Astarada ilk dəfə anadan övladına böyrək köçürülüb
Astara Rayon Mərkəzi Xəstəxanasında ilk dəfə böyrək transplantasiyası kimi mürəkkəb əməliyyat icra olunub. 27 yaşlı pasiyentə canlı donordan – anasından böyrək köçürülməsi uğurla həyata keçirilib. Hazırda həm resipiyentin, həm də donorun vəziyyətinin yaxşı olduğu bildirilir.
Əməliyyat Azərbaycan Respublikası Səhiyyə Nazirliyi və Astara Rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə son bir aydır davam edən aksiya çərçivəsində, Mərkəzi Neftçilər Xəstəxanasının və Respublika Diaqnostika Mərkəzinin həkimlərindən ibarət briqada tərəfindən həyata keçirilib.
Bununla yanaşı, aksiya çərçivəsində həmin klinikaların həkim briqadaları Astara rayon mərkəzində, həmçinin ətraf qəsəbə və kəndlərdə 800-ə yaxın insanı müayinə edib, Astara RMX-da bir neçə əməliyyat aparıblar.
Ölkəmizdə dövlət tərəfindən səhiyyəyə göstərilən qayğı nəticəsində son illərdə bu cür aksiyaların sayı və miqyası get-gedə artır. Statistik göstəricilərə əsasən, Astara əhalisinin müayinə və müalicə üçün İran İslam Respublikasına getməkdən artıq imtina etdiyi, yerli tibb mərkəzlərinə üz tutuqları bildirilir. Bu isə səhiyyəmizin regional səviyyədə belə güclü inkişafının sübutudur.