Naxçıvanda pandemiya ilə mübarizə sahəsində görülən işlər müzakirə olunub
Naxçıvan Muxtar Respublikasında pandemiyaya qarşı görülən işlərlə bağlı tədbir keçirilib. COVID-19 xəstəliyi ilə mübarizə məqsədilə alınmış yeni tibbi avadanlıqlar muxtar respublikanın səhiyyə müəssisələrinə təqdim olunub.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov tədbirdə iştirak edib.
Naxçıvan Muxtar Respublikası Baş nazirinin müavini-Maliyyə naziri Səbuhi Məmmədov koronavirus pandemiyasına qarşı muxtar respublikada görülmüş kompleks qabaqlayıcı tədbirlər haqqında məlumat verib.
Naxçıvan Muxtar Respublikası Səhiyyə nazirinin müavini Zeynəb Mustafayeva çıxış edərək deyib ki, yaradılan şəraitin və görülən qabaqlayıcı tədbirlərin nəticəsində yeni koronavirusun muxtar respublikada yayılmasının qarşısı alınıb. Naxçıvan Muxtar Respublikasında ümumilikdə 7450 nəfər karantinə alınıb. Ötən dövrdə 7033 nəfərin karantin müddəti bitib. Hazırda 417 nəfər karantində saxlanılır. Virusun laborator təyini üçün muxtar respublikada Polimeraz Zəncirvari Reaksiya laboratoriyası yaradılıb, ötən dövrdə 2506 müayinə aparılıb, 106 nəfərdə virus aşkarlanıb, onlardan 2-si vəfat edib, 99 nəfər isə tam sağalma ilə evə yazılıb. Hazırda 5 xəstənin müalicəsi davam etdirilir. Səhiyyə müəssisələrində olan süni tənəffüs aparatları və oksigen konsentratorları işlək vəziyyətə gətirilib, əlavə 11 oksigen konsentratoru alınıb. Həmçinin Yoluxucu Xəstəliklər Mərkəzində əlavə kompressor və oksigen paneli quraşdırılıb, oksigen və təzyiqlə hava verilməsinin həcmi artırılıb. Kəskin böyrək çatışmazlığı olan xəstələrdə hemodializ seansı həyata keçirmək üçün bütün hazırlıq işləri görülüb, 40 funksional çarpayı alınıb. Eyni zamanda, muxtar respublikaya 58 200 litr formalin alınaraq gətirilib, 10 milyon kvadratmetr sahədə dezinfeksiya və dezinseksiya işləri aparılıb. Bütün bunlarla yanaşı, Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin sərəncamlarına əsasən, profilaktik tədbirlərdə iştirak edən dövlət tibb müəssisələrinin işçiləri və digər qurumların əməkdaşları aylıq vəzifə maaşının 1, 2 və 3 misli məbləğində mükafatlandırılıblar. Zeynəb Mustafayeva yeni alınmış tibbi avadanlıqların səhiyyə müəssisələri üzrə bölgüsü barədə məlumat verib.
Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Nicat Babayev karantin dövründə muxtar respublikada yaşı 65-i keçmiş tənha yaşayan ahıllara, ünvanlı dövlət sosial yardımı alanlara, çoxuşaqlı ailələrə və xüsusi qayğıya ehtiyacı olanlara göstərilən yardımlardan danışıb.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə koronavirusla mübarizə sahəsində görülmüş qabaqlayıcı tədbirlərdən söz açıb, əhalinin sağlamlığının qorunması sahəsində həyata keçirilən tədbirlərə görə dövlət başçısına minnətdarlığını bildirib.
Ali Məclisinin Sədri qeyd edib ki, Naxçıvan Muxtar Respublikasında da koronavirusla mübarizə tədbirləri ilk günlərdən diqqətdə saxlanılıb, Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb, izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzi müəyyənləşdirilib, virusun aşkar edilməsi ilə bağlı müasir laboratoriya qurulub və lazımi tibbi ehtiyatlar yaradılıb. Səhiyyə müəssisələrinə ümumi dəyəri 2 milyon 970 min manat olan yeni tibbi avadanlıqların, dərman və ləvazimatların alınması da bu sahədə görülən işlərin davamıdır. Muxtar respublikada koronavirus infeksiyası ilə mübarizə tədbirlərində iştirak edənlərin sosial müdafiəsi də gücləndirilib, bununla bağlı müvafiq sərəncamlar imzalanıb. Karantin rejiminə uyğun olaraq muxtar respublikada bütün sahələrdə zəruri sosial davranış və sanitar-epidemioloji qaydalar tətbiq edilib, şəhər, qəsəbə və kəndləri əhatə etməklə hər bir yaşayış məntəqəsində, eləcə də ictimai yaşayış binalarında, idarə, müəssisə və təşkilatlarda dezinfeksiya işləri aparılıb. Təbii ki, pandemiya ilə mübarizədə səhiyyə müəssisələrinin fəaliyyəti xüsusi qeyd olunmalıdır. Mövcud infrastruktur, müasir tibbi avadanlıq və ləvazimatlarla təminat, ən əsası isə ixtisaslı həkim və tibb işçilərinin olması virusla mübarizədə əsas məsələlərdir. Eyni zamanda, qarşıya qoyulan vəzifələrin aidiyyətli qurumlar tərəfindən vaxtında yerinə yetirilməsi və sakinlərin qaydalara düzgün əməl etməsi də pandemiyanın qarşısının alınmasında mühüm rol oynayıb.
Ali Məclisin Sədri muxtar respublikada pandemiya ilə mübarizə tədbirlərini həyata keçirənlərə - səhiyyə işçilərinə, gigiyena və epidemiologiya mərkəzlərinin kollektivlərinə, daxili işlər orqanlarının və Fövqəladə Hallar Nazirliyinin əməkdaşlarına, baytarlıq təbabəti işçilərinə, eləcə də Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait köçürənlərə təşəkkürünü bildirib. Deyib ki, pandemiya ilə əlaqədar tətbiq edilən məhdudiyyətlərin yumşaldılması arxayınlaşma üçün əsas olmamalı, aidiyyətli təşkilatlar və muxtar respublika əhalisi tətbiq olunan qaydalara ciddi əməl etməlidir. Səhiyyə Nazirliyi bundan sonra da izolyasiya yeri kimi Yoluxucu Xəstəliklər Mərkəzinin, eləcə də bütün tibb müəssisələrinin fəaliyyətini nəzarətdə saxlamalı, tibbi ehtiyatlar yaradılmalı, yeni alınmış avadanlıqlardan səmərəli istifadə olunmalı, test yoxlamaları davam etdirilməlidir. Nazirlik pandemiya ilə bağlı profilaktik tədbirləri, xüsusilə də əhalinin maarifləndirilməsini diqqətdə saxlamalı, risk qrupunda olan şəxslər qorunmalı, yeni yoluxma faktı təsdiq olunduqda həmin şəxslərlə təmasda olanlar dərhal karantinə alınmalıdır.
Vasif Talıbov həmçinin bundan sonra görüləcək işlərlə bağlı Muxtar Respublika nazirliklərinə müvafiq tapşırıqlar verib. Qeyd edib ki, pandemiya ilə mübarizə yalnız dövlətin üzərinə düşən vəzifə deyil. Əhalinin də tətbiq olunan qaydalara əməl etməsi vacib məsələdir. Ona görə də görülən bütün işlərdə sakinlər həmrəylik nümayiş etdirməli, ictimai yerlərdə və parklarda, eyni zamanda, ictimai-iaşə obyektlərində zəruri sosial davranış və sanitar-epidemioloji qaydalara əməl olunmalıdır.
Sonra yeni alınmış tibbi avadanlıqlara baxış olub.
“Nəqşicahanmed” Məhdud Məsuliyyəti Cəmiyyətinin direktoru Cəlal Kərimov məlumat verib ki, pandemiya ilə mübarizə məqsədilə 2 dəst Ekstrakorporal Membran Oksigenasiya cihazı, 20 stasionar və 4 portativ süni tənəffüs aparatı, 2 hemodializ cihazı, 4 mobil rentgen cihazı, 30 infuziya pompası, 20 yataqbaşı kardiomonitor, 10 elektrosorucu, 40 funksional və pediatrik çarpayı alınıb. Yeni avadanlıqlar Yoluxucu Xəstəliklər, Müalicə Diaqnostika və Doğum mərkəzlərinə, Naxçıvan Muxtar Respublika Xəstəxanasına, Uşaq Xəstəxanasına, Şərur, Culfa və Ordubad Rayon Mərkəzi xəstəxanalarına, eləcə də Ordubad Uşaq Xəstəxanasına verilib.