Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 4-cü toplantısı keçirilib
![Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin 4-cü toplantısı keçirilib](/uploads/posts/2020-03/1583833405_15829869882566050953_1000x669.jpg)
Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin (AOC) Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində keçirilmiş 4-cü toplantısında cəmiyyətin İdarə Heyətinin üzvləri və oftalmologiya sahəsində yüksək nailiyyətləri olan peşəkar mütəxəssislər, alimlərlə görüş keçirilib, məruzələr dinlənilib.
Mərkəzin Elmi-məlumat, tədris və təşkilati-metodik bölməsindən verilən məlumata görə, tədbirdə çıxış edən AOC-un sədri, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, professor Elmar Qasımov oftalmologiyada olan yeniliklərdən, problemlərdən və gələcək planlardan danışıb.
Cəmiyyətin sədr müavini, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva “Həkim deontologiyası” mövzusunda məruzə edib, ideal həkimi xarakterizə edib. Daha sonra Milli Oftalmologiya Mərkəzinin əməkdaşları, tibb üzrə fəlsəfə doktorları Mətanət Əfəndiyeva, Günay İbrahimzadə, Avrasiya Hospitalının mütəxəssisi İmran Carullazadə, Tibb Universitetinin oftalmoloqu Gülnar Əliyeva öz təcrübələrində qeydə aldıqları maraqlı kliniki hallarla bağlı məruzə ediblər.
Professorlar Çingiz Carullazadə, Paşa Qəlbinur, Rasim Hacıyev, tibb elmləri doktorları Hicran Namazova, Rəna Ağayeva, oftalmoloq Emin Əlihüseynli və digər mütəxəssislər gənc oftalmoloqların inkişafına aid bir sıra təkliflər irəli sürüb və tövsiyələrini veriblər.