ÜST: Uşaqların immunizasiyası sahəsində uğurlar var
2014-cü ildə uşaqların həyat əhəmiyyətli vaksinasiya ilə təmin olunmasını 90 faizə çatdıran ölkələrin sayı 2000-ci illə müqayisədə iki dəfə artıb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və BMT Uşaq Fondunun (UNICEF) immunizasiya ilə əhatə olunmaya dair açıqladığı yeni məruzədə qürurla bəyan olunub. Məlumatda bildirilir ki, ötən il daha 6 ölkə uşaqların 90 faizdən çoxunu difteriya, tetanus və göyöskürəyə qarşı (ADTG) üç doza vaksinlə təmin edən dövlətlərin siyahısına daxil edilib və beləliklə, belə ölkələrin sayı hazırda 129-a çatıb.
Məruzədə qeyd edilir ki, 2012-ci ildə ÜST-nin 194 üzv-dövlətinin hamısının qəbul etdiyi Vaksinasiya üzrə Qlobal Fəaliyyət Planında qarşıya qoyulmuş məqsədlərə çatmaq üçün dünyanın 65 ölkəsi bu sahədə strategiyasını dəyişməlidir. Bunlardan 6 ölkədə – Mərkəzi Afrika Respublikası, Çad, Ekvatorial Qvineya, Somali, Cənubi Sudan və Suriya Ərəb Respublikasında ADTG ilə üçdəfəlik əhatə olunma hətta uşaqların 50 faizindən də azdır.
Bu gün dünya üzrə adı çəkilən peyvəndlərin 3 dozası ilə əhatə olunma 86%, ən azı bir doza alan körpələr isə 91% təşkil edir. Halbuki 2000-ci ildə 21 milyon uşaq ADGT peyvəndinin hətta birinci dozasını belə almamışdı. Hazırda isə bu rəqəm 12 milyona düşüb.
Əlamətdardır ki, 15 il əvvəl vaksinasiya olunmayan uşaqların sayı ən çox olan Hindistanda yeni milli immunizasiya proqramı və poliomielitin ləğvi üçün yaradılan infrastrukturdan səmərəli istifadə sayəsində indi ADGT ilə üçdəfəlik əhatə olunma 80%-ə çatdırılıb.
Məruzədə həmçinin qeyd edilir ki, digər əhəmiyyətli peyvəndlər – hepatit B, B tip hemofil infeksiya, rotavirus və pnevmokok infeksiyası əleyhinə vaksinasiya göstəricilərində də müsbət dəyişikliklər var.