Azərbaycan dövləti 3 minədək xəstəni hemodializlə təmin edir

Azərbaycan dövləti 3 minədək xəstəni hemodializlə təmin edir

Respublika Klinik Uroloji Xəstəxanasında il ərzində 1200-ə qədər cərrahiyyə əməliyyatı, o cümlədən pielolitotomiya, ureterolitotomiya, nefrektomiya, adenomektomiya, sistelitotomiya və s. əməliyyatlar icra olunur. Bu rəqəm xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanlara dövlət qayğısı ilə bağlı Akademik M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında keçirilən “dəyirmi masa”da səsləndirilib.
Tədbirdə qeyd olunub ki, əhaliyə göstərilən tibbi xidmətin genişləndirilməsində və keyfiyyətinin artırılmasında səhiyyənin ayrı-ayrı sahələri üzrə qəbul edilmiş dövlət proqramlarının xüsusi rolu var. O cümlədən, əvvəllər səhiyyənin qarşısında duran ən çətin problemlərdən biri olan xroniki böyrək çatışmazlığından əziyyət çəkən insanların problemləri də 2006-cı və 2010-cu illərdə qəbul olunmuş müvafiq dövlət proqramları sayəsində öz həllini tapır.
Toplantıda Respublika Uroloji Xəstəxanasının Böyrəkköçürmə şöbəsinin müdiri Şahlar Nəsirov qeyd edib ki, xroniki böyrək çatışmazlığı uzun sürən böyrək xəstəliyi nəticəsində əmələ gələn haldır. Həm dünyada, həm də ölkəmizdə belə xəstələrin sayında artım tendensiyası var. Böyrək çatışmazlığı xəstəliyinin müalicəsində uğurlardan və problemlərdən danışan Ş.Nəsirov qeyd edib ki, Azərbaycanda hemodializ qəbul edən xəstələrin əksəriyyətində böyrək çatışmazlığına səbəb şəkərli diabetdir. O bildirib ki, ən son avadanlıqlarla təchiz olunmuş, yüksək ixtisaslı kadrlara malik Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasında son üç ildə 49 xəstəyə canlı donordan uğurla böyrək köçürülüb. Klinikanın 10 çarpayılıq hemodializ şöbəsində isə il ərzində 3700-dək dializ seansı aparılır.
Şöbə müdirinin sözlərinə görə, ölkəmizdə hazırda 100-dən artıq xəstə böyrək köçürülməsi üçün növbədə dayanıb: Böyrək əməliyyatlarının dünya üzrə müvəffəqiyyət göstəricisi 95-97 faiz təşkil edir. Azərbaycanda isə bu göstərici 92-95 faiz arasında dəyişir. Son beş ildə yalnız bir əməliyyatda ölüm halı qeydə alınıb. Hazırda Azərbaycanda böyrək köçürülməsi əməliyyatı olunmuş 732 nəfər var və onların dərman preparatları ilə təminatını dövlət öz üzərinə götürüb.
Ş.Nəsirov bildirib ki, klinikanın Qəbul şöbəsinə il ərzində 4 mindən artıq xəstə müraciət edir. Onlardan təxminən 1000 nəfərinə ambulator müalicə təyin olunur. Xəstəxananın Uşaq uroloji şöbəsində isə il ərzində 2 100-dən artıq xəstə ambulator müayinədən keçirilir. Onlardan təxminən 500 nəfəri cərrahiyyə əməliyyatına götürülür. Klinikada uşaqlarda plastik cərrahiyyə əməliyyatları (ureteropieloanastomoz, ureterosistoneostomiya, antevazal pieloanastomoz, uretroplastika və s.), aşağı və yuxarı sidik yollarının əməliyyatları icra olunur.
Distansion litotripsiya kabinetində isə böyrək, yuxarı və aşağı sidik yolları daşlarının yüksək tezlikli zərbə dalğaları ilə parçalanması icra edilir.
Bildirilib ki, bu gün Azərbaycanda xroniki böyrək çatışmazlığından əziyyət çəkən 3 minədək xəstə 34 mərkəzdə dövlət hesabına hemodializlə və müvafiq dərman vasitələri ilə tam həcmdə təmin olunur. Eyni zamanda, son illərdə regionlarda açılan yeni dializ mərkəzləri əhalinin öz yaşadığı yerə yaxın pulsuz müalicə almasına imkan yaradır. Belə ki, mərkəzlərin 26-sı bölgələrdə yerləşir. Bütün ölkə üzrə hemodializ növbəsinin artıq aradan qaldırıldığı vurğulanıb.
Tədbirdə diqqətə çatdırılıb ki, Nazirlər Kabineti tərəfindən 2006-cı və 2010-cu illərdə xroniki böyrək çatışmazlığı üzrə tədbirlər proqramlarının qəbulu ilə əlaqədar bu xəstələrin aşkarlanması və aktiv müalicəyə cəlb olunması, eləcə də xəstələrin dövlət vəsaiti hesabına ixtisaslaşdırılmış müalicə ilə təminatı mümkün olub. Hazırda Nazirlər Kabinetinin 2016-cı il 28 yanvar tarixli qərarı ilə yeni qəbul edilən və 2016-2020-ci illəri əhatə edən “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” nefroloji yardımın daha da təkmilləşdirilməsinə, yeni dializ mərkəzlərinin yaradılmasına, xroniki böyrək çatışmazlığı olan xəstələrin ömrünün uzadılmasına, onların həyat keyfiyyətinin yaxşılaşdırılmasına və tibbi-sosial reabilitasiyasına, hemodializ müalicəsi alan və böyrək köçürülmüş xəstələrin davamlı dərman təminatına yönəlib.
“Dəyirmi masa”da həmçinin məlumat verilib ki, Uroloji Klinika əhaliyə tibbi xidmət göstərən xəstəxana olmaqla yanaşı, həm də Ə.Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Urologiya və operativ nefrologiya kafedrasının bazası kimi də fəaliyyət göstərir.
Klinikanın həkimləri tərəfindən Bakı şəhərində və regionlarda fəaliyyət göstərən tibb müəssisələrində, həmçinin penitensiar tibb müəssislərində mütəmadi olaraq ağır xəstələrin konsultasiyası aparılır, eləcə də rayonlarda uronefroloji tibbi yardımın təşkili üçün xəstəxananın həkimləri tərəfindən səyyar təşkilatı-tibbi-məsləhət toplantıları və konfranslar təşkil edilir.
Akademik M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanası ölkəmizdə uronefroloji tibbi xidmətin ixtisaslaşmış yeganə tibb idarəsi olduğundan, rayonlarda çalışan uroloq və nefroloqlar da ixtisasartırma kurslarından keçmək üçün vaxtaşırı klinikaya ezam olunurlar.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova