondumuzun qorunmasıdır. Bu məqsədlə Azərbaycanda son illərdə uşaqların sağlamlığının mühafizəsi üçün müxtəlif tədbirlər həyata keçirilir. Görülən işlər sırasında uşaq xəstəliklərinin erkən diaqnostikası məsələləri mühüm yer tutur. Uşaqlar arasında yayılan patologiyaların profilaktikasında onların icbari dispanserizasiyadan keçirilməsinin xüsusi rolu vardır.
İnstitutun rektoru əminliklə bildirib ki, konfransda yerli və xarici mütəxəssislərin pediatriya sahəsində elmi nailiyyətlər və yeniliklərə dair məruzələri həkimlərimizin gündəlik iş praktikası üçün faydalı olacaq.
Sonra Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, professor Nəsib Quliyev “Azərbaycanda uşaqlara tibbi xidmətin problemləri və perspektivləri” mövzusunda məruzə ilə çıxış edib. Ölkəmizdə uşaq əhalisinin sağlamlığının qorunması istiqamətində görülmüş işlər barədə məlumat verən N.Quliyev xatırladıb ki, Ümumdünya Səhiyyə Təşkilatı 2007-ci ildə Azərbaycanın “Poliomielitdən azad ölkə” statusu almasını bəyan edib. İndi əsas hədəf 2015-ci ildə “Qızılcadan azad ölkə” statusu qazanmaqdır.
Beynəlxalq elmi-praktiki konfransın birinci günü Vyana Tibb Universitetinin (Avstriya) professoru Dieter Kollerin “Uşaqlarda allergik xəstəliklər: diaqnostika və müalicələr” və “Pediatrik allerqologiyanın əsasları” mövzularında məruzələri iştirakçıların marağına səbəb olub.
Həmçinin professor İbrahim İsayev “Anadangəmə ürək qüsurlarının prenatal diaqnostikası və profilaktikası”, professor Aslan Həsənov “Azərbaycanda uşaq əhalisi arasında nevroloji xəstəliklərin yayılmasının öyrənilməsi", professor Surxay Musayev “Uşaqlarda sistem qurdeşənəyinin müalicəsində kiçik dozalarda immunoterapiyanın effektivliyi” və Azər Fərəc “Exokardioqrafiya və genetika” mövzularıda çıxış ediblər.
Ə.Əliyev adına ADHTİ-nin həkim-müdavimlərinin, ölkənin müxtəlif uşaq xəstəxanaları və uşaq poliklinikalarının həkimlərinin iştirak etdiyi tədbirin ikinci günü professor Dieter Kollerin “Uşaqlarda infeksion xəstəliklərin ağırlıq dərəcəsinin müəyyənləşdirilməsi. Banal infeksiyaların müalicəsi”, İngiltərəli mütəxəssis doktor Andreas Petropolusun “Uşaqlarda ən çox yayılmış anadangəlmə ürək qüsurları” və “Uşaq yaşlarında ən çox yayılmış ürək-damar sistemi xəstəlikləri”, professor Lalə Allahverdiyevanın “Naxçıvanın Duzdağ mağarasında uşaqlarda bronxial astmanın qeyri-dərman müalicəsi”, dosent Səadət Hüseynovanın ”Vaxtından əvvəl doğulmuş uşaqlarda hipoksik-işemik ensefalopatiyaların ağırlıq dərəcəsinin qiymətləndirilməsinə müasir yanaşmalar", dosent Sənubər Vəliyevanın “Azərbaycanda uşaqlarda raxit və D hipovitaminozunun yayılması”, dosent Rəqsanə Məmmədovanın “Uşaqlarda bronxoobstruktiv sindrom”, Mərkəzi Neftçilər Xəstəxanasının Anesteziologiya və kardioloji reanimatologiya şöbəsinin müdiri professor Ermann Massanın “Multirezistent qramm-müsbət endokarditlərin müalicəsi” mövzularında məruzələri dinlənilib. Böyük maraqla qarşılanmış məruzələr ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.