Azərbaycan səhiyyəsində növbəti tarixi uğur: meyit donorun ürəyi transplantasiya edildi

Azərbaycanda ilk dəfə olaraq meyit donorun ürəyi transplantasiya edilib. Bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Mərkəzi Klinikanın birgə məlumatında xəbər verilib.
Məlumatda bildirilir: “Azərbaycan səhiyyəsi tarixi inkişaf dövrünü yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səhiyyə sahəsində aparılan ardıcıl, sistemli və əsaslı islahat tədbirləri nəticəsində ölkə səhiyyəsi yeni tarixi tərəqqi mərhələsinə qədəm qoyub. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüskarı və dəstəkçisi olduğu layihələr sektorun çoxşaxəli inkişafına mühüm töhfələr verib”.
Məlumatda qeyd edilib ki, Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə Sabunçu Tibb Mərkəzində müalicə olunan pasiyentə beyin ölümü diaqnozunun qoyulması barədə məlumat daxil olub: “Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən dərhal orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi üzrə aidiyyəti tədbirlər həyata keçirilib.
Beyin ölümü diaqnozu təsdiqləndikdən sonra mərhumun ailəsi yüksək humanizm nümunəsi göstərərək orqanları bağışlamağa razılıq verib. Bununla da Qafqaz regionunda ilk dəfə olaraq meyit donorun ürəyi transplantasiya edilib.
Ürək transplantasiyası əməliyyatı Mərkəzi Klinikada baş həkim, professor Kamran Musayevin rəhbərlik etdiyi ixtisaslı tibbi heyət tərəfindən yüksək peşəkarlıqla icra olunub. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb.
Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi donorun yaxınlarına nəcib davranışlarına görə minnətdarlığını bildirir, peşə vəzifələrini yüksək səviyyədə icra etmiş tibb mütəxəssislərinə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayır”.
Ürək transplantasiyası əməliyyatını icra edən professor Kamran Musayev AZƏRTAC-a açıqlamasında bildirib ki, meyit donorun ürəyinin köçürüldüyü 2006-cı il təvəllüdlü Tovuz rayon sakininin hazırda vəziyyəti keçirdiyi əməliyyata uyğun olaraq kafidir.
Kamran Musayev xatırladıb ki, Prezident İlham Əliyev tərəfindən 2020-ci ildə imzalanmış "İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında" Qanun qəbul edildikdən sonra Azərbaycanda meyitdən donor kimi istifadə edilməyə rəsmi şəkildə icazə verilib: “Orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi istiqamətində Səhiyyə Nazirliyi uzun illərdir ki, iş aparırdı. Biz də həmçinin ürək transplantasiyasının həyata keçirilməsi üzərində işləyirdik. Bütün komandamızın üzvləri bu prosesə hazır idi. Əməliyyatın icrasında 20 nəfərə yaxın tibbi heyət iştirak etdi. Bu kifayət qədər kompleks şəkildə icra edilmiş bir əməliyyat idi".
Mərkəzi Klinikanın baş həkimi bu humanist addım üçün donorun ailəsinə təşəkkür edib. Bu qərarın 19 yaşlı gənc bir oğlanın həyatını davam etdirməsinə səbəb olduğunu deyib.
 	
	Xəbəri paylaş
	
			
		 
		 
  
            
 
   





 
 




