Azərbaycanda “Avropa İİV-ə testləşmə həftəsi – 2015” keçirildi

Respublika QİÇS-lə Mübarizə Mərkəzi 1 Dekabr – Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar olaraq, eləcə də “Avropa İİV-ə testləşmə həftəsi” (European HIV Testing Week) çərçivəsində Bakı və regionlarda yerləşən ali təhsil ocaqlarında, ticarət mərkəzlərində, avtovağzallarda, dövlət və özəl müəssisələrdə və digər obyektlərdə profilaktik və maarifləndirmə yönümlü tədbirlər keçirib.
Avropanın 53 ölkəsinin 700-dən çox dövlət və ictimai təşkilatının iştirak etdiyi bu möhtəşəm ümumavropa müayinə və maarifləndirmə kampaniyası noyabrın 20-dən 27-nə qədər davam edib.
Kampaniya insanın immunçatışmazlığı virusunun (İİV) Azərbaycanda yayılmasının qarşısının alınması, əhalinin İİV/QİÇS haqqında biliklərinin artırılması, sağlam və təhlükəsiz həyat tərzinin təbliği məqsədi daşıyıb. “Avropa İİV-ə testləşmə həftəsi” çərçivəsində aksiyaların keçirilməsi üçün İİV-lə bağlı könüllü müayinə və məsləhət üzrə müvəqqəti məntəqələr təşkil olunub. Bu məntəqələrdə müraciət edənlər pulsuz, anonim qaydada İİV-ə ekspress-testdən keçərək, 15-20 dəqiqə ərzində İİV infeksiyası daşıyıcısı olub-olmadığını öyrənə biliblər.
Aksiyalar Bakı və Salyan avtovağzallarında, mühacirlərin çoxluq təşkil etdiyi ərazilərdə, “28 Mall”, “Park bulvar”, “Metropark” ticarət və əyləncə mərkəzlərində, Bakı, Gəncə, Sumqayıt, Lənkəran, Mingəçevir və digər şəhər və rayonlarda yerləşən ali təhsil ocaqlarında keçirilib. Bununla yanaşı, paytaxtda əhalinin sıx olduğu digər yerlərdə də səyyar müayinə və məsləhət məntəqələri fəaliyyət göstərib.
“Avropa İİV-ə testləşmə həftəsi” ərzində QİÇS-lə Mübarizə Mərkəzi mütəxəssislərinin paytaxt və regional telekanallarda çıxışları olub. Bundan başqa, Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin Bakıda yerləşən avtobus dayanacaqlarındakı monitorlarında həftə ərzində İİV/QİÇS haqqında videoçarx nümayiş edilib. Eyni zamanda, ölkədən Rusiyaya və Ukraynaya hərəkət edən qatarlarda İİV haqqında buklet və kitabçalar paylanıb.
Qeyd edək ki, təxmini hesablamalara görə, insanın immunçatışmazlığı virusuna yoluxmuş hər üç avropalıdan biri bu infeksiyanın daşıyıcısı olduğunu bilmir. İİV uzun illər boyu özünü göstərməyə bilər, buna görə də yoluxmuş insanların çoxu bu infeksiyaya tutulmaları haqda çox gec xəbər tutur. Halbuki gec diaqnostika bu xəstəlikdən ölüm hallarını artırır.
Mütəxəssislər hesab edirlər ki, İİV-in ilkin diaqnostikası üçün ən yaxşı metod ekspress-testdir. “Avropa İİV-ə testləşmə həftəsi”nin də məqsədi İİV infeksiyasının sadə, asan və effektli diaqnostika metodu olan testin təbliği, bu virusun gec aşkarlanmasının qarşının alınması, insanlar arasında İİV-ə yoluxma yolları və bu təhlükədən qorunmaqla bağlı maariflənmə işinin aparılması, həmçinin bu virusla yaşayan insanların stiqma və diskriminasiyasına yol verilməməsidir.
Xatırladaq ki, ilk dəfə “Avropa İİV-ə testləşmə həftəsi” 20 beynəlxalq təşkilatın təşəbbüsü və Ümumdünya Səhiyyə Təşkilatının himayədarlığı ilə 2013-cü ildə keçirilib. O zaman bu təşəbbüsə Avropanın 400-dən artıq dövlət, qeyri-hökumət və ictimai təşkilatları, o cümlədən Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin QİÇS-lə Mübarizə Mərkəzi də qoşulub.
Azərbaycanda “Avropa həftəsi” çərçivəsində aksiyalar geniş əhali təbəqəsinin, o cümlədən yoluxma riski yüksək olanların müayinəyə cəlb olunmasına, dövlət və ictimai təşkilatların bu epidemiyaya qarşı mübarizədə səylərini birləşdirməsinə, test təcrübəsinin digər ölkələrlə bölüşdürülməsinə, əhali arasında məlumatlılığın artırılmasına və s. imkan yaradır.
Qeyd etmək lazımdır ki, Azərbaycanda dövlət İİV-ə pulsuz, anonim diaqnostikanı və müalicəni təmin edir.
Xəbəri paylaş