İİV-ə testləşmə milli kampaniyası keçirilib
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzi 2013-cü ildə qoşulduğu “İİV-ə testləşmə Avropa həftəsi”nin (European testing week) müsbət təcrübə və nəticələrinə əsaslanaraq, yeni təşəbbüslə çıxış edib. Belə ki, avqustun 3-dən 10-dək ölkəmizdə “İİV-ə testləşmə milli həftəsi” elan olunub. Kampaniyanın məqsədi ölkədə insanın immun çatışmazlığı virusu (İİV) və onun törətdiyi qazanılmış immun çatışmazlığı sindromu (QİÇS) ilə mübarizənin daha da gücləndirilməsi, İİV/QİÇS-in profilaktikasının genişləndirilməsi, yoluxma hallarının erkən aşkarlanması, insanların öz İİV statusunu bilməsi, bu sahədə əhalinin biliklərinin artırılması, İİV-lə bağlı stiqma və diskriminasiya hallarının qarşısının alınmasıdır.
Respublika QİÇS-lə Mübarizə Mərkəzindən verilən məlumata görə, əvvəlcə kampaniyanın bir həftə ilə məhdudlaşması nəzərdə tutulsa da, sonradan müəssisə və təşkilatlardan daxil olan müraciətləri nəzərə alaraq, onun müddətini uzatmaq qərara alınıb. “Testdən keç – təhlükəsiz yaşa!” şuarı altında keçirilən testləşmə kampaniyası avqust ayının sonuna qədər davam etdirilib. Bu müddətdə bütün müraciət edən müəssisə və təşkilatlarda müayinələr keçirilib. O cümlədən, İİV-ə testləşmə milli kampaniyası çərçivəsində Bakı, Sumqayıt və Şəkidə bir sıra emal, istehsalat və xidmət müəssisələrinin – “Təmiz Şəhər” ASC-nin, "Safe Life" MMC-nin, “Delta Group” şirkətlər qrupunun, “Azərkimya” İstehsalat Birliyinin, “Bakı Tikiş Evi” ASC-nin və s. işçiləri İİV testi müayinəsindən keçiblər. Ümumilikdə, kampaniyadan 6489 nəfər şəxs yararlanıb.
Təşəbbüs çərçivəsində Respublika QİÇS-lə Mübarizə Mərkəzinin həkim briqadası müəssisələrin işçilərini könüllülük əsasında anonimlik qorunmaq şərtilə müayinə edib. Müayinələr əsasən iş yerlərində, işçiləri istehsalat prosesindən ayırmadan, ekspress-test metodu ilə aparılıb.
Şəkidə isə “Kanal-S” telekanalında Respublika QİÇS-lə Mübarizə Mərkəzinin Şəki regional laboratoriyasının müdiri İİV/QİÇS barədə maarifləndirici çıxış etdikdən sonra şəhər sakinləri telekanalın qarşısında dayanan mobil İİV-ə könüllü müayinə və məsləhət məntəqəsinə gələrək ekspress-testdən keçiblər.
İİV infeksiyası diaqnostikasının ən sadə metodu sayılan bu müayinə heç bir avadanlıq tətbiq etmədən, barmaqdan qan nümunəsi götürülməklə keçirilib və testin nəticələri 10-15 dəqiqə müddətində müayinədən keçənlərə bildirilib. Onlara həmçinin mütəxəssislər tərəfindən İİV infeksiyası və ondan qorunma yolları barədə məsləhətlər verilib, sağlam və təhlükəsiz həyat tərzi normaları haqqında kitabçalar və digər informasiya materialları paylanılıb.
Qeyd edək ki, “İİV-ə testləşmə milli həftəsi” BMT-nin İİV/QİÇS üzrə birləşmiş proqramı olan UNAIDS təşkilatının 2013-cü ildə elan etdiyi “Sıfır – İİV-ə yeni yoluxma! Sıfır – İİV-lə bağlı stiqma! Sıfır – İİV/QİÇS-dən ölüm!” strategiyası əsasında keçirilir.
Azərbaycanda Avropa həftəliyinin ənənəvi olaraq yüksək səviyyədə təşkili, genişmiqyaslı profilaktik tədbirlərin səmərəliliyi 20-dən çox beynəlxalq təşkilatı özündə birləşdirən “HIV in Europe” təşkilatı tərəfindən xüsusi vurğulanıb.