Dopinq – dünya idmanının bəlası!
Güclü təsiredici maddələr
Dərman vasitələri arasında bir qrup maddələr var ki, onlar narkotik vasitələrə və psixotrop maddələrə aid olmasa da, tibbi göstəriş olmadan və ya yüksək dozada qəbul edildikdə insanın həyatına və səhhətinə təhlükə yaradan güclü təsiredici maddələrdir. Hər hansı preparat bu qrupa BMT-nin Narkotik vasitələrə nəzarət üzrə Daimi komissiyasının nəticəsi əsasında aid edilir. Bu maddələr asılılıq vaziyyəti yarada, mərkəzi sinir sisteminə stumullaşdırıcı və ya depressiv təsir edə, hallüsinasiyaların, təfəkkür, düşüncə, hərəkət pozuntularının yaranmasına səbəb ola bilər. Ölkəmizdə bu qrupa aid edilən preparatlar Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Narkotik vasitələrə və psixotrop maddələrə aid olmayan güclü təsir edən maddələrin Siyahısı”nda göstərilir.
Güclü təsir edən və zəhərli maddələr arasında fərq yalnız onların kəmiyyət göstəriciləri ilə müəyyənləşir. Belə ki, zəhərli maddələr güclü təsiredici maddələrdən yüz, hətta min dəfə az dozalarda istifadə olunur. Mütəxəssislər hesab edirlər ki, güclü təsiredici və zəhərli maddələr insan orqanizminə psixoaktiv təsirinə, asılılıq və geridönməz proseslər yaratmasına görə təhlükəli maddələrdir. Onların arasında “dopinq” adlanan maddələr də əhəmiyyətli rol oynayır.
Dopinq
İngilis dilində hərfi mənası “narkotiklə, zəhərli maddə ilə beyni zəhərləmək” mənası daşıyan dopinq (ing. doping) anlayışı narkotik vasitələrlə yanaşı, idmanda istifadə olunan və idmançıların göstəricilərinin yüksəlməsinə yönəlmiş təbii və sintetik mənşəli bütün vasitələrə aid edilir. Belə vasitələr idmançının qısa müddətə sinir və endokrin sisteminin aktivliyini və əzələlərinin gücünü əhəmiyyətli dərəcədə artırır. Bundan başqa, əzələ zülallarının sintezini artıran vasitələr də dopinqlərə aiddir. Adi dərman vasitələrinin bir çox hissəsi də yarışlar zamanı “idmançılar tərəfindən qəbul edilməsi qadağan olunmuş” statusuna malikdir.
İdmanda dopinqlə mübarizəyə dair müasir konsepsiya Ümumdünya Antidopinq Agentliyinin (ÜAA) Antidopinq Kodeksində öz əksini tapıb. ÜAA hər il idmançılar üçün qadağan olunmuş preparatların siyahısının və standartlarının yeni versiyalarını (laboratoriyalar üçün, testləşmə üçün, terapevtik istisnalar üçün beynəlxalq standartları) dərc edir. Hazırda hesab olunur ki, dopinq idmançının normal fəaliyyət göstərən orqanizmi üçün artıq olan vasitənin və ya dərman preparatının artıq dozada düşünülmüş qəbuludur və bunun bir məqsədi var – idman yarışları zamanı fiziki aktivliyin və dözümlülüyün süni olaraq artırılması.
Dopinqlə mübarizə həm də onunla əlaqədardır ki, rekordlar idmançının sağlamlığı və həyatı bahasına əldə olunmasın. 1993-cü ildə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) Tibbi Komissiyası müxtəlif qrup və siniflərə aid olan gücləndirən vasitələrin (stimulyatorların), narkotik vasitələrin, anaboliklərin, ağrıkəsici və sidikqovucu vasitələrin, peptid hormonların və onların törəmələrinin istifadəsinə qadağan edib. Alkoqolun, qəhvənin, yerli anestetiklərin və beta-adrenoblokatorların qəbuluna da məhdudiyyət qoyulub.
Dopinqin ilk qurbanları
Dopinqdən ilk dəfə ABŞ-da atçılar və onların məşqçiləri istifadə etməyə başlayıblar. Onlar çapmazdan əvvəl atların bədəninə inyeksiya yolu ilə gücləndirən vasitələr yeridirdilər. Bu barədə informasiya ilk dəfə 1903-cü ildə Avropa və Rusiya qəzetlərində dərc edilmişdi. O vaxt çapar cəmiyyətləri belə hallarla mübarizə və ciddi nəzarət haqqında müqavilə bağladılar. İlk dəfə bu müqaviləni pozub tutulan amerikalı çapar Frank Starr oldu. 1913-cü ildə keçirilən cıdır yarışı zamanı onda atının gücünü və dözümlülüyünü süni artıran, eyni zamanda, atın səhhətinə mənfi təsir göstərən eliksir tapıldı və o, atçapma hüququndan ömürlük məhrum edildi.
1960-cı ildə Romada keçirilən Olimpiya Oyunları zamanı dopinq haqqında məlumat dünya mətbuatında öz əksini tapdı. Belə ki, Danimarka velosipedçiləri Knud Yensen və Yurgen Yoransen 100 kilometrlik yarışların sonunda yerə yıxılmış və huşlarını itirdilər. Yensen özünə gəlmədən dünyasını dəyişdi. İngilis velosipedçisi Tom Simson isə “Tour de France” yarışı zamanı velosipeddən yıxılaraq öldü. Hər iki hadisədə ölümlərin səbəbləri açıqlanmadı. Yalnız aradan xeyli keçəndən sonra rəsmi açıqlamaya əsasən məlum oldu ki, velosipedçilərin qanında güclü təsiredici stimulyatorlar tapılıb.
Qadağan edilmiş dopinq vasitələri
Dopinq kimi qəbul edilən və qadağan olunan maddələri bir neçə sinfə ayırırlar. Bunlar stimulyatorlar (amfetamin, kofein, kokain, efedrin və s.), narkotiklər (buprenorfin, diamorfin (heroin), metadon, morfin və s.), anabolik preparatlar (androstenediol, androstenedion, bambuterol və s.), beta-2-aqonistlər (bambuterol, klenbuterol, salbutamol və s.) diuretiklər (asetazolamid, furosemid, mersalil və s.), peptid hormonları, mimetiklər və analoqlarıdır (xorion qonadotropin (HCG), pituitar və sintetik qonadotropinlər (LH) – yalnız kişilərə qadağandır, kortikotropinlər, boy artıran hormon (HGH), insulinəbənzər boy artıran faktor (IGF-1), qritropoetin (ERO)). İnsulin preparatının istifadəsinə isə endokrinoloq və ya komandanın həkimi tərəfindən yalnız yazılı sürətdə təsdiq edilmiş “insulin asılılıqlı diabet” diaqnozu olan idmançılara icazə verilir.
Şərti qadağan olunmuş preparat sinifləri
Qeyd-şərtsiz qadağan olunmuş preparatlarla yanaşı, elə maddələr var ki, onlara müəyyən şərtlər daxilində qadağalar tətbiq edilir. Belə ki, alkoqola (etil spirtinə), çətənə mənşəli preparatlara (kannabinoidlər – həşiş, marixuana) və beta-blokatorlara qarşı testləşmə müvafiq federasiyanın tələblərinə əsasən aparıla bilər. Məsələn, Olimpiya oyunlarında kannabinoidlərə görə testləşmə mütləq aparılır.
Qlükokоrtikosteroidlərin mütəmadi istifadəsi (per os, per rektum, inyeksiyalar şəklində) qadağandır.
Ağrıkəsicilərə gəlincə, bəzi anestetiklər qadağandır, bəzilərinin isə yalnız yerli istifadəsinə və oynaqdaxili inyeksiyalarına icazə verilir. Tibbi göstəriş olduqda müvafiq federasiyanın tələblərinə əsasən yerli anestetiklərin təyinini təsdiq edən resept təqdim olunmalıdır.
Qadağan edilmiş üsullar
Haqqında danışılan farmakoloji və hormonal vasitələrlə yanaşı, idmanda işgüzarlığın artırılması üçün fizioloji və psixoloji (hipnoz, meditasiya, stressin götürülməsi) yollardan da istifadə etmək mümkündür. Belə fizioloji üsullardan qandan dopinq kimi istifadə, plazma əvəz edicilərin və ya oksigenin süni daşıyıcılarının istifadəsi, farmakoloji, kimyəvi və fiziki manipulyasiyalar kimi üsullar da qadağan olunub.
Ümumdünya Antidopinq Agentliyinin tövsiyəsinə əsasən, Beynəlxalq Olimpiya Komitəsi hər il qadağan edilmiş vasitələrin və üsulların siyahısını təzələməlidir və bu siyahı hər il yanvarın 1-də qüvvəyə minir. Bu siyahının tərtib olunmasına beynəlxalq idman federasiyaları da müəyyən təsir göstərə bilər.
Əlbəttə, idmanda ədalətli rəqabət və idmançıların sağlamlığı baxımından dopinq nəzarəti çox önəmlidir. Bunula belə, qadağan olunmuş maddələrin siyahısının əksər dərman vasitələrini əhatə etməsi idmançıların müalicəsində böyük çətinliklər yaradır, onlar hətta kəskin ehtiyac olduqda belə, effektiv dərman preparatlarının qəbulundan məhrum olunurlar. Məsələn, idmançılar qlükokortikosteroidləri daxilə və inyeksiya şəklində istifadə edə bilmirlər. Antiastmatik, insulin, antidepressant, virus əleyhinə, damar təsirli dərman preparatlarının tibbi göstərişlərə əsasən istifadəsində böyük çətinliklər yaranır. Bu hallarda bütün məsüliyyət idmançının üzərinə düşür.
Lakin dopinqin idmançının orqanizminə mənfi təsirləri, onun qəbulu nəticəsində ölüm hadisələri barəsində informasiyalar Antidopinq Komitəsinin bu istiqamətdə həyata keçirdiyi tədbirlərin düzgün olduğunu təsdiqləyir.
T.Məmmədhəsənov, B.Əsədov, P.Məmmədov.
Respublika Narkoloji Mərkəzi