Doğuşayardım xidmətində islahatlar öz bəhrəsini verir

Doğuşayardım xidmətində islahatlar öz bəhrəsini verir

Azərbaycanın regionlarında icra edilən ginekoloji cərrahiyyə əməliyyatlarının sayı 3 dəfə artıb. Ancaq bu, ümumiyyətlə, ölkəmizdə belə əməliyyatların bu dərəcədə artması demək deyil. Belə ki, son illər bölgələrdə fəaliyyət göstərən tibb müəssisələrinin yüksək səviyyəli təmiri, təchizatı, müasir standartlara uyğun yeni tibb ocaqlarının yaradılması, tibb işçilərinin ixtisas səviyyəsinin yüksəldilməsi, ölkə üzrə tibbi yardımın təşkilinin təkmilləşdirilməsi sayəsində, lazım olan əməliyyatlar artıq yerlərdə icra edilir, regionlardan paytaxta köçürülən ginekoloji xəstələrin sayı gündən-günə azalır. Məsələn, 2016-cı il aprel-sentyabr aylarında 2015-ci ilin müvafiq dövrü ilə müqayısədə 39 faiz azalma qeydə alınıb. Əməliyyatların əksəriyyəti qeysəriyyə, uşaqlığın amputasiyası və qanaxma ilə bağlı relaparotomiya olub.
Bunu Respublika Perinatal Mərkəzində (RPM) keçirilmiş, ölkəmizdə doğuşayardım xidmətinin vəziyyətinə həsr olunan mətbuat konfransında Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının (SNTTTYS) baş həkimi Mirələm Calalov bildirib. Toplantıda Səhiyyə Nazirliyinin “Doğuşayardım xidmətinin təkmilləşdirilməsi barədə” 29 mart 2016-cı il tarixli əmri, onun icrası üçün həyata keçirilən tədbirlər, o cümlədən, bu ilin aprelindən etibarən yüksək ixtisaslı mama-ginekoloq, anestezioloq-reanimatoloq və neonatoloqların ölkənin müxtəlif şəhər və rayonlarına ezam olunması, 6 ay ərzində əldə olunan nailiyyətlər, aparılmış təhlillərin nəticələri və sair məsələlərdən danışılıb.
Mirələm Calalov bu il aprelin 1-dən sentyabrın sonuna qədər SNTTTYS-nın Konsultativ bölməsinin doğuşayardım sahəsi ilə bağlı fəaliyyətində müsbət nəticələr əldə olunduğunu da vurğulayıb: “Həmin müddət ərzində stansiyanın konsultativ xidmətinin mütəxəssisləri 46 pasiyentə xidmət göstəriblər. Keçən ilin müvafiq dövründə bu rəqəm 55 olub, bu isə pasiyentlərin sayında 17 faiz azalma deməkdir. Ötən illə müqayisədə bu il çağırışların sayında da 10 faiz azalma qeydə alınıb. Belə ki, ölkənin rayon və şəhər xəstəxanalarına bu il 79, 2015-ci ilin müvafiq dövründə isə 88 dəfə müxtəlif profilli məsləhətçi həkimlər göndərilib”.
Tədbirdə Səhiyyə Nazirliyinin Doğuşayardım komissiyasının sədri, RPM-in direktoru Sevinc Məmmədova məlumat verib ki, bölgələr kurasiyalar üzrə bölündüyündən qadın məsləhətxanalarının həkimləri 4-6 həftə ərzində mütəmadi olaraq rayon mərkəzlərində, kəndlərdə antenatal qulluğun bütün sahələrində yardım göstəriblər: “Onlar hamilələrin 3 aya qədər kliniki protokollara uyğun müayinələri, risk faktorları olan hamilələrin aşkarlanması, onlara daha mükəmməl müayinələrin və konsultasiyaların həyata keçirilməsi, kənd yerlərində yaşayan hamilələr üçün rayon mərkəzlərindən təhkim olunmuş həkimlərin qrafiklərinin tənzimlənməsi kimi işlərə yaxından köməklik ediblər. Bu müddət ərzində regionlardan Bakıya və yaxud başqa bölgələrə miqrasiya edən hamilələr haqqında elektron poçt vasitəsilə məlumatların verilməsi məsələsi də öz həllini tapıb”.
