Qidaların keyfiyyətinə necə nəzarət olunur?
“Azərbaycanda qida zəhərlənmələrinin sayında ötən illə müqayisədə azalma müşahidə edilir. Belə ki, bu ilin 6 ayı ərzində ölkə ərazisində 331 qida zəhərlənməsi hadisəsi qeydə alınıb. Halbuki keçən ilin müvafiq dövründə 521 belə hadisə baş vermişdi. Bu, 2015-ci ilin ilk yarımilində qida zəhərlənməsi hadisələrinin ötən ilin yanvar-iyun aylarına nisbətən 36,5 faiz azaldığını göstərir”. Bizə bu haqda Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin Qidalanma gigiyenası bölməsinin müdiri İmran Abdullayev məlumat verdi.
Botulizm hadisələrində azalma var
İ.Abdullayev bildirdi ki, azalma tək qida zəhərlənməsi hadisələrinin sayında deyil, həm də bu hadisələr zamanı zərərçəkənlərin sayında da müşahidə olunur. Belə ki, cari ilin birinci yarısında qida zəhərlənməsindən 418 nəfər zərər çəkib. Ötən ilin müvafiq dövründə isə bu göstərici 577 nəfər olub. Beləliklə, zərəçəkənlərin sayında 27,7 faiz azalma var.
Müsahibimiz bu ilin ilk yarımilində 11 botulizm hadisəsinin vaş verdiyini (keçən ilin müvafiq dövründə 17 hadisə olub), bu səbəbdən 17 nəfərin zərər çəkdiyini, onlardan birinin dünyasını dəyişdiyini də diqqətə çatdırdı.
İyul ayı üzrə statistikanı da açıqlayan İ.Abdullayev bir ay ərzində 62 qida zəhərlənməsi hadisəsi qeydə alındığını, bu hadisələrdə 75 nəfərin zərər çəkdiyini, botulizm hadisəsinin isə ümumiyyətlə olmadığını vurğuladı: “Qida zəhərlənmələri adətən yay aylarında müşahidə olunur. Bunun qarşısını almaq üçün ilk növbədə qidaların saxlanma rejiminə riayət olunmalı, mikrobların öldürülməsi məqsədilə termik emal həyata keçirilməli, antisanitar yerlərdən qida alınmamalıdır. İnsanlar gigiyena qaydalarına ciddi riayət etməlidirlər”.
İmran Abdullayev qida zəhərlənmələrinin sayını azaltmaq üçün əhali arasında maarifləndirmə işlərinin gücləndirilməsinin önəmini də diqqətə çatdırdı. Onun sölərinə görə, ən təhlükəli zəhərlənmələr düzgün konservləşdirilməmiş qidalardan baş verir və bu hətta ölümlə nəticələnə bilər.
“Zəngəzur” restoranının fəaliyyəti dayandırılıb
Bölmə müdiri avqustun 8-də Binəqədi rayonundakı “Zəngəzur” şadlıq sarayında keçirilən toy mərasimində baş vermiş zəhərlənmə hadisəsi ilə bağlı məsələyə də aydınlıq gətirdi, 15-i uşaq olmaqla, 88 nəfərin zərər çəkdiyi kütləvi zəhərlənmə hadisəsinin səbəblərini açıqladı. O bildirdi ki, aparılan yoxlamalar zamanı hazır qidalarla bişməmiş qidaların bir yerdə saxlanılması, hazırlandıqdan sonra çirklənməsi halları qeydə alınıb: “Ərzaqların saxlanması və hazırlanmasında kobud gigiyenik qayda pozuntularına yol verilib. Eyni zamanda, istilik sisteminin düzgün olmaması, soyuducuların sayının tələbata uyğun olmaması və s. kimi faktlar aşkarlanıb. Hadisə ilə əlaqədar şadlıq sarayının fəaliyyəti dayandırılıb”.
İ.Abdullayevin sözlərinə görə, qeyd edilən nöqsanlar aradan qaldırıldıqdan, şadlıq sarayında sanitar-gigiyenik qaydalara tam riayət edildikdən, dezinfeksiya tədbirləri həyata keçirildikdən sonra müəssisənin işi yenidən bərpa oluna bilər. O bildirdi ki, hadisə ilə əlaqədar Binəqədi rayon Gigiyena və Epidemiologiya Mərkəzi Binəqədi prokurorluğuna da müraciət edib və məsələyə hüquqi qiymət prokurorluq tərəfindən veriləcək.
Bölmə müdiri hadisə nəticəsində ölüm faktının qeydə alınmadığını, zərərçəkənlərin Kliniki Tibbi Mərkəzdə və 7 nömrəli Uşaq Yoluxucu Xəstəxanasında müalicə olunduğunu və hər birinin sağaldıqdan sonra evə yazıldığını dedi.
İ.Abdullayev onu da söylədi ki, Respublika GEM-in əməkdaşları artıq əvvəlki illərdə olduğu kimi, şadlıq saraylarında və digər obyektlərdə mütəmadi reydlər və ya yoxlamalar həyata keçirmir. “Azərbaycan Respublikasının “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Qanununa görə, yoxlamalar planlı və plandankənar həyata keçirilir. Noyabrın 1-nə qədər reyestr tutulur və buna əsasən növbəti ildə yoxlamalar həyata keçirilir. Yəni əvvəlcədən bilinir ki, harada, nə vaxt və ildə neçə dəfə yoxlama apara bilərik. Əvvəllər plandankənar yoxlamaları sərbəst həyata keçirirdik. İndi isə yeni qaydalara görə, yalnız hansısa obyektdə zərurət yarandıqda belə yoxlama təşkil oluna bilər. Məsələn, Zəngəzur restoranında olduğu kimi. Qanunvericilikdə edilən dəyişikliyə əsasən, bundan sonra da plandankənar yoxlamalar ancaq bizə haqqında ciddi siqnallar, şikayət ərizələri daxil olan obyektlərdə aparılacaq. Hansısa müəssisə ilə bağlı şikayət daxil olmasa, orada yoxlama həyata keçirməyə icazəmiz yoxdur”.
Yeni dövlət standartları
Yeri gəlmişkən, qeyd edək ki, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əmri ilə AZS 746-2012 “Şadlıq saraylarının təsnifatı və ümumi qaydalar” dövlət standartına dəyişiklik edilib. Komitədən verilən məlumata görə, bu dəyişikliyə əsasən, mətbəxdə qabların yuyulması iki üsulla – əl və qabyuyan maşınlar vasitəsilə aparılmalıdır. Qablar əl ilə yuyularkən müəssisə iri mətbəx qazanları və avadanlıqların yuyulması üçün üç bölümlü, şüşə qablar və mətbəx dəstlərinin yuyulması üçün iki bölümlü vannalarla təmin olunmalıdır. Təmiz mətbəx qabları və avadanlıqları alt hissəsi döşəmədən ən azı 50-70 sm hündürlükdə olan rəflərdə, təmiz mətbəx dəstləri zalda xüsusi şkaflarda, təmiz boşqablar isə bağlı şkaflarda və ya rəflərdə saxlanmalıdır. Onların məcməyidə səpələnmiş vəziyyətdə saxlanmasına icazə verilmir.
Standarta digər dəyişiklik hazırlanan yeməklərin realizasiyası və saxlanması ilə bağlıdır. Belə ki, “İsveç masası” xidmət növündə təqdim olunan marmitdə, sobada qızdırılan qablarda olan isti yeməklər ən çoxu üç saat ərzində, soyudulmuş hazır soyuq yeməklər isə bir saat ərzində realizə edilməlidir və realizasiya zamanı isti yeməklərin temperaturu 750C-dən aşağı, soyuq yeməklər və içkilərin temperaturu isə 140C-dən yuxarı olmamalıdır. Həmçinin, salatların inqrediyentləri qatışdırılmamış vəziyyətdə 2-6 dərəcədə 6 saatdan çox saxlanılmamalıdır, qatışdırıldıqdan sonra isə dərhal stola verilməlidir.
Yeməklərin istehsalı zamanı istifadə olunan ərzaq xammallarında və ərzaq məhsullarında insan sağlamlığına potensial təhlükəli olan kimyəvi və bioloji maddələr normativ-hüquqi sənədlərdə müəyyən edilmiş normadan artıq olmamalıdır. Tətbiq edilən digər dəyişikliyə əsasən, ictimai iaşə müəssisələrində kulinariya məhsulları hazırlanarkən baytarlıq ştampı (möhürü) və şəhadətnaməsi olmayan bütün növ kənd təsərrüfatı heyvanlarının ətindən, quş əti və quş yumurtasından, ördək və qaz yumurtalarından, hermetikliyi pozulmuş, şişmiş konservlərdən, anbar zərərvericiləri ilə yoluxmuş qarabaşaq, un, düyü, quru meyvələrdən, qurdlu və əzilmiş təzə göbələklərdən, istifadə müddəti başa çatmış və ya başa çatmaq üzrə olan, xüsusilə tez xarab olan məhsullardan və s. istifadə etmək qadağandır.
Dəyişikliklər sentyabrdan tətbiq olunacaq
Yeni standartlar məhsulların soyuducuda saxlanılması qaydalarını da müəyyən edir. Belə ki, yeni qaydalara əsasən, ətin saxlandığı soyuducu kameralar asan yuyula bilən gigiyenik örtüklü rəflərlə təmin olunmalıdır. Soyudulmuş ət cəmdəkləri, yarımcəmdəklər və dörddə bir cəmdəklər bir-birinə, döşəməyə və divara toxunmamaq şərti ilə qarmaqlardan asılmış vəziyyətdə, həmçinin xama, kəsmik və s. ağartı məhsulları, eləcə də mayonez ağzı qapaqla yaxşı bağlanan qablarda, kolbasalar isə qarmaqlardan asılmış vəziyyətdə saxlanmalıdır.
Personalın şəxsi gigiyena qaydalarına da dəyişiklik edilib. Belə ki, personal üst geyimlərini və şəxsi əşyalarını qarderobda saxlamalı, işə başlamazdan əvvəl əllərini təmiz yumalı, təmiz xalat və əlcək geyinməli, başlarını örtməli və saçlarını diqqətlə örtüyün altına yığmalıdır. Həmçinin əllərində irinli sızanaqlar, kəsiyi, yanığı olan, yuxarı tənəffüs yolları infeksiyalı xəstələr bu sahələrdə işə buraxılmamalıdır.
Bu dəyişikliklər sentyabrın 1-dən qüvvəyə minəcək.