Azərbaycanda koronavirus xəstəliyinə qarşı profilaktik tədbirlər gücləndirilir
Azərbaycanda epidemioloji durum ciddi nəzarət altındadır, müxtəlif infeksion xəstəliklərin yayılmasının qarşısını almaq üçün daim preventiv tədbirlər görülür.
Ölkəmizdə koronavirus xəstəliyinə yoluxma və ya şübhəli yoluxma halı aşkarlanmasa da, təhlükəli virusun dünyada tədricən yayılmasını nəzərə alaraq, ona qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə səhiyyə naziri Oqtay Şirəliyev əmr imzalayıb.
Sənəddə koronavirus xəstəliyi barədə tibb işçilərinin məlumatlandırılması, xəstəliyin simptomatik müalicəsi uçun dərman preparatları ehtiyatının yaradılması, tibb müəssisələrində dezinfeksiya tədbirlərinin gücləndirilməsi və s. məsələlər əks olunub. Əmrdə həmçinin respublikanın şəhər və rayonlarının tibb idarə və müəssisələrinin rəhbərlərinə kəskin respirator xəstəlik halları barədə dərhal yerli gigiyena və epidemiologiya mərkəzlərinə məlumat vermək, şübhəli şəxslərdən götürülmüş nümunələri Respublika Taun Əleyhinə Stansiyaya çatdırmaq və s. tapşırılır.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, 2012-ci ilin aprel ayından etibarən ilk dəfə Yaxın Şərq ölkələrində respirator sindromlu koronavirus (MERS-CoV) aşkar edilib və onun törətdiyi xəstəliyin qeydiyyata alınmasına başlanıb. 2015-ci ilin may ayında xəstəliyin Cənubi Koreyada əhəmiyyətli dərəcədə alovlanması baş verib və indi də davam etməkdədir.
Hazırda ümumilikdə dünya ölkələri üzrə 1300-dən artıq insan bu virusa yoluxub və onlardan 500-ə yaxını vəfat edib.