Tibb Universitetində Reabilitasiya və Fizioterapiya Mərkəzi açıldı
Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Cərrahiyyə Klinikasında Reabilitasiya və Fizioterapiya Mərkəzinin açılışı olub. Türkiyənin “Romatem” Reabilitasiya Xəstəxanalar qrupunun dəstəyi ilə ərsəyə gələn bu mərkəz bərpa müalicəsi sahəsində ən son nailiyyətləri təqdim edəcək.
Açılış münasibətilə keçirilən konfransda ATU-nun rektoru, akademik Əhliman Əmiraslanov Azərbaycanda belə bir mərkəzin açılışının əhaliyə göstərilən tibbi xidmətin səviyyəsinin daha da yüksəldilməsi baxımından çox faydalı olacağını bildirib, xəstələrin müalicəsində reabilitasiyanın böyük rol oynamasından danışıb.
“Romatem” Reabilitasiya Xəstəxanalar qrupunun rəhbəri Göksal Haloğlu Azərbaycanda belə bir mərkəzin yaradılmasında iştirakından qürur duyduğunu vurğulayıb, Türkiyə və Azərbaycanın təbabət sahəsində bir-birindən öyrənəcəyi çox şeylər olduğunu söyləyib.
Azərbaycan Elmi Tədqiqat Tibbi Bərpa İnstitutunun direktoru, ATU-nun Fizioterapiya kursunun müdiri, professor Əlişir Musayev müxtəlif xəstəliklərin müalicəsində reabilitasiyanın böyük əhəmiyyət daşıdığını qeyd edib.
Türkiyəli professor Tunc Alp Kalyon bu mərkəzlə yanaşı, ATU-nun Tədris Cərrahiyyə Klinikası ilə birgə digər layihələrin də olacağına inamını ifadə edib.
Sonra yeni açılan Reabilitasiya və Fizioterapiya Mərkəzinə baxış keçirilib. Burada quraşdırılmış yeni tibbi avadanlıqlar, göstəriləcək tibbi xidmətlər haqqında qonaqlara ətraflı məlumat verilib. Qeyd olunub ki, mərkəz bərpa müalicəsi üçün zəruri olan tibbi avadanlıqlarla tam təchiz edilib. Avadanlıqlar arasında uzunmüddətli yataq xəstələrində hərəkətin bərpası üçün “Erica” aparatı, “Standtable” cihazları xüsusi vurğulanıb. Bundan əlavə, mərkəzdə bədən tərbiyəsi yolu ilə həyata keçirilən müalicə və reablitasiya üçün, o cümlədən, ayrı-ayrı oynaqlarda artrozların aradan götürülməsi, hərəkətin aktivləşdirilməsi üçün lazım olan avadanlıqlar da mövcuddur. Fizioterapiya və reabilitasiya sahəsində xüsusi önəm daşıyan masaj növləri də mərkəzin xidmətləri sırasına daxil edilib.