Aşura günü qan verənlərdən 284 nəfərində təhlükəli infeksiya aşkarlanıb

Aşura günü qan verənlərdən 284 nəfərində təhlükəli infeksiya aşkarlanıb

Hər il olduğu kimi, bu il də Aşura günündə Səhiyyə Nazirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşkilatçılığı ilə qanvermə aksiyaları keçirilib. Ölkə üzrə 14 məscid və ziyarətgahda təşkil edilən, qana ehtiyacı olan xəstələrə yardım və dini ayinlərin həyata keçirilməsi məqsədi daşıyan könüllü qanvermə aksiyalarında B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının briqadaları bir gündə 5 136 nəfərdən qan götürüb. Ümumilikdə 2311,2 litr qan tədarük olunub.
Azərbaycanda Aşura günündə qan verən insanların 284-nün qanında təhlükəli infeksiyalar aşkarlanıb. Bu barədə Səhiyyə Nazirliyinin B.Eyvazov adına Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının baş həkimi Pərvanə Hacıyeva APA-ya müsahibəsində deyib: “Aşura günündə tədarük olunan 2311,2 litr qan əsasən hepatit B, hepatit C, İİV və sifilis infeksiyalarına qarşı yoxlanılıb. Bu il yoluxmalar arasında sifilis infeksiyası üstünlük təşkil edib. Sonrakı yerdə hepatitlər qərarlaşıb, 3 nəfərin qanında isə İİV tapılıb”. Baş həkim vurğulayıb ki, Aşura günü vətəndaşlardan alınan qanlar 42 gün ərzində Mərkəzi Qan Bankında soyuducuda saxlanılacaq, həmin 284 nəfərdən toplanan 128 litrə yaxın qan isə yandırılacaq.
P.Hacıyeva qeyd edib ki, qanında infeksiya aşkarlananların hər biri ilə yenidən əlaqə saxlanılacaq: “Bakıda yaşayanlar Bakıda, rayonlarda yaşayanlar rayonlarda yenidən müayinə olunacaqlar. İnfeksiya tam dəqiqləşdiriləndən sonra onlara infeksiya haqda ətraflı məlumat veriləcək”.
Könüllü qanvermə aksiyaları Məhərrəm ayı boyunca davam edəcək.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova