Təhlükəsiz qida insan sağlamlığının əsas şərtlərindən biridir

Təhlükəsiz qida insan sağlamlığının əsas şərtlərindən biridir

Ümumdünya Qida Təhlükəsizliyi Günü ilə bağlı beynəlxalq tədbir keçirilib

ADA Universitetində 7 İyun – Ümumdünya Qida Təhlükəsizliyi Gününə həsr edilmiş “Elm fəaliyyətdədir" adlı konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisi və ADA Universitetinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə beynəlxalq təşkilatlar, dövlət qurumları, elm və təhsil ocaqları, habelə beynəlxalq mütəxəssislər iştirak edib.
Konfransın rəsmi açılış mərasimində AQTA-nın sədr müavini Zəkiyyə Mustafayeva qeyd edib ki, təhlükəsiz qida həyatın davamlılığı və insan sağlamlığının qorunması üçün əsas şərtlərdən biridir. İnsan, heyvan, bitki və ətraf mühit sağlamlığının bir-biri ilə əlaqəsini əks etdirən “Vahid Sağlamlıq” konsepsiyası çərçivəsində qida təhlükəsizliyinə kompleks şəkildə yanaşmaq yalnız insan sağlamlığını deyil, bütövlükdə ekosistemin dayanıqlılığını təmin etmək baxımından həlledici əhəmiyyət daşıyır: “Statistika göstərir ki, hər il dünyada təxminən 600 milyon nəfər qida mənşəli xəstəliklərə yoluxur. Təqribən 420 min insan isə təhlükəli və ya çirklənmiş qidanın istehlakı nəticəsində həyatını itirir. Xüsusilə 5 yaşdan kiçik uşaqlar bu təhlükədən daha çox əziyyət çəkirlər. Onlar qida mənşəli xəstəliklərdən əziyyət çəkənlərin 40 faizini təşkil edir və hər il təxminən 125 min uşaq bu səbəbdən dünyasını dəyişir”.
AQTA-nın sədr müavini bildirib ki, statistika təhlükəli və ya çirklənmiş qidanın yalnız insan sağlamlığı üçün deyil, həm də iqtisadi rifah üçün ciddi təhdid yaratdığını göstərir. Bu təhlükə xüsusilə qadınlar, uşaqlar, münaqişədən zərər çəkmiş əhali və miqrantlar kimi həssas və marginal qruplara daha çox təsir edir.
Zəkiyyə Mustafayeva qida təhlükəsizliyinin təmin olunmasında elmin rolunun mühüm və çoxşaxəli olduğunu deyib: “Bu sahədə elmi nailiyyətlər və texnoloji yeniliklər qida məhsullarının təhlükəsiz istehsalı, saxlanması, daşınması və istehlakı proseslərində risklərin minimuma endirilməsinə imkan yaradır. Mikrobiologiya, biotexnologiya, kimya, qida mühəndisliyi və digər əlaqəli elmi sahələr vasitəsilə mikroorqanizmlərin, toksinlərin və zərərli maddələrin vaxtında aşkarlanması, risklərin qiymətləndirilməsi və qabaqlayıcı tədbirlərin görülməsi mümkün olur.

Həmçinin “Vahid Sağlamlıq” yanaşması çərçivəsində qida təhlükəsizliyinə kompleks şəkildə yanaşmaq yalnız insan sağlamlığını deyil, bütövlükdə ekosistemin dayanıqlılığını təmin etmək baxımından həlledici əhəmiyyət daşıyır. Bu yanaşma həm milli, həm də beynəlxalq miqyasda qabaqlayıcı tədbirlərin planlaşdırılmasında strateji rol oynayır”.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycan Respublikasındakı nümayəndəsi Nasar Hayat güclü, inklüziv və dayanıqlı qida təhlükəsizliyi sistemlərinin qurulmasına sadiq olduqlarını bildirib: “Bu səylərdə sahib olduğumuz ən güclü alətlərdən biri FAO və Ümumdünya Səhiyyə Təşkilatının birgə təşəbbüsü olan Kodeks Alimentarius Komissiyasıdır. Azərbaycanla əməkdaşlığımız bizi qürurlandırır”.
ADA Universitetinin prorektoru Elkin Nurməmmədov Kənd təsərrüfatı və qida elmləri fakültəsinin yeni yaradılmış akademik proqramları haqqında danışıb. O, bu proqramların Boloniya Universiteti ilə əməkdaşlıq çərçivəsində hazırlandığını qeyd edib.
Kodeks Alimentarius Komissiyasının sədr müavini Betül Vazgeçer isə iştirakçılara videomüraciətində Azərbaycanın kodeks fəaliyyətlərində artan rolunu yüksək qiymətləndirib.
Daha sonra tədbirdə “Qida sistemlərinin rolu: insan, heyvan və ətraf mühit sağlamlığının inteqrasiyası” və “Qida təhlükəsizliyi və keyfiyyətinin təmin olunmasında ali təhsil sisteminin rolu: gələcək nəsil mütəxəssislər və innovativ elmi yanaşmalar” mövzusunda panel müzakirələr təşkil olunub.
Konfrans çərçivəsində uşaqların sağlam qidalanması ilə bağlı rəsm əsərlərindən ibarət sərgi də nümayiş etdirilib.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova