Tibb Universitetində Bilik günü qeyd olunub
Sentyabrın 15-də Azərbaycan Tibb Universitetində (ATU) Bilik gününə həsr olunmuş təntənəli mərasim keçirilib.
Tədbirdə rektor, akademik Əhliman Əmiraslanov çıxış edərək, tələbələri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib, onlara uğurlar arzulayıb. Ölkəmizdə Bilik gününün keçirilməsi ənənəsinin əsasını ulu öndər Heydər Əliyevin qoyduğunu xatırladan Ə.Əmiraslanov son 12 ildə Prezident İlham Əliyev tərəfindən elmin inkişafına, təhsil sisteminin, səhiyyənin tərəqqisinə göstərilən dövlət qayğısından danışıb. 85 illik şərəfli bir yol keçmiş Azərbaycan Tibb Universitetinin bugünkü zirvəyə çatması üçün uzun illərdən bəri aparılan elmi axtarışlardan, çəkilən zəhmətdən söz açıb.
ATU-nun tələbəsi adını qazanmış gəncləri təbrik edən Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov bu təhsil ocağının nəinki ölkəmizdə, ümumiyyətlə regionda fəaliyyət göstərən universitetlər arasında seçildiyini söyləyib.
Səhiyyə nazirinin müavini Elsevər Ağayev isə Azərbaycanda və dünyanın hər bir yerində təhsilin böyük önəm daşıdığını bildirərək deyib: “85 il yaddaqalan bir tarixdir. Hazırda biz bu tarix boyunca əldə olunan nailiyyətlərin şahidiyik. İndi Azərbaycanda tibb təhsili islahatlar dövrünü yaşayır. Əgər 2000-ci ildə açıq ürək əməliyyatı bizə çətin bir əməliyyat kimi görünürdüsə, indi ATU-nun klinikalarında bundan da mürəkkəb əməliyyatlar uğurla icra olunur”.
YAP Nəsimi rayon təşkilatının sədri, Milli Məclisin deputatı Məlahət Həsənova isə tələbəlik illəri ilə bağlı xatirələrini söyləyib, ATU-nun kollektivini həm Bilik günü, həm də 85 illik yubiley münasibətilə təbrik edib.
Daha sonra akademik Dilqəm Tağıyev ATU-nun ötən illər ərzində qazandığı uğur və nailiyyətlər haqqında fikirlərini bölüşüb.
Bu il qəbul imtahanlarında 700 bal toplayaraq ən yüksək nəticə ilə ATU-nun Müalicə-profilaktika fakültəsinə qəbul olunan tələbə Nurlan Məcidov isə müəllimlərinin etimadını doğruldacağını bildirib.
Universitetin professor-müəllim heyətinin, tələbələrin və valideynlərin iştirak etdiyi toplantının sonunda bu il ATU-nun I kursuna qəbul olunan bir qrup gəncə tələbə biletləri təqdim edilib.