Respublika Qan Bankında Ümumdünya Qan Donoru Günü qeyd edilib

Səhiyyə Nazirliyi Respublika Qan Bankında 14 İyun – Ümumdünya Qan Donoru Günü münasibətilə tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə Respublika Qan Bankının icraçı direktoru Elxan Nağıyev bu günün mahiyyəti, qan donorluğunun əhəmiyyəti barədə danışıb. Bildirib ki, son illər ölkəmizdə səhiyyə sahəsində mühüm nailiyyətlər əldə olunub: “Bu gün ölkəmizdə səhiyyənin inkişafı, əhalinin sağlamlığının qorunması istiqamətində həyata keçirilən genişmiqyaslı islahatların əsasında Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın diqqət və qayğısı dayanır. Səhiyyənin bütün istiqamətləri üzrə, o cümlədən qan donorluğu sahəsində mühüm addımlar atılıb”, – deyə icraçı direktor qeyd edib.
O vurğulayıb ki, donor qan banklarının maddi-texniki bazasının gücləndirilməsi, müasir tibbi avadanlıqlarla təmin olunması, yeni texnologiyaların tətbiqi bu sahədə keyfiyyətin və təhlükəsizliyin artırılmasına xidmət edir.
Səhiyyə Nazirliyinin Səhiyyə siyasəti şöbəsinin müdiri Ramik Quliyev çıxışında bildirib ki, Ümumdünya Qan Donoru Günü təhlükəsiz qan və qan komponentlərinə olan tələbata ictimaiyyətin diqqətini cəlb etmək, bu sahədə maarifləndirmə işini genişləndirmək, eyni zamanda, öz qanı ilə ehtiyacı olan şəxslərin həyatını xilas edən donorlara ehtiram nümayiş etdirmək məqsədi daşıyır.
Tədbirdə könüllü qanvermə hərəkatına göstərilən dəstəyə görə fəxri fərmanlar, təşəkkürnamələr təqdim edilib, qan xidməti sahəsində əməkdaşlıq edən qurumlara və fərdi donorlara minnətdarlıq ifadə edilib.

Tədbirdə bir sıra dövlət və özəl təşkilatların əməkdaşları, fərdi donorlar iştirak ediblər.
Xatırladaq ki, 14 İyun – Ümumdünya Qan Donoru Günü 2005-ci ildə təsis edilib. Həmin ilin mayında Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının 88-ci sessiyasında 14 iyunun könüllü qan verən donorların şərəfinə Ümumdünya Qan Donoru Günü kimi təsis olunması barədə qərar qəbul edilib. Həmin günün iyunun 14-də qeyd edilməsi Avstriyadan olan məşhur həkim-immunoloq, qan qruplarını kəşf etmiş Nobel mükafatı laureatı Karl Landşteynerin doğum günü ilə əlaqədardır.
Ümumdünya Qan Donoru Günü təmənnasız qan donorlarının şərəfinə qeyd olunan xüsusi gündür. Təhlükəsiz qan və qan məhsulları barədə məlumatlılığın artırılması bu sahədə başlıca hədəflərdən biridir.
Hər il dünyada təxminən 118,5 milyon donor qeydiyyatdan keçir və onların təxminən yarısı dünya əhalisinin 16 faizini təşkil edən yüksəkgəlirli ölkələrdə yaşayır. Başqa sözlə desək, 62 ölkə könüllülərin təmənnasız verdiyi qan hesabına tam qan ehtiyatlarına malikdir.
Ölkəmizdə də mütəmadi olaraq qanvermə aksiyaları təşkil edilir. Hər il müxtəlif vaxtlarda, xüsusilə Aşura mərasimlərində kütləvi qanvermə aksiyaları keçirilir.
Azərbaycanda, eləcə də dünyada ən çox rast gəlinən O (I) Rh+ və A (II) Rh+ qan qruplarıdır. Bu qan qruplarından olan insanların çox olması qan donorluğunda da öz təsirini göstərir. Çünki xəstələrin əhəmiyyətli bir hissəsi bu qan qruplarına aiddir. Qan qrupundan asılı olmayaraq, hər zaman donorluğa ehtiyac var. Qan donoru kimi sağlam insanların qəbul ediləcəyini nəzərə alaraq, imtina meyarları iki qrupa bölünür: daimi və müvəqqəti. Daimi imtina meyarlarına Addison xəstəliyi, hepatit (B və C), QİÇS (İİV), sifilis, xroniki ürək-damar, böyrək, qaraciyər çatışmazlığı olan şəxslər, xroniki nefrit, kardiomiopatiya, orqan transplantasiyası, irsi qan xəstəlikləri, anemiyası olanlar və digər tibbi göstərişlər daxildir. İmtina meyarları istisna olmaqla, yaşı 18-dən 65-dək və çəkisi 50 kiloqramdan artıq olan hər kəs donor ola bilər.
Qan və qan komponentləri irsi qan xəstəlikləri (talassemiya, hemofiliya və s.), immun çatışmazlığı, ağır anemiya, qan və sümük iliyi xəstəliklərindən əziyyət çəkən, fövqəladə hallar, fəlakət və qəzalarda travma alanlar, tibbi və cərrahi prosedurlardan keçən xəstələrə, hamiləlik və doğuşla əlaqəli qanaxması olan qadınlara sərf olunur. Ona görə də qana daim ehtiyac var və alınandan sonra 42 gün ərzində istifadə edilməlidir.
Qan verməmişdən 72 saat əvvəl qanduruldan dərmanlar qəbul edilməməli, azı bir sutka əvvəldən alkoqol qəbul olunmamalıdır. Qızardılmış, istiotlu, duzlu, hisə verilmiş yeməklərdən, həmçinin banan, yumurta, süd məhsulları və yağdan istifadə etmək məsləhət görülmür. Yaxşısı budur ki, qidalanmaq üçün şirinçay, kompot, mineral su, mürəbbə, çörək, suxarı, suda qaynadılmış yarma, balıq, tərəvəz və meyvədən istifadə olunsun.
Qan verdikdən sonra isə 30 dəqiqə ərzində avtomobil idarə etmək tövsiyə edilmir. Həmçinin bədənin bərpası üçün şokolad yemək, şirə, kompot və ya çay içmək lazımdır. Bundan əlavə, gün ərzində ağır fiziki işlərlə (intensiv məşq, yük qaldırma) məşğul olmaq məqsədəuyğun sayılmır. Eyni zamanda, tütünçəkmə və spirtli içkilər kimi zərərli vərdişlərdən uzaq durmaq tövsiyə olunur.
Donor olmaq, başqasının yaşaması üçün ən zəruri komponentlərdən olan qan vermək çox xeyirxah və faydalı işdir. Aparılan tədqiqatlar sübut edib ki, 400-450 millilitr qan vermək sağlam insanın səhhətinə və əmək qabiliyyətinə mənfi təsir etmir. Əksinə, təkrar qanvermə qanda şəkərin, zərərli lipoproteinin, qan təzyiqinin, ürək döyüntüsünün azalmasına kömək edir, ürək xəstəlikləri riskini azaldır.
Ən əsası isə, hər gün baş verən qəzalarda, əməliyyatlarda, qana ehtiyac yarananda donor bir və ya bir neçə nəfərin həyatını xilas edə bilər.
Xəbəri paylaş