GEM içməli suya nəzarət edir
Respublikanın sanitariya-epidemioloji xidmət orqanları yaşayış məntəqələri ərazisinin sanitariya qaydalarına uyğun təmizlənməsinə, məişət tullantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi işlərinə mütəmadi nəzarət edir.
Respublika Gigiyena və Epidemiologiya Mərkəzi (GEM) tərəfindən aparılan müayinələr nəticəsində aşkar olunmuş nöqsanlarla əlaqədar Bakının Sabunçu, Xəzər, Suraxanı və Xətai rayonlarının sanitariya təmizliyi məsələlərinə cavabdeh orqanlarının rəhbərlərinə müvafiq təkliflər verilib. Eyni zamanda, Binəqədi, Nizami və Qaradağ rayonlarında cavabdeh şəxslər inzibati qaydada cərimə olunub və müvafiq tədbirlərin görülməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə rəsmi məktublar göndərilib.
Bundan əlavə, Respublika GEM tərəfindən şəhər və rayon mərkəzlərindəki su təchizatı sistemlərindən, o cümlədən 18 rayonun ərazisində olan modul tipli təmizləyici qurğulardan su nümunələri götürülərək müayinə edilib və nəticələr üzrə müvafiq tədbirlər görülüb.
Bakı şəhəri ərazisində yerləşən mərkəzi və məhəllədaxili su anbarlarının yuyulub zərərsizləşdirilməsi işi də nəzarətdə saxlanılıb. Paytaxtın mərkəzi su anbarları və nasos stansiyaları üzrə bu ilin 6 ayı ərzində 935 su nümunəsi müayinə olunub. İçməli su nümunələrində aşkar edilmiş qeyri-kafi nəticələrlə bağlı araşdırmalar aparılıb, suyun keyfiyyət göstəricilərinə mənfi təsir göstərən amillərin aradan qaldırılması üçün müvafiq tədbirlər görülməsi barədə təkliflər verilib.
Bununla yanaşı, çimərlik zonalarında laborator müayinələr aparılmaqla dəniz suyunun fiziki-kimyəvi və bakterioloji göstəricilərinə nəzarət də davam etdirilib.