Səhiyyə qurumları vətəndaşları peyvəndlənməyə və maska taxmağa çağırır
![Səhiyyə qurumları vətəndaşları peyvəndlənməyə və maska taxmağa çağırır](/uploads/posts/2022-08/1659948475_16572724836104156458_1000x669.jpg)
Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) birgə məlumat yayıb.
Məlumatda deyilir ki, dünya ölkələrinin bütün səylərini koronavirus (COVID-19) infeksiyası ilə mübarizəyə və profilaktik tədbirlərə yönəltməsinə baxmayaraq, pandemiyanın qarşısını tam almaq hələ də mümkün olmayıb: “Son günlərdə qeydə alınan statistik göstəricilərə əsasən, COVID-19 infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Belə ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, ötən həftə ərzində qlobal olaraq xəstəliyə yoluxma halları təxminən 20 faiz artıb. Dünyada müşahidə olunan yüksək artım fonunda ölkəmizdə həyata keçirilən mühüm preventiv tədbirlər, eyni zamanda, əhalinin vaksinasiya prosesində aktiv iştirakı nəticəsində son bir neçə ay ərzində Azərbaycanda epidemioloji vəziyyətin sabit saxlanılmasına nail olunub.
Son bir həftə ərzində Azərbaycanda yoluxma hallarının sayındakı artım 48 faiz təşkil edib. Ölkəmizdəki epidemioloji vəziyyət səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarətdə saxlanılır. Yoluxma dinamikası intensivləşdiyi təqdirdə müvafiq addımların atılması məsələsinə baxıla bilər.
Əlavə olaraq bildiririk ki, ölkəmizdə virusla mübarizə tədbirləri çərçivəsində mövcud maddi-texniki baza, dərman təchizatı və kifayət qədər çarpayı fondu var.
Qeyd edək ki, COVID-19 infeksiyasına yoluxmuş şəxslər əksər hallarda xəstəliyi yüngül, lakin yaşı 65-dən yuxarı olan və hər hansı bir yanaşı xəstəliyi olan bəzi insanlar nisbətən ağır keçirirlər. Risk qrupuna daxil olan vətəndaşlara sanitar-gigiyenik qaydalara ciddi əməl etmələri, koronavirusun əlamətlərini hiss etdikdə ilk növbədə sahə həkimlərinə məlumat vermələri və test nümunələrinin götürülməsi üçün müraciət etmələri tövsiyə olunur.
Səhiyyə qurumları vətəndaşları virusdan qorunmaq üçün ikinci dozadan və yaxud xəstəliyə yoluxub sağaldıqdan 6 ay sonra qoruyucu immunitetin səviyyəsinin azalmasını nəzərə alaraq gücləndirici “buster” doza ilə peyvəndləməyə çağırır.
Vaksinasiya ilə yanaşı, xüsusi karantin rejiminin qaydalarına riayət olunması tövsiyə edilir. Unutmayaq ki, fiziki məsafənin saxlanılması və şəxsi gigiyenik qaydalara əməl olunması virusun mutasiyasından asılı olmayaraq xəstəlikdən qorunmağın yeganə yoludur”.
Səhiyyə Nazirliyi, İTSDA və TƏBİB-in yaydığı digər birgə məlumatda isə deyilir: “ÜST-nin məlumatına görə, ötən həftə ərzində qlobal olaraq koronavirus (COVID-19) infeksiyasına yoluxma halları artıb.
ÜST dünyada müşahidə olunan yüksək artım fonunda qapalı məkanlarda maskalardan istifadə etməyi və gigiyena qaydalarına əməl olunmasını tövsiyə edir.
Azərbaycanda da son günlər COVID-19 infeksiyasının yayılması ilə əlaqədar neqativ dinamika izlənilir. Yoluxanların sayında artım və yoluxan şəxslərin sağalanlarla nisbətdə üstünlük təşkil etməsi müşahidə olunur.
Ölkəmizin səhiyyə qurumları vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskaların taxılmasını, sosial məsafənin gözlənilməsini, təmasların azaldılmasını, respirator gigiyena qaydalarına əməl olunmasını təkidlə tövsiyə edir.
Qeyd edək ki, proses səhiyyə qurumları tərəfindən diqqətlə izlənilir və nəzarət altındadır. Pandemiya ərzində mənfi dinamikanın aradan qaldırılması ilə bağlı xeyli təcrübə toplanılıb. İstənilən hallarda vəziyyətə uyğun adekvat qərarlar verilə bilər.
Bir daha vətəndaşlarımıza qapalı məkanlarda tibbi maskalardan istifadə və gigiyena qaydalarına riayət etmələrini ciddi şəkildə tövsiyə edirik”.