Mingəçevirdə Qan Donorlarının III Regional Forumu
14 İyun – Ümumdünya Qan Donoru Günü münasibətilə Mingəçevirdə Qan Donorlarının III Regional Forumu keçirilib. Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM), B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu, "Qan Donorları Assosiasiyası" İctimai Birliyi və Azərbaycan Talassemiya Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən forumun əsas məqsədi donorluğun təşviqidir.
Tədbiri giriş sözü ilə açan Mingəçevir Gənclər Evinin direktoru Tural Kərimov Qan Donorlarının III Regional Forumunun məhz Mingəçevir şəhərində keçirildiyi üçün təşkilatçılara minnətdarlıq edib.
İSİM-in Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə qan donorluğu ilə bağlı məlumatlandırmanın vacibliyini vurğulayıb: “Bu gün bizim əsas məqsədimiz Azərbaycanda qan donorluğunu inkişaf etdirməkdir. Ölkəmizdə qan donorluğunun inkişafına öz töhfəsini verən ilk milli forumu 2014-cü il iyunun 14-də Bakıda keçirdik. Azərbaycanda Gənc Qan Donorlarının ilk Regional Forumu 2015-ci ildə Gəncədə, II Regional Forum isə Lənkəranda keçirildi. Sevindirici haldır ki, dövlət və qeyri-dövlət qurumları birgə əməkdaşlıq edərək, ölkəmizdə qan donorluğunun inkişafına dəstək verirlər”.
B.Eyvazov adına Elmi Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun nəzdində Mərkəzi Qan Bankının rəhbəri Pərvanə Hacıyeva Ümumdünya Qan Donoru Gününün tarixi barədə iştirakçıları məlumatlandırıb: “Bütün dünyada 2005-ci ildən başlayaraq hər il qeyd olunan və bu il “Hər kəs üçün təhlükəsiz qan” şüarı ilə keçirilən günün əsas məqsədi qan verən insanlara edəcəyi xeyirxahlığa görə minnətdarlığın bildirilməsi, könüllü qan donorlarına hörmət və ehtiramın nümayiş etdirilməsi, cəmiyyətdə donor qanına olan ehtiyac və zəruriyyətin vurğulanmasıdır”. O həmçinin qeyd edib ki, donorlardan qan analizinin alınması, onların müayinəsi, donorluğa dair məlumatların qeydiyyatı və qan ehtiyatlarına nəzarətin elektronlaşdırılması məqsədilə Azərbaycanda “Vahid Qan Bankı” sistemi yaradılıb. Hazırda bu sistem Mərkəzi Qan Bankının bütün bölmələrində istifadə olunur.
Mərkəzi Qan Bankının Mingəçevir bölməsinin müdiri Vüsalə Səfərəliyeva, Səhiyyə Nazirliyinin Talassemiya Mərkəzinin Konsultativ poliklinika şöbəsinin həkim-hematoloqu Zaur Məmmədbəyov, mütəmadi qan donoru Mətanət Muxtarova çıxış edərək, donorluğun insan sağlamlığı üçün əhəmiyyəti barədə danışıblar.
İSİM-in Səhiyyə siyasəti və planlaşdırma şöbəsinin müdiri Şəhla Mirzəzadə qan donorluğunun inkişafı istiqamətində mərkəz tərəfindən görülən işlərdən söz açaraq, xüsusilə sağlam, amma heç zaman qan donoru olmayan gənclərin mütəmadi qan donorluğuna cəlb edilməsinin və bu sahədə könüllülüyün artırılmasının vacibliyini vurğulayıb.
Azərbaycan Talassemiya Federasiyasının nümayəndəsi Fuad Rəsul bildirib ki, hemofiliya və talassemiya xəstələrinin müalicəsində qan komponentlərinin və preparatlarının istənilən vaxtda əlçatan olması olduqca vacibdir və bu da donor qanına tələbatı artırır.
"Qan Donorları Assosiasiyası" İctimai Birliyinin sədri Fuad Əsgərov XIX Beynəlxalq Gənclər Forumunun Bakı – 2019 layihəsi barədə ətraflı məlumat verərək qeyd edib ki, bu ilin avqustunda keçiriləcək forumda 52 ölkənin nümayəndəsi təmsil olunacaq.
Səmərəli fikir mübadiləsi şəraitində keçən forumda Azərbaycanda qan donorluğu ilə bağlı mövcud vəziyyət, dünya təcrübəsində qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair tətbiq olunan metodlar təhlil olunub, panel müzakirələri aparılıb.