S.Məmmədova qeyd edib ki, artıq regionlarda da hamilələrə Bakı şəhərinin qadın məsləhətxanalarında verilən ev kartlarından təqdim olunub. Bu kartların nəticələrinə görə həkim hamiləyə lazımı müalicə təyin edir. Bunun ən çox risk faktoru daşıyan hamilələr üçün vacibliyini vurğulayan Komissiya sədri bildirib ki, vahid hamilələr registrinin mövcudluğu həkimə müraciət edən hər hansı hamilə barəsində tibbi məlumatın əldə olunması və müvafiq yardımın təşkilində böyük rol oynayır.
Baş həkim, ümumiyyətlə, risk qrupundan olan hamilələrə nəzarətin gücləndirildiyini söyləyib: “Bu qrupa daxil olan hamilələr antenatal qulluğun əsas hədəfidir və onlara vaxtında lazımı səviyyədə tibbi xidmət göstərilsə, ana ölümü hallarının sayı əhəmiyyətli dərəcədə azalar. Bu sahədə tibbi xidmətin təkmilləşdirilməsi ilə bağlı mütəmadi işlər aparılır. Şəhərlərdə, regionlarda antenatal və doğuşayardım xidmətinin keyfiyyətinin artırılması istiqamətində davamlı işlər görülür. Məsələn, ölkəmizdə həkimlərin və orta tibb personalının sertifikasiyasının həyata keçirilməsi onların bilik və bacarıqlarının artırılmasına, beləliklə də, göstərdikləri antenatal və doğuşayardım xidmətinin keyfiyyətinin yüksəldilməsinə imkan yaradıb”.
Sevinc Məmmədova onu da qeyd edib ki, müxtəlif regionlarda ginekoloji patologiyalar, endemik xəstəliklər fərqlənir. Belə ki, regionlara xas xəstəliklər fərqli olduğundan hamiləlik patologiyaları da müxtəlifdir. Onun sözlərinə görə, qızlar nə qədər gec ailə qurarsa, xroniki xəstəliklər artır və hamiləliyin risk qrupuna daxil olurlar, bu qrupda isə ana ölümlərinin sayı çoxalır.
Komissiya sədri son bir ayda Azərbaycanda iki ana ölümü hadisəsinin baş verdiyini də vurğulayıb: “Hazırda ana ölümlərinin səbəbləri araşdırıldığından, il ərzində baş verən bu hadisələrlə bağlı indi konkret rəqəm demək mümkün deyil. Ümumilikdə isə, son illər ana ölümlərinin sayı azalıb. Hər bir hadisədən sonra ekspertiza ölümün səbəbi ilə bağlı komissiyaya rəy verir. Ana ölümləri ilə bağlı rəqəmlər ilin sonunda açıqlanır. Aparılan təhlillər göstərir ki, Azərbaycanda ana ölümləri əksər halda ekstragenital patologiyalardan – hamilə qadının hamiləliklə bağlı olmayan digər xəstəlikləri səbəbindən baş verir”.
Azərbaycan Tibb Universitetinin Mamalıq və ginekologiya kafedrasının müdiri Elmira Əliyeva son illər Bakıda reproduktiv dövrdə olan qadınların 30 faizə qədərinin ailə qurmadığını deyib. Onun sözlərinə görə, reproduktiv sağlamlığa təsir edən amillərdən biri də məhz gənclərin gec ailə qurması, müvafiq olaraq, gec hamiləlikdir: “Gənclər vaxtında ailə qurmalı və ailə ilə bağlı düzgün maarifləndirilməlidirlər. İndi qızlar üçün təhsil, karyera inkişafı, öz maddi statusunu qaldırmaq daha əhəmiyyətlidir. 35 yaşda ailə quran qızın isə xroniki xəstəliklərə meyilliyi artır. Ümumiyyətlə, bu qızların sağlam uşaq dünyaya gətirməsi üçün daha çox qeysəriyyə kəsiyi əməliyyatları aparılır”.
Qohum nikahına qarşı olduğunu deyən E.Əliyeva Bakı kəndlərində ailələrin hətta 4-5-ci dəfə qohum olduqlarını təəssüflə qeyd edib. Buna qarşı əks-təbliğatın vacibliyini vurğulayıb.
Toplantıda Səhiyyə Nazirliyinin Hamiləlik, doğuş və zahılıq dövrlərində ölüm, mamalıq ağırlaşmaları hallarının təhlili üzrə Komissiyasının sədri Leyla Rzaquliyeva çıxış edərək, bütün hamilə qadınlara hamiləliyin ilk 3 ayında yaşadıqları ərazinin qadın məsləhətxanalarında qeydiyyata düşmələrini tövsiyə edib. Bildirib ki, bəzən qadınlar rəsmi nikahlarının, yaxud yaşadıqları ərazidə pasport qeydiyyatının olmamasını əsas gətirərək, qeydiyyata durmaqdan yayınırlar: “Bəziləri isə öz şəxsi həkimlərinə üz tutur, məsləhətxanaya çox gec müraciət edirlər. Bu da bəzən hamiləliyin fəsadlaşmasına gətirib çıxarır. Ona görə qadınlara hamilə olduqlarını bilən kimi, nikahın olub-olmamasından asılı olmayaraq, şəxsiyyət vəsiqəsi ilə yaşadıqları ərazinin qadın məsləhətxanasına müraciət etməyi məsləhət görürük".
Leyla Rzaquliyeva onu da vurğulayıb ki, ölkəmizin müxtəlif regionları arasında ana sağlamlığı, ana ölümləri və ağırlaşmaları ilə bağlı ciddi fərq yoxdur: “Sadəcə, regionlar öz adət-ənənələrinə görə fərqlənir ki, bu da gənclərin ailə qurmasına öz təsirini göstərir”.
Komissiya sədri qeyd edib ki, ağır vəziyyətlərdə olan xəstələr, risk qrupundakı hamilələr daim diqqət mərkəzində olmalıdır: “Hamilənin vaxtında müayinə edilməsi nəticəsində bir sıra xəstəliklərin qarşısını almaq olar. Hamiləliklə əlaqədar olmayan böyük bir qrup ekstragenetal xəstəliklər (ürək, böyrək, endokrin xəstəliklər) hamiləlik zamanı fəsadlaşır və ağırlaşmalara səbəb olur. Bunun qarşısını almaq üçün antenatal xidmətdə çalışan həkimlərin mühüm rolu var. Biz profilaktika yolu seçməli, hamiləliyin fəsadlaşmasının qarşısını almalı, bu istiqamətdə aktiv işləməliyik”.
Son illərdə Azərbaycanda ana ölümlərinin sayının azaldığını deyən Leyla Rzaquliyevanın sözlərinə görə, bu da dövlətin, Səhiyyə Nazirliyinin problemin aradan qaldırılması istiqamətində gördüyü işlərin nəticəsidir. Komissiya sədri deyib ki, ağır xəstələrə yardım etmək məqsədilə mütəxəssislər aprel ayından başlayaraq, növbətçilik əsasında, 11 rayonda yerləşən regional perinatal mərkəzlərdə olur, ağır və risk qrupuna daxil xəstələrə nəzarət edirlər.
Elmi Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi Leyla Məmmədova isə cənub regionunda bu il aprelin 4-dən sentyabrın sonuna qədər 9 030 doğuş olduğunu deyib. Onun sözlərinə görə, bu müddət ərzində həmin bölgədə ana ölümü qeydə alınmayıb.
Tədbirin sonunda jurnalistləri maraqlandıran suallar cavablandırılıb.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova