Anesteziologiya və reanimatologiya dünya tələbləri səviyyəsində fəaliyyət göstərir
Hər il 16 oktyabr qlobal miqyasda Ümumdünya anestezioloqlar günü kimi qeyd edilir. Məhz bu tarixdə 1846-cı ildə diş həkimi Vilyam Tomas Morton cərrahi əməliyyatda ilk dəfə efir narkozu tətbiq edib. Həmin vaxtdan etibarən müxtəlif əməliyyatlarda həm etil efirindən, həm də narkoz effekti yaradan digər maddələrdən istifadə edilməyə başlanıb. Beləliklə, təbabətdə müstəqil praktiki sahə kimi anesteziologiyanın əsası qoyulub.
Bu gün Azərbaycanda səhiyyə sistemində aparılan geniş islahatlar, dövlətimizin əhalinin sağlamlığına göstərdiyi qayğı sayəsində anesteziologiya və reanimatologiya sahəsi dünya standartları və normativləri səviyyəsində fəaliyyət göstərir. Ölkədə yüksək ixtisaslı anestezioloji və reanimatoloji yardım üçün bütün tibb müəssisələrində müasir standartlara cavab verən müvafiq maddi-texniki baza yaradılıb. Ən ucqar rayonlarda belə, anestezioloji və reanimatoloji xidmət təşkil olunub.
Azərbaycanda yüksək seçimli müxtəlif anesteziya metodları tətbiq edilir, reanimatoloji xəstələri vəziyyətdən çıxartmaq üçün Ümumdünya Səhiyyə Təşkilatının tövsiyə etdiyi bütün ən yeni dərman preparatları da var. Ölkədə bu sahədə yüksək ixtisaslı kadrlar fəaliyyət göstərir. Artıq 5 ildir ki, həkimlərin peşə sertifikatlaşdırılması praktikası kadrların ixtisas səviyyəsinin artmasına şərait yaradır. Həmçinin tibb təhsilində rezidentura sisteminin tətbiqi gələcək anestezioloq-reanimatoloqların yüksək səviyyəli peşəkar kimi hazırlanmasına imkan verir.