Ürək-damar xəstələri koronavirusu daha ağır keçirirlər
![Ürək-damar xəstələri koronavirusu daha ağır keçirirlər](/uploads/posts/2021-10/1633691363_16329187064711112087_1000x669.png)
İnsanın yanaşı xəstəliyi nə qədər ağırdırsa, o, COVID-19-a yoluxduqda ağırlaşma riski də o qədər çoxdur. Yanaşı xəstəliyi nəzarətdə olan xəstələrin infeksiyanı daha yüngül keçirməsi mümkündür. Lakin nəzərə almaq lazımdır ki, bu, 100 faiz zəmanət verilən məsələ deyil. Bəzən xroniki xəstəliyi stabil saxlanılan xəstənin həyatını xilas etmək mümkün olmadığı kimi, ciddi risk daşıyan xəstəni də fəsadsız sağaltmaq mümkün olur. Təbii ki, bu, yalnız az hallarda – belə xəstələrin təxminən 2 faizində özünü doğruldur. Ürəyində protez qapaq olanlar, ağır ürək çatışmazlığından və anadangəlmə ürək qüsurlarından əziyyət çəkənlərdə koronavirusun gedişi daha ağırdır. Son mərhələ ürək çatışmazlığından əziyyət çəkən xəstələrin virusa yoluxma riski yüksəkdir. Digər ürək-damar xəstələri virusa tez yoluxmurlar, sadəcə olaraq, onlar yoluxduqları zaman xəstəliyi daha ağır keçirirlər.
Bu barədə invaziv kardioloq Fərid Əliyev Səhiyyə Nazirliyinin instaqram səhifəsində Ümumdünya Ürək Günü ilə bağlı çıxışı zamanı məlumat verib.
Həkim-mütəxəssis bildirib ki, yanaşı xəstəliyinin olub-olmamasından asılı olmayaraq, hər kəs COVID-19-dan qorunmağa çalışmalıdır: “COVID-dən sadə yollarla - əlləri yumaq, tibbi maska istifadə etməklə qorunmaq mümkündür. Guya koronavirusdan qorunmaq məqsədilə profilaktik dərman istifadəsinə ehtiyac yoxdur. Bəzən xəstələr lazımsız yerə müxtəlif qrup vitaminlər qəbul edirlər. Bu yanlışdır. Orqanizmdə çatışmayan vitaminlərin qəbulu kifayətdir. Nəzərə almaq lazımdır ki, hər şeyin çoxu ziyandır. Misal üçün, lazım olandan çox B qrupu vitaminləri qəbul etmək onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilər. Təəssüf ki, bu gün ölkədə həkim nəzarəti olmadan D və B vitamini qəbul edənlərin sayı artıb. COVID-19-dan qorunmaq üçün, sadəcə, peyvənd vurdurmaq və qızıl qaydalara riayət etmək lazımdır”.
F.Əliyev həmçinin qeyd edib ki, dünyada, eləcə də Azərbaycanda ölüm səbəblərinin əsasını ürək-damar xəstəlikləri təşkil edir: “Qeydə alınan ölümlərin 50 faizindən çoxu ürək-damar xəstəliklərinin payına düşür. Hesablamalar 2050-ci ilə qədər ölüm səbəbləri arasında ürək-damar xəstəliklərinin birinci yerdə qərar tutacağını, daha sonra isə onkoloji xəstəliklərin önə keçəcəyini proqnozlaşdırır”.