Mayın 1-dən “e-bülleten” sisteminə keçilir

Səhiyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) may ayının 1-dən etibarən ölkədə “e-bülleten” sisteminə keçidlə bağlı birgə məlumat yayıblar.
Məlimatda bildirilir ki, Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, tətbiq edilən innovativ yenilik olaraq, Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyində fəaliyyət göstərən tibb müəssisələrində “Sığortaolunanlar üçün xəstəlik vərəqələri” bu il mayın 1-dən Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi” vasitəsilə elektron sənəd formasında hazırlanacaq.
Bundan sonra həmin elektron bülletenlər tibb müəssisələri tərəfindən e-imza ilə təsdiq ediləcək, işəgötürənə və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fonduna (DSMF) elektron qaydada göndəriləcək.
Həmin e-sənəd DSMF tərəfindən işçiyə müvəqqəti əmək qabiliyyətinin itirilməsinə, hamiləliyə, doğuma görə müavinətlərin təyinatı üçün əsas olacaq.
Bu məqsədlə Səhiyyə Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birlikdə elektron xəstəlik vərəqələrinə dair məlumatları vahid e-reyestrdə birləşdirib.
Nəticədə, işəgötürənlər bu e-bülletenləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin müvafiq informasiya sistemindən, tibb işçiləri isə “e-Səhiyyə” portalı və mobil tətbiqindən asan və rahat şəkildə əldə edə biləcəklər.
“E-bülleten” sisteminə keçid qeyd edilən sahədə kağız daşıyıcıların saxlanması və emalı ilə bağlı artıq iş yükünün aradan qaldırılması və vaxt itkisinin minimallaşdırılmasına, xidmətlərin çevikliyinə və keyfiyyətinin, şəffaflığının artırılmasına şərait yaradır.
Elektron xəstəlik vərəqəsinə keçidlə bağlı suallara Səhiyyə Nazirliyi Rəqəmsal Səhiyyə Mərkəzinin mütəxəssisi Sevinc Məhərrəmova nazirliyin rəsmi İnstaqram hesabında canlı yayımda aydınlıq gətirib.
Mütəxəssis bildirib ki, elektron xəstəlik vərəqəsi (e-bülleten) funksional baxımdan kağız daşıyıcılarda tərtib edilən ənənəvi xəstəlik vərəqələrinin elektron formatda təqdim olunan alternatividir: “Elektron xəstəlik vərəqəsi Vahid Səhiyyə İnformasiya Sistemi (VSİS) vasitəsilə rəqəmsal formada tərtib edilir və müvafiq sistem inteqrasiyaları əsasında Dövlət Sosial Müdafiə Fonduna (DSMF) ötürülür. Bu yanaşma ənənəvi prosedurla müqayisədə iş prosesini optimallaşdırır, sənəd dövriyyəsini azaldır və operativliyi təmin edir. E-bülleten əmək qabiliyyətinin müvəqqəti itirilməsi hallarında sığortaolunan şəxslərə ödənilən müavinətin hesablanması üçün əsas sənəd hesab olunur.
Elektron xəstəlik vərəqəsinin tərtib edilməsi üçün tibb işçisindən nə tələb olunur? Sevinc Məhərrəmovanın sözlərinə görə, bunun üçün səlahiyyətli həkimlər “Sima” hüquqi imza və VSİS sisteminə giriş hüququ əldə etməlidirlər. Qeyd olunan texniki və hüquqi tələblər təmin olunmadığı təqdirdə kağız daşıyıcılarda tərtib olunmuş xəstəlik vərəqələri etibarsız hesab ediləcək və DSMF tərəfindən qəbul olunmayacaq.
Mütəxəssis bildirib ki, elektron xəstəlik vərəqələrinin tərtibi “Elektron səhiyyə” adlı mobil tətbiq vasitəsilə də mümkündür: “Müvafiq tətbiqin mobil qurğulara yüklənməsi ilə həkimlərə e-bülletenlərin tərtib olunması prosesi əlçatan olur. Elektron xəstəlik vərəqələrini sığorta edənlər (işəgötürənlər) DSMF-nin “Əmək və Məşğulluq” altsistemi (ƏMAS) vasitəsilə əldə edə bilirlər. Tibb müəssisələri üçün isə bu sənəd VSİS üzərindən əlçatan olur. Vətəndaşlar üçün elektron xəstəlik vərəqələri “Elektron səhiyyə” mobil tətbiqi vasitəsilə əlçatandır. Həmçinin vətəndaşlar xəstəlik vərəqələrinin nüsxəsini müraciət etdikləri tibb müəssisəsindən də tələb edə bilərlər”.
S.Məhərrəmova sonda qeyd edib ki, elektron xəstəlik vərəqələrinin tərtibi ilə bağlı hər hansı çətinlik yarandıqda tibb müəssisələri 814 Çağrı Mərkəzinə müraciət ünvanlaya bilərlər.
Xəbəri paylaş