Gerhard Reiss: “Onurğa sütununun bütün xəstəliklərinin bioloji təbabət yolu ilə müalicəsi mümkündür”

Gerhard Reiss: “Onurğa sütununun bütün xəstəliklərinin bioloji təbabət yolu ilə müalicəsi mümkündür”

“Son dövrlər dünyada onurğa sütunu xəstəliklərindən əziyyət çəkən insanların sayının artması ilə bağlı fikirlər tamamilə həqiqətə uyğundur. Bunun bir səbəbi diaqnostika cihazlarının ilbəil daha da inkişaf etməsi, müvafiq olaraq, bu sahədə imkanların genişlənməsidirsə, digər önəmli səbəb insanların az hərəkətli həyat tərzi ilə yaşaması, fiziki aktivliklərinin azalmasıdır.
Hazırda əksər şəxslər, hətta kiçik yaşlı uşaqlar günün çox hissəsini kompüter qarşısında, oturaq vəziyyətdə keçirirlər. Nəticədə, əzələlər zəifləyir, oynaqlara, fəqərəarası disklərə daha çox yük düşür. Bu isə öz növbəsində bir sıra onurğa sütunu xəstəliklərinin yaranmasına gətirib çıxarır”. Bu haqda bizə müsahibəsində alman mütəxəssisi, vertebroloq, naturopat, bioloji təbabət üzrə ekspert (University Milan/WHO), dr. med. Gerhard Reiss məlumat verdi. Onunla söhbətimiz zamanı mütəxəssis onurğa xəstəlikləri haqqında bir sıra suallarımıza da aydınlıq gətirdi.


- Fəqərəarası diskin yırtığı hansı hallarda əməliyyatla, hansı hallarda konservativ yolla müalicə olunmalıdır?
- Belə yırtıqlar zamanı yalnız aşağı və ya yuxarı ətrafların, yaxud sidik kisəsinin və ya bağırsağın parezi yaranıbsa, əməliyyatın həyata keçirilməsi vacibdir. Bütün başqa hallarda fəqərəarası diskin yırtığı ancaq konservativ yolla müalicə olunmalıdır, yəni əməliyyata ehtiyac yoxdur.
- Bu diaqnoz qoyulan və əməliyyat olunan xəstələrin qısa müddət sonra yenidən eyni problemlə, ağrılarla qarşı-qarşıya qalması halları ilə dəfələrlə rastlaşmışıq. Bəs, müalicə yolu ilə xəstəliyin tamamilə aradan qaldırılması mümkündürmü?
- Ümumiyyətlə, kimdəsə bir dəfə fəqərəarası diskin yırtığı yarandısa, o insanda bunun təkrar əmələ gəlmə təhlükəsi yüksəkdir. Bunu nəzərə alaraq, biz bioloji təbabətdə bu situasiyaya gətirib çıxaran səbəbləri aradan götürməyə çalışırıq, yəni ilk növbədə birləşdirici toxumanı təmizləyirik. Çünki müasir dövrdə əksər insanlar sağlam həyat tərzi keçirmədiyi, düzgün qidalanmadığı üçün birləşdirici toxuma turş toksinlərlə dolur və zəifləyir. Biz təmizləyici, drenaj müalicə üsulları ilə birləşdirici toxumanı təmizləməklə onu yenidən gücləndiririk. Növbəti mərhələdə isə müalicə əzələlərin gücləndirilməsinə yönəlməlidir. Əzələ gücləndikcə bağlara, oynaqlara, fəqərəarası disklərə düşən yük azalır.
Onu da qeyd edim ki, fəqərəarası diskin yırtığı olan seqmentə yaxın olan oynaqlara düşən yükü azaltmaq da vacibdir.
- Bioloji təbabətin digər müalicə üsullarından üstünlüyü nədir?
- Ən böyük üstünlük odur ki, bioloji təbabət üsulu ilə müalicə zamanı istifadə olunan dərmanların, demək olar ki, heç bir əlavə təsirləri yoxdur. Bu o deməkdir ki, müalicə zamanı qaraciyərə, böyrəklərə heç bir zərər dəymir, orqanlar yüklənmir. Bioloji təbabət yolu ilə müalicə hətta hamiləlik dövründə də aparıla bilər.
Digər tərəfdən, onurğa sütunundakı problemlərlə əlaqədar bizə müraciət edən xəstələrin əksəriyyəti yaşlı insanlardır və onların çoxu yüksək arterial təzyiqdən, şəkərli diabetdən, qalxanvari vəzinin xəstəliklərindən və s. əziyyət çəkirlər. Bu problemlərlə əlaqədar isə onlar artıq bir neçə dərman preparatını qəbul edirlər. Bioloji təbabət üsulu ilə müalicə zamanı isə biz onların orqanizmini əlavə yükləmirik.
Bioloji təbabətin əsas prinsipi odur ki, mütəxəssis simptomu, yaxud xəstəliyi ayrıca görmür, onun yaranma səbəbini, problemin kökünü müəyyənləşdirir, insanı bütöv görür və müalicə edir.
Onu da qeyd edim ki, bioloji təbabət akademik təbabətə zidd deyil, bunlar bir-birini tamamlayan müalicə üsullarıdır. Çox ağır olmayan xəstəlikləri biz sırf bioloji müalicə üsulu ilə sağalda bilirik. Əks halda isə, bioloji müalicənin akademik müalicə ilə yanaşı aparılması məqsədəuyğundur və bu zaman çox yaxşı nəticə əldə etmək olur.
- Almaniya ilə müqayisədə Azərbaycanda onurğa sütunu xəstəliklərinin yayılma səviyyəsini necə qiymətləndirərdiniz?
- Müraciətlərə əsasən deyə bilərəm ki, böyüklər arasında fəqərə sütunu xəstəlikləri yayılma səviyyəsinə görə Almaniyada da, Azərbaycanda da təxminən eynidir. Anadangəlmə xəstəliklərə, xüsusən skolioza isə burada uşaqlar arasında daha çox təsadüf olunur. Bunun dəqiq səbəbini bilmirəm. Ola bilər ki, səbəblərdən biri Azərbaycanda qohumlararası nikahın geniş yayılmasıdır.
- Skolioz xəstəliyinin bioloji təbabət üsulu ilə müalicəsi mümkündürmü? Belə xəstələrə əməliyyat hansı hallarda tövsiyə olunur?
- Ümumiyyətlə, onurğa sütununun bütün xəstəliklərinin bioloji təbabət yolu ilə müalicəsi mümkündür. O cümlədən skoliozun da bu üsulla müalicəsi çox uğurla, effektiv həyata keçirilir. Təbii ki, bu, fəqərə sütununun əyilmə dərəcəsindən asılıdır. Əgər çox güclü əyilmə varsa, hətta tənəffüs funksiyası pozulubsa, belə hallarda əməliyyat lazım olur və biz bunu pasiyentə bildiririk. Bütün digər hallarda isə skoliozu konservativ yolla müalicə etmək mümkündür. Burada konservativ müalicə dedikdə, həm korsetlə, həm medikamentoz, həm də müalicəvi gimnastika ilə problemin aradan qaldırılması nəzərdə tutulur.
Skolioz ağrı verən xəstəlik deyil. Bu, sadəcə, əyrilikdir. Ancaq əyilmiş hissədə oynaqlara yük çox düşdükdə, qığırdaqda, oynaqətrafı toxumalarda qıcıqlanma və iltihab yarandıqda ağrılar baş qaldırır. Məhz həmin yerlərə bioloji medikamentləri inyeksiya etməklə ağrı aradan qaldırılır, xəstə müalicə edilir. Medikamentoz müalicə qığırdağın düzgün inkişafına və sümüklərin düzəlməsinə yönəldilir.
Təbii ki, pasiyent hələ boyatma yaşındadırsa, skoliozun müalicəsi daha asan olur. Ancaq prinsipial olaraq bütün yaşlarda müsbət nəticə əldə etmək mümkündür.
- Son dövrlər osteoxondroz da geniş yayılmış fəqərə sütunu xəstəliklərindən sayılır. O həqiqətənmi müalicəsi zəruri olan xəstəlikdir, yoxsa bunu orqanizmin adi funksional vəziyyəti kimi qəbul etmək lazımdır?
- Çox hallarda osteoxondroz fəqərəarası diskin yırtığının fəsadı kimi yaranır. Bu zaman, təbii ki, onu müalicə etmək vacibdir. Ancaq bəzən heç bir şikayəti olmayan insanda diaqnostika zamanı təsadüfən osteoxondroz aşkarlanır. Əgər bu xəstəlik insanda heç bir narahatlıq yaratmırsa, onu müalicə etməyə ehtiyac yoxdur.
- Almaniya ilə Azərbaycanı müqayisə etsəniz, insanların öz sağlamlığına münasibətində hansı fərqləri qeyd edə bilərsiniz?
- İnsan öz sağlamlığı ilə bağlı hansısa problemi hiss etdikdən sonