Sizin Reklam Burada!

Flora Kərimova: “Məndən ötrü narahat olanlara sevgimi çatdırıram

Flora Kərimova: “Məndən ötrü narahat olanlara sevgimi çatdırıram

“Tibb qəzeti” Flora Kərimovanın səhhəti ilə bağlı onun özü və həkimi ilə danışdı

Son günlər kütləvi informasiya vasitələrində Azərbaycanın Xalq artisti Flora Kərimovanın səhhəti ilə bağlı müxtəlif açıqlamalar verilir, sevimli müğənninin hazırda sağlamlıq vəziyyəti ilə bağlı fərqli fikirlər, şayiələr səslənir.
“Tibb qəzeti” real vəziyyəti öyrənmək üçün “Liv Bona Dea” xəstəxanasında Flora xanımın müalicə həkimi olan daxili xəstəliklər uzmanı Səbinə Fərzəliyevaya müraciət edib.
Həkim bildirib ki, Flora xanım 9 iyun 2026-cı il tarixində bir sıra şikayətlərlə bizim xəstəxanaya müraciət edib: “Müayinələr zamanı mədə-bağırsaq sistemində problemlər, hipokalemiya və hipokalsemiya (kaliumun və kalsiumun çatışmazlığı) və sair aşkarlanıb. Xəstənin daha əvvəldən bilinən bəzi başqa xəstəlikləri, arterial hipertenziya və kardioloji problemləri də vəziyyəti ağırlaşdırırdı. Müxtəlif ixtisaslı həkimlərin konsiliumundan sonra Flora xanımın stasionar müalicə alması qərarına gəlinib. Bir həftədir ki, xəstə müvafiq müalicə alır. Flora Kərimovanın vəziyyəti hazırda həkim nəzarəti altında stabildir və sağlamlığının bərpası istiqamətində bütün zəruri tibbi tədbirlər görülür. Müəyyən müsbət dinamika müşahidə edilir, tibbi göstəricilər yaxşılaşır, müalicə davam edir”.
Səbinə Fərzəliyeva ümumxalq sevgisinin yaratdığı çətinlikləri də qeyd edib: “Cəmiyyətin öz sevimli müğənnisinə marağını, məhəbbətini anlayışla qarşılayırıq. Bununla yanaşı, ictimaiyyətə də müraciət edirik ki, onlar da vəziyyəti düzgün qiymətləndirsinlər. Xəstəyə dəyməyə gələnlərin axını müalicə prosesinə mane olur. Pasiyent hələ zəifdir, infeksiyalara qarşı həssasdır, buna görə biz onun yanına gələn müsafirləri məhdudlaşdırmaq məcburiyyətindəyik. Flora xanım hələ xəstəxanada müalicə alacaq, bu müddətdə maraqlananlardan onunla şəxsən deyil, telefonla əlaqə saxlamağı xahiş edirik”.
Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov da Xalq artistinə baş çəkib. O, həkimlərlə görüşərək müalicə prosesinin gedişi barədə ətraflı məlumat alıb.
Səhhəti ilə bağlı məlumat almaq üçün “Tibb qəzeti” Flora xanımın özünə də müraciət etdi.
Yaxşılığa doğru fərq hiss etdiyini deyən Flora xanım, ilk növbədə, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya diqqət və qayğıya, müalicəni nəzarətə götürdüyünə görə sonsuz minnətdarlığını bildirdi. Fondun icraçı direktoru Anar Ələkbərova təşəkkür etdi: “Həmçinin “Liv Bona Dea” xəstəxanasının baş həkimi Cabir Gülmalıyevə, həkimlər Səbinə Fərzəliyeva, Vüqar Cəfərov və Zöhrə Haşımovaya, xəstəxananın bütün personalına mənə diqqətlə yanaşdıqlarına, müalicə olunmağım üçün var qüvvə ilə çalışdıqlarına görə çox minnətdaram. Eləcə də uzun illər boyu həyatımı borclu olduğum, “Avrasiya Hospital”ın baş həkimi, həkim-kardioloq Azər Nağıyevə sonsuz təşəkkürümü bildirirəm”.
Flora xanım maraqlandığımız üçün bizə təşəkkür etdi: “Məndən ötrü narahatlıq keçirən hər kəsə sevgimi çatdırıram, minnətdarlığımı bildirirəm. Təəssüf ki, hələ hər kəsə zəruri diqqəti ayıra bilmirəm. İnanıram ki, tezliklə belə bir imkanımız olacaq”.
İxisasca həkim olan Flora Kərimova sonda bütün tibb işçilərini 17 İyun – peşə bayramı münasibətilə təbrik etdi, hamıya cansağlığı, uzun ömür arzuladı.





Xəbəri paylaş



May 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova