“Bu o demək deyil ki, dövlət xəstəxanalarında xidmət pullu olacaq”
Azərbaycanda publik hüquqi şəxs statusunda fəaliyyət göstərəcək dövlət xəstəxanaları qismən, bələdiyyə xəstəxanaları isə əsasən pullu xidmət göstərəcək. Bu məsələ Nazirlər Kabinetinin “Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi”nə etdiyi dəyişiklikdə əksini tapıb.
Sənədə əsasən, indiyə qədər dövlət xəstəxanalarının vəzifəsi pulsuz tibbi xidmət göstərmək olub, dövlət tibb müəssisələrinin yalnız bəzi növlərinin Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım göstərmək hüququ olub. Dəyişikliyə görə isə, bundan sonra dövlət xəstəxanaları yalnız “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunla müəyyən edilmiş hallarda pulsuz xidmət göstərəcək. Eyni zamanda, dövlət adından yaradılan müəssisələrdə əvvəlki qaydada növləri Nazirlər Kabineti tərəfindən müəyyən edilən ixtisaslaşdırılmış pullu tibbi yardım xidməti olacaq.
Qeyd edək ki, Nazirlər Kabinetinin "Dövlət orqanlarının və səhmləri dövlətə məxsus olan hüquqi şəxslərin tabeliyindəki tibb müəssisələrinin Nümunəvi Nizamnaməsi"nə edilən sözügedən dəyişiklikdən sonra cəmiyyətdə dövlət tibb müəssisələrində pulsuz xidmətlərin artıq ləğv edilməsi, pullu xidmətlərin yaradılması ilə bağlı suallar meydana çıxıb. Bunu nəzərə alaraq, Səhiyyə Nazirliyinin Hüquq və daxili nəzarət sektorunun müdiri Elxan Əzizov Trend İnformasiya Agentliyinə müsahibə verərək məsələyə aydınlıq gətirib.
- Dövlət müəssisələrinin pullu xidmət göstərməsi bizdə əvvəl də var idi. “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda bu imkan nəzərdə tutulub. Yaxın gələcəkdə icbari tibbi sığorta proqramı tətbiq olunarkən kimsə hansısa müəssisəyə müraciət edəndə onun üçün xidmətlər yenə də pulsuz olacaq. Ancaq həmin xidmətə görə sığorta təşkilatı tərəfindən ödəniş ediləcək. Sığorta təşkilatının xidmətin pulunu ödəyə bilməsi üçün isə müəssisənin pullu xidmət göstərmək imkanı olmalıdır.
Amma bu o demək deyil ki, hazırkı sistem dəyişdi və vətəndaşlar üçün tibbi xidmətlər pullu olacaq. Xeyr, sadəcə olaraq, hazırda hökumət hüquqi sənədləşməni bugünkü qanunvericiliyin tələblərinə uyğunlaşdırır.
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olunub. Publik hüquqi şəxslərin də özlərini maliyyələşdirib saxlaya bilməsi üçün pullu xidmətlər göstərmək imkanı olacaq. Müxtəlif sahələrdə publik hüquqi şəxslər ola bilər, o cümlədən, səhiyyə sahəsində də belə tibb müəssisələri olacaq. Amma onlar yenə də dövlət müəssisələri kimi icbari tibbi sığorta sisteminə keçənə qədər vətəndaşlara pulsuz xidmətlər göstərməyə davam edəcəklər. Sadəcə, indi müəssisələr üçün pullu xidmət göstərmək imkanı Nazirlər Kabinetinin yeni qərarında əks olunur və burada qeyd edilir ki, dövlət müəssisələri pullu xidmət göstərə bilər. Bu da sığorta ilə bağlıdır. Artıq tibb müəssisələri maliyyə vəsaitini dövlətin büdcəsindən deyil, sığorta şirkətindən alacaq.
- Onda belə çıxır ki, pullu xidmətə sırf icbari tibbi sığorta sisteminin tətbiqi ilə bağlı keçilir?
- Demək olmaz ki, tam icbari tibbi sığorta ilə bağlıdır. Çünki icbari tibbi sığorta olmamışdan əvvəl də bu, qanunda var idi. Əvvəl tibb müəssisələrinin nümunəvi nizamnaməsi olmadığından, pərakəndəlik hökm sürürdü. Bəzilərinin sənədləri əsasnamə, bəzilərininki isə nizamnamə formasında təsdiq olunaraq qeydiyyata alınırdı. Amma artıq hökumət tərəfindən təsdiq edilmiş vahid formada nizamnamə olacaq. Bütün növ tibb müəssisələrinin, hətta bələdiyyə tibb müəssisələrinin nizamnamələri bu nümunəvi sənədə uyğun tərtib ediləcək.
- Pullu xidmətlər nə zamandan tətbiq olunmağa başlayacaq?
- İcbari tibbi sığorta sistemi tam işə düşməyənə qədər dövlət müəssisələrində pullu xidmətlər tətbiq edilməyəcək.
- Hansı tibbi xidmətlər pullu olacaq?
- Bunu Nazirlər Kabineti müəyyən etməlidir. Nazirlər Kabineti pullu xidmətlərin hansı xidmətlərə aid olacağını müəyyənləşdirdikdən və təsdiq etdikdən sonra o mexanizm işə düşəcək.
- Azərbaycanda gələn ilin əvvəlindən pilot regionlarda – Mingəçevir və Yevlaxda icbari tibbi sığortanın tətbiqi nəzərdə tutulur. Həmin ərazidə yaşayan, icbari sığortaya cəlb olunmayan vətəndaşlar pullu tibbi xidmətdən yalnız ödəniş aparmaqla istifadə edə biləcəklər?
- Pilot layihələr həyata keçiriləndə pullu tibbi xidmətlərin tətbiqinə başlanılmayacaq. Pullu xidmətə yalnız sığorta sistemi bütün ölkə üzrə tətbiq edildikdən sonra keçiləcək. Bu hələ sınaq layihədir, istər-istəməz müəyyən çətinliklər, suallar ortaya çıxacaq. Bütün suallar öz cavabını tapdıqdan, ortaya çıxan problemlər həll olunduqdan sonra bütün ölkə ərazisində sistemin tətbiqinə başlanılacaq. Yalnız bundan sonra pullu xidmət məsələsi gündəmə gələcək.
- Deməli, pullu xidmətin tətbiqinə başlanıldıqda əhalinin bütün təbəqələri artıq sığortalanmış olacaq və bu xidmətlərin tətbiqi adi vətəndaşın cibinə o qədər də təsir göstərməyəcək…
- Ümumiyyətlə, təsir göstərməyəcək. Əksinə, hətta deyərdim ki, bu halda vətəndaşın daha keyfiyyətli xidmət tələb etmək imkanı yaranacaq. Çünki həmin xidmətin pulunu sığorta şirkəti ödəyəcək və vətəndaşın da hər hansı xidmətdən faydalanmaq imkanı olacaq.
- Pullu xidmətlərin təşkili ölkədəki bütün dövlət müəssisələrinə şamil ediləcəkmi?
- Xeyr, hansı müəssisə sığorta proqramında iştirak edəcəksə, onlar da pullu xidmət göstərə biləcəklər. Hazırda bu məsələlər tam təsdiq olunmayıb. Amma yeni qərar gələcəkdə sığorta sistemi tətbiq olunduqda hər hansı çətinliklərin meydana çıxmamasına zəmin yaradır. Hesab edirik ki, bu, hökumətin qəbul etdiyi çox vacib qərardır.
- Bəs sığorta proqramında iştirak etməyən dövlət müəssisələrində pullu xidmətlərin təşkili necə olacaq?
- Hər halda, onların fəaliyyətinə yenidən baxılacaq. Sığorta proqramının müəssisələr üçün müəyyən tələbləri olacaq. Hər bir müəssisə özü çalışmalıdır ki, sığorta proqramında iştirak üçün qoyulan şərtlərə uyğun olsun. Təbii ki, tələblərə cavab verən müəssisələr proqramda iştirak edəcəklər.
İlhamə İsabalayeva. Trend