Qidalar bizi niyə zəhərləyir?
Gündəlik həyatda qəbul edilən qidaların, ərzaq məhsullarının keyfiyyətinə, saxlanma şəraitinə və onlardan istifadə qaydalarına, təbii ki, daim fikir vermək lazımdır. Ancaq mütəxəssislərin xəbərdarlığını nəzərə alaraq, yay fəslində bu diqqət daha da artırılmalıdır. Əks halda, isti havada qida məhsullarından zəhərlənmə qaçılmaz olur və baş verən hadisələr cəmiyyətdə ciddi narahatlıq doğurur. Bəzən isə əsassız mülahizələrin yayılmasına gətirib çıxarır. Məsələn, son günlər Sumqayıtda bir ailənin 5, Tovuzda isə 7 üzvünün qarpızdan zəhərlənməsi ilə bağlı yayılan xəbərlər kimi.
Bu məlumata aydınlıq gətirən Respublika Gigiyena və Epidemoiologiya Mərkəzinin (GEM) Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev bildirdi ki, bir çox hallarda zəhərlənmənin hansı qidadan baş verdiyi aydınlaşdırılmadan, buna qarpızın səbəb olduğunu deyirlər: “İnsanın qarpızdan zəhərləndiyini düşünməsi hələ bunun həqiqət olması demək deyil. Bir çox hallarda mədə-bağırsaq sisteminin pozulması problemi ilə xəstəxanaya müraciət edən şəxs digər qidaları nəzərə almadan, qarpız yediyini deyir. Ola bilər ki, qarpız onun qəbul etdiyi son qida olub. Axı, insan gün ərzində tək qarpızla qidalanmır. Xəstələr qəbul etdikləri digər qidaların adlarını çəkmirlər. Bəzən qarpızdan zəhərləndiyini deyən insanın vəziyyəti araşdırılanda əslində problemə ondan əvvəl yediyi köhnə qidaların səbəb olduğu aydınlaşır. Qarpız isə, sadəcə, zəhərlənmə prosesini sürətləndirir. Qarpız həzm orqanlarında olan faydalı qidalarla yanaşı, zərərli bakteriyaların da sorulmasını tezləşdirir. Ona görə də bir çox hallarda problem qarpız yedikdən sonra yaranır”.
Şöbə müdiri onu da qeyd etdi ki, təzə doğranmış qarpızdan bakterial mənşəli zəhərlənmələr baş verə bilməz: “Kəsilməmiş qarpızın içərisində bakteriya yoxdur. Prosesdə başqa faktorların olduğunu nəzərə almaq vacibdir. Bəzən insanlar qarpızın bir hissəsini yedikdən sonra digər yarısını soyuducuya qoyurlar. Başqa qidalar qəbul etdikdən sonra onun üzərindən soyuq qarpızı yeyirlər. Bu da nəticədə ishal yaradır. Belə olan halda problem qarpızdan deyil, insanların qida rasionuna düzgün riayət etməməsindən baş verə bilər”.
İ.Abdullayevin fikrincə, qarpızdan əsasən kimyəvi zəhərlənmə baş verir. Belə ki, bu bostan bitkisinin tərkibində kimyəvi elementlər, azot gübrəsi normadan çox olanda zəhərlənmə təhlükəsi yaranır. Buna görə bölmə rəhbəri əhaliyə satıcıdan məhsulun təhlükəsiz olması ilə bağlı arayış tələb etməyi məsləhət gördü, insanlara xüsusən yay aylarında ehtiyatlı olmağı tövsiyə etdi. Bildirdi ki, əhali ictimai nəzarəti gücləndirsə, satış yerlərində çalışanlar da öz işlərinə məsuliyyətli yanaşmağa məcbur olarlar.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzinin direktoru vəzifəsini icra edən Rəşad Vahabzadə isə ölkəmizdə satışda olan qarpızlarla bağlı mətbuata açıqlamasında bildirib ki, bu gün açıq bostan şəraitində yetişdirilən kənd təsərrüfatı məhsulları üzərində Azərbaycanda stasionar laboratoriyada analitik sistem cihazları vasitəsilə kimyəvi və toksikoloji müayinələr aparılır: “Əgər müayinə zamanı məhsullarda nitrat və pestisidlərin miqdarı normadan artıq olarsa, o zaman məhsul satışdan çıxarılaraq məhv edilir. Ancaq bu il indiyədək həyata keçirilən laborator müayinələr zamanı qarpızlarda nitratların miqdarının 15-20 mq\kq arasında olduğu məlum olub. Halbuki qarpızda 60 mq\kq-dək nitrat norma sayılır”.
R.Vahabzadə satışda olan qarpızların mütəmadi yoxlandığını deyib: “Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzi ölkənin topdansatış və pərakəndə satış məntəqələrində satılan qarpız və yemiş məhsulları üzərində mütəmadi olaraq kimyəvi toksikoloji müayinələr aparır. Avqustun əvvəlində bazarlarda aparılan laborator müayinələr zamanı qarpızların üzvi tərkibi araşdırılıb, məhsullarda ağır metalların norma həddində olduğu müəyyən edilib və heç bir toksiki birləşmələrə, nitrat və pestisid qalıqlarına rast gəlinməyib”.
Onun sözlərinə görə, qarpız və digər məhsullara dərman və gübrələrin vurulması ilə bağlı yayılan məlumatların heç bir əsası yoxdur: “Əzik, çatlamış, çürümüş məhsullar aldıqda və istifadə etdikdə, yaxud soyuducuda uzun müddət saxladıqda, orqanizmdə qida zəhərlənməsi baş verə bilər. Əgər düzgün temperatura riayət olunmaqla məhsul soyuducuda saxlanılarsa və istifadə olunarsa, insan orqanizmi üçün heç bir təhlükə yaranmaz. Eyni zamanda, isti yay günlərində qızmar günəş altında saxlanılan və istehlakçılara satılan məhsullardan istifadə zamanı da qida zəhərlənməsi baş verə bilər. Buna görə də istehlakçılara xüsusi şəraitdə, örtülü yerlərdə saxlanılan məhsulları almağı və istifadə etməyi məsləhət görürük”.
Əlbəttə ki, qida zəhərlənməsi hadisələrindən danışırıqsa, hər il yay aylarında rayon və kənd toylarında baş verən kütləvi zəhərlənmə hallarına da toxunmalıyıq. Təəssüf ki, belə halların qarşısını almaq üçün mütəxəssislər əhaliyə tövsiyələr versələr də, problemi tam həll etmək mümkün olmur. Bir neçə gün öncə Göyçay rayonunun Yekəxana kəndinin 30-dan artıq sakininin İncə kəndində, fiziki şəxs Musayev Pənah Əmrah oğluna məxsus şadlıq sarayında keçirilən toyda kütləvi zəhərlənməsi də bizə bunu deməyə əsas verir.
Hadisə ilə bağlı danışan Respublika GEM-in bölmə müdiri İmran Abdullayev kütləvi zəhərlənmənin araşdırılması məqsədilə İqtisadiyyat Nazirliyinə müraciət etdiklərini bildirdi: “Sahibkarda yoxlamalarının aparılması üçün bu qurum razılıq verməlidir. İnsanların sağlamlığı üçün təhlükə yarandıqda yalnız onların razılığı və ya nümayəndələrinin iştirakı ilə yoxlama aparıla bilər. Rəy bildirmək üçün bizə restoranda sanitar-gigiyenik vəziyyətin, oradakı mövcud şəraitin necə olduğunu öyrənmək lazımdır. Araşdırma zamanı restoranın su təchizatı, işçilərin tibbi müayinədən keçib-keçməməsi, şəxsi gigiyena qaydalarına necə riayət etmələri, soyuducularla təminat, onların effektiv işləyib-işləməməsi, soyuducuların tutumu ilə qonaqların sayı üçün hesablanmış qidanın uyğunluğu, qidaların hansı mənbələrdən alınması və necə saxlanması kimi məsələlər araşdırılır. Bu araşdırmalar aparılmadan müəssisə haqqında hər hansı fikir söyləmək olmaz”.
İ.Abdullayev əlavə etdi ki, İncə kəndindəki şadlıq sarayında kütləvi zəhərlənmənin səbəbləri Respublika GEM tərəfindən aparılan laborator müayinələr tam başa çatdıqdan sonra dəqiq bilinəcək. Amma ilkin məlumatlara əsasən, zəhərlənməyə daha çox bozartmanın səbəb olduğu ehtimal edilir. Həmin qidada artıq bakteriyalar aşkar olunub ki, bu da birbaşa zəhərlənməyə gətirib çıxara bilər: “Bizə verilən ilkin məlumata görə, kənarda bişən bozartmanı qazanda restorana gətiriblər. Həmin bozartma zəhərlənməyə səbəb olan mikroblarla çirklənib. İlkin məlumatlara görə, toyda istifadə edilən şirələrin də istehsal yeri məlum deyil, istehsalçısı qeydiyyatdan keçməyib, məhsul sertifikatsız olub”.
Zəhərlənmənin baş verməməsi üçün qidaların gigiyena qaydalarına riayət edilməklə, soyuducuda saxlanılmasının vacib olduğunu deyən İ.Abdullayev bildirdi ki, şadlıq saraylarında bu qaydalara mütləq riayət edilməlidir. Onun sözlərinə görə, toylarda kütləvi zəhərlənmələr daha çox ət məhsullarından olur: “Rayon yerlərində yeməklər adətən toydan bir gün əvvəl bişirilir, amma soyuducuda saxlanılmır. İsti havada belə qida lazımi tələblərə uyğun saxlanılmadığına görə, qidanın çirklənməsi baş verir. Belə yeməkləri qonaqlara paylamağa icazə verən restoran sahibi də məsuliyyət daşıyır. O həmin iaşə müəssisəsindən kənarda bişən qidanı öz restoranına daxil olmağa icazə verməməlidir. Şadlıq evində soyuducuların tutumu da qəbul etdikləri qonaqların sayına uyğun olmalıdır. Amma yoxlayanda bəzən məlum olur ki, soyuducuların tutumu heç 20 nəfər üçün də nəzərdə tutulmayıb”.
Təbii ki, yay fəslinin əsas qida problemlərindən danışırıqsa, dondurma və sərinləşdirici içkiləri unutmaq olmaz. Bu məhsulların keyfiyyəti, onların saxlanma şəraiti bir sıra hallarda məqbul sayılmasa da, alıcılar bəzən qızmar istilərdə sərinləmək üçün yediklərinin və ya içdiklərinin nəinki keyfiyyətinə, heç tərkibinə də fikir vermirlər. Satıcılar isə məhsulların firmalar tərəfindən gətirildiyini və bütün məsuliyyətin onların üzərində olduğunu vurğulayırlar. Onlar satılmayan məhsulların firmaya geri qaytarıldığını deyir, özlərini istehsalçı ilə istehlakçı arasında sadəcə vasitəçi sayırlar.
Bu məsələ ilə bağlı İmran Abdullayev bizə bildirdi ki, onlar 2015-ci il noyabrın 1-dən qüvvəyə minən “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanuna əsasən, ölkə ərazisində yoxlamalar aparmırlar: “Ancaq istehlakçı hər hansı bir neqativ halla rastlaşarsa və bununla əlaqədar bizə müraciət edərsə, ondan sonra biz təhlükəsizlik qaydalarına və sanitar-gigiyenik qaydalara riayət olunub-olunmaması ilə bağlı araşdırma həyata keçiririk. Bunun üçün isə İqtisadiyyat Nazirliyinin razılığı olmalıdır”.
Bölmə müdiri bu il yay mövsümü müddətində onlara dondurma və sərinləşdirici içkilərlə bağlı şikayət daxil olmadığını dedi. O, son dövrlərdə Azərbaycanda dondurma istehsalı ilə bağlı xeyli irəliləyişlər əldə edildiyini vurğuladı: “Bizim məhsullar hətta inkişaf etmiş ölkələrdə istehsal olunan dondurmalardan da geri qalmır. Amma bununla yanaşı, həm bölgələrdə, həm də Bakıda standartlara uyğun olmayan sexlər də mövcuddur. Onların sayı regionlarda daha çoxdur. Son illər müasir texnologiyalarla təchiz edilmiş zavodlar isə standartlara uyğun olan dondurmalar istehsal edir. Dondurmanın keyfiyyəti xammalından asılı olaraq müəyyənləşir. Əgər dondurmanın istehsalında istifadə olunan xammal özü keyfiyyətlidirsə, zərərli qatqılar əlavə olunmayıbsa, keyfiyyəti standarta uyğun sayılır.
Azərbaycanda qüvvədə olan qanunvericiliyə görə, dondurmanın istehsalında yalnız süd yağı istifadə olunmalıdır. Amma Avropa ölkələrində o, bitki yağları ilə də əvəz edilə bilər, halbuki ölkəmizdə bu qadağandır. Tərkibində süd yağı istifadə olunan dondurmalar daha keyfiyyətli, təbii dondurma hesab olunur. Bu tərkibə şəkər, süd və stablizatorlar əlavə edilir. Stabilizator əlavələr bilavasitə dondurmanın qatılaşması üçün edildiyindən, buna Ümumdünya Səhiyyə Təşkilatı icazə verib”.
İ.Abdullayev bildirdi ki, dondurmanın saxlanma müddəti onun kimyəvi tərkibindən, eləcə də çeşidindən asılıdır. Hazırlanmış dondurmalar növündən asılı olaraq topdansatış məntəqələrində, xüsusi soyuducu kameralarda -18o C-dən yüksək olmayan temperaturda saxlanmalıdır. Bu temperaturda dondurmalar 10 aya qədər saxlana bilər. Alıcıları dondurma alarkən diqqətli olmağa çağıran müsahibimiz əriyib formasını dəyişmiş məhsulu qətiyyən almamağı tövsiyə etdi.
Sonda İmran Abdullayev bu ilin yanvar-iyul ayları ərzində Azərbaycanda 283 zəhərlənmə hadisəsinin baş verdiyini, 336 nəfərin zərər çəkdiyini dedi. 25 nəfərdə botulizm hadisəsinin baş verdiyini, bu səbəbdən 1 nəfərin öldüyünü söylədi. O qeyd etdi ki, ən təhlükəli zəhərlənmələr yaxşı konservləşdirilməmiş qidalardan baş verir. Bu hətta ölümlə də nəticələnə bilər. Belə zəhərlənmələrdə əsas əlamətlər özünü 24 saatdan sonra göstərir. Mütəxəssis qida zəhərlənmələrinin sayını azaltmaq üçün əhali arasında maarifləndirmə işlərini gücləndirməyin zəruriliyini vurğuladı.
Ü.FƏRZƏLİYEVA