Səsin səsi bərk çıxarsa...

Səsin səsi bərk çıxarsa...Son illər ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənmələri əhalini narahat edən başlıca amillərdən birinə çevrilib desək, mübaliğəyə yol vermiş olmarıq. Bu gün artmaqda olan saysız-hesabsız şadlıq sarayları, restoranlar, yaşayış binalarının zirzəmilərində və ya aşağı mərtəbələrində fəaliyyət göstərən kafelər, barlar, şəhərin əksər yerlərində tikinti işlərinin aparılması, müasir dövrdə mövcud olan mexanizmlər və texniki vasitələr, nəqliyyat və s. ətraf mühitdə nəzərə çarpacaq dərəcədə səs-küy çirklənməsi törədir.
Paytaxtda yerləşən əksər şadlıq evlərində səsə görə sanitar normalara əməl olunmur. Akustika tələblərinə cavab verməyən saraylardan ətrafa yayılan səs həm toya çağırılan qonaqlara mənfi təsir edir, həm də həmin restoranların yaxınlığında yaşayan sakinlərin sakitliyini pozur. Bu gün toy şənliklərində qonaqların bir qisminin yüksək səs səbəbindən məclisin çox hissəsini foyedə keçirdiyini, bəzilərinin isə az müddət sonra mərasimi tərk etdiyini bilirik.
Şəhərlərdə avtomobillərin səsi də çox yüksəkdir və səs çirklənməsində əhəmiyyətli rol oynayır. Qeyd edək ki, normativlərə görə, böyük şəhərlərdə gündüz səs-küyün səviyyəsi 55 desibeldən çox olmamalıdır. Dünya alimlərinin araşdırmalarına görə, səs-küyün normadan 10 desibel artması ümumi xəstəliklərin 20-30 faiz, ürək və əsəb xəstəliklərinin isə 1,5-2 dəfə artmasına səbəb olur. Mütəxəssislərin fikrincə, belə şəhərlərdə problemin həlli yollarından biri yaşıllaşdırma sayılır, çünki ağacların yarpaqları səsi udur və onun azalmasına kömək edir. Təəssüf ki, bu gün Bakı ətrafında yüzlərlə ağac əkilsə də, şəhər daxilində yolların genişləndirilməsi məhz ağacların kəsilməsi hesabına baş verir.
Problemin digər həlli yolu isə siqnallara qadağa qoyulması, məhdudiyyətlər tətbiq edilməsidir. Ancaq qadağan olunmasına baxmayaraq, avtomobillərdə çoxavazlı və yüksək səsli siqnallardan istifadəyə hələ də çox rast gəlinir. Təəssüf ki, paytaxtın istənilən yerində heyvan, quş, silah səsləri çıxaran, siqnal əvəzinə müxtəlif filmlərdən epizodlar səsləndirən avtomobillərlə rastlaşmaq mümkündür. Adətən bahalı maşınlarda quraşdırılan belə siqnallar insanların istirahət hüququnu pozmaqla yanaşı, onların səhhətinə, psixoloji durumuna da mənfi təsir göstərir.
Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, normadan yüksək səs alkoqolizm, siqaretçəkmə, keyfiyyətsiz ərzaq məhsulları ilə qidalanma kimi zərərli amillərlə bir sırada dayanır. Mütəxəssislərin rəyinə görə, 65 desibeldən yüksək olan səslər insanlarda infarkt riskini 20% artırır, 85 desibeldən yuxarı səslər isə orqanizmdə ciddi və qarşısıalınmaz fəsadlara gətirib çıxarır.
Ətraf mühiti çirkləndirən fiziki faktorlar arasında böyük neqativ gücə malik səs və vibrasiyanın bizim ölkəmizdə də insanların sağlamlığı üçün təhlükə mənbəyinə çevrildiyini nəzərə alaraq, problemin ciddiliyinə diqqət çəkmək məqsədi ilə bu barədə mütəxəssislərlə söhbət etdik.
Azərbaycan Tibb Universiteti Daxili xəstəliklər kafedrasının assistenti, tibb üzrə fəlsəfə doktoru Avtandil Verdiyev bildirdi ki, bioloji və fiziki səs anlayışları mövcuddur. Onun sözlərinə görə, insanın eşitmə orqanları vasitəsilə qəbul olunan səslər bioloji səslərdir: “Səs dedikdə, hissəciklərin rəqslərinin elastiki mühitdə yayılması başa düşülür. Özünəməxsus qabiliyyət və yaşı nəzərə almasaq, insanın qulağı üçün eşidilən rəqslərin spektri 15-20 hs-dən 20 khs-ə qədər tərəddüd edir. Arasıkəsilməz spektr ilə eşidilən, periodik olmayan rəqslər isə səs-küy yaradır”.
A.Verdiyev diqqətə çatdırdı ki, səviyyəsindən, xarakterindən, spektral tərkibindən, təsir etmə müddətindən və həssaslığın fərdiliyindən asılı olaraq, müxtəlif mənşəli səs-küy insan orqanizminə bu və ya digər dərəcədə zərər yetirir: “Uzun illər belə hesab olunurdu ki, səs-küy yalnız eşitmə orqanlarına təsir edir və təkcə onların zədələnməsinə gətirib çıxarır. Halbuki bu faktor sinir, mədə-bağırsaq, ürək-damar sistemlərinin çoxsaylı xəstəliklərini törədən, xronik yorğunluq yaradan, diqqət və yaddaşı zəiflədən, normal istirahətə və gücü bərpa etməyə mane olan səbəblərdəndir. Səs-küy ilk növbədə insanın eşitmə orqanlarının özünəməxsus şəkildə korlanmasına gətirib çıxarır. Bu özünü ağır eşitmə, qulaqda cingilti, başqa səs, yuxu rejiminin pozulması, əsəbilik, yorğunluq və s. əlamətlərlə göstərir. Səs-küyün intensiv təsiri uzun müddət davam edərsə, sinir və endokrin sistemlərinə, damarların tonusuna, mədə-bağırsaq traktına və ümumilikdə bütüv orqanizmə təsir edərək, müvafiq patologiyaların yaranmasına gətirib çıxarır. Səs-küyün intensiv təsiri nəticəsində sadalanan fəsadlarla yanaşı, endokrin vəzilərinin ölçülərinin böyüməsi, qan damarlarının daralması, qan təzyiqinin düşüb-qalxması, bəbəklərin genişlənməsi, cinsi fəaliyyətin zəifləməsi, iştahanın pozulması, hiperhidroz, əl və ayaq barmaqlarının üşüməsi, qalxanvari vəzinin funksional aktivliyinin artması, psixoloji təzahürlər, ürək nahiyəsində sancılı ağrıların yaranması, mədənin sekretor və hərəki funksiyalarının pozulması, qastritin, hətta xora xəstəliyinin əmələ gəlməsi halları baş verir”.
Mütəxəssis bu gün fəaliyyət göstərən şadlıq saraylarının, restoranların, konsert zallarının intensiv səs-küy mənbəyi olduğunu vurğuladı. O bildirdi ki, belə obyektlər üçün səs səviyyəsinin sanitar norması 65 desibel müəyyənləşdirilsə də, toy məclislərində, şənliklərdə, şou-proqramlarda, konsertlərdə bu göstərici normadan dəfələrlə artıq olur. Bu isə insanın eşitmə qabiliyyətinin zəifləməsinə, xroniki zehni yorğunluğa gətirib çıxarır: “Səs-küy şəraitində insanın diqqəti yayınır, o, fikrini cəmləyə, düşünə bilmir, tədricən yaddaş pozuntusu və nevroz inkişaf edir. Səs-küy qanda kortizol, adrenalin və noradrenalin kimi stress hormonlarının miqdarını da artırır ki, bu artım həyat üçün təhlükəli vəziyyətə səbəb ola bilər”.
A.Verdiyev sonda zəmanəmizin qlobal problemlərindən biri olan səs-küyün insan orqanizmində yaratdığı fəsadların qarşısını almaq istiqamətində tədbirlər görülməsinin vacibliyini vurğuladı.
Milli Kulinariya Mərkəzinin rəhbəri Tahir Əmiraslanov da bizimlə söhbətində sözügedən problemin aktual olduğunu dedi. Onun sözlərinə görə, əksər restoranlarda musiqinin səsi dözülməyəcək dərəcədə yüksək olur ki, bu səbəbdən də bəzi insanlar toydan başağrısı, yüksək qan təzyiqi ilə yarımçıq çıxıb gedirlər: “Onu da nəzərə almaq lazımdır ki, toy məclislərində hədsiz yüksək səsdə insanlar bir-birləri ilə söhbət edə bilmədiyi üçün ancaq yemək yeyirlər. Əlbəttə ki, əksəriyyəti orqanizm üçün zərərli olan və bir-birinin ardınca yeyilməsi doğru olmayan qidaların bir neçə saat ərzində qəbul edilməsi də sağlamlığa çox böyük zərbə vurur.
Toylarda səslənən musiqinin hədsiz yüksək səsi beyinə, sinir sisteminə mənfi təsir etdiyi kimi, həzm prosesini də pozur. Çünki sinir sistemi ilə həzm orqanları əlaqəlidir”.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin (GEM) Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev də sanitar-gigiyenik normanı aşdıqda səs-küyün əhalinin sağlamlığına mənfi təsir göstərən amil olduğunu qeyd etdi. Normadan artıq vibrasiya və səs-küy çirklənməsi faktlarının təkcə restoran və şadlıq evlərinin fəaliyyəti ilə bağlı olmadığını, inşaat obyektlərində düzgün qurulmayan işin, avtomobillərın çoxluğunun da belə problemlər yaratdığını bildirdi. Bölmə müdiri əhalinin səs-küy, qoxu, dəm qazı problemi ilə əlaqədar onlara tez-tez müraciət etdiyini dedi: “İnsanlar xüsusən şadlıq saraylarının mənzillərinə yaxın olması ilə əlaqədar səsin, qoxunun onları narahat etdiyini bildirirlər. Əsasən yaşayış binalarının zirzəmilərində və ya aşağı mərtəbələrində fəaliyyət göstərən kafe və restoranların bağlanmasını tələb edirlər. Onu da qeyd edim ki, yoxlamalar nəticəsində bir sıra hallarda bu müraciətlərin əsassız olduğunu müəyyənləşdiririk”.
İ.Abdullayev onu da bildirdi ki, səslə bağlı sanitar-gigiyenik normalara əməl olunub-olunmamasına nəzarət Respublika GEM-in səlahiyyətlərinə aid deyil, bu məsələ ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məşğul olur.
Azərbaycan Psixiatriya Assosiasiyasının prezidenti, professor, tibb elmləri doktoru Nadir İsmayılov isə məsələyə başqa prizmadan yanaşdı. O, konkret səs-küyə müxtəlif insanların müxtəlif cür reaksiya verdiyini, bunun onların əsəb sistemindən, ümumi sağlamlığından, psixo-emosional durumundan asılı olduğunu vurğuladı: “Səslər insanlara qıcıqlandırıcı amil kimi təsir edir. Bəziləri buna qarşı həssasdır, bəziləri isə daha dözümlüdür. Müasir insanlar həddsiz stressli, ekoloji tarazlığın pozulduğu mühitdə yaşayırlar, təbii olmayan ərzaqlarla qidalanırlar. Bütün bu kimi faktorlar onların psixoloji durumuna mənfi təsir edir və nəticədə onların müxtəlif amillərə, o cümlədən səs-küyə qarşı dözümsüzlüyünə gətirib çıxarır. Buna görə son dövrlərdə insanlarda səsə həssaslıq artıb və getdikcə də artır. Burada yaş da müəyyən rol oynayır, belə ki, insanın yaşı artdıqca, səsə reaksiyası da daha dözümsüz olur”.
Mütəxəssis digər səslərlə müqayisədə quşların oxumasının, su səsinin, yarpaq xışıltısının əksər hallarda insanlara pozitiv təsir etdiyini, stressi azaltdığını, əsəbləri sakitləşdirdiyini dedi.
Ü.FƏRZƏLİYEVA


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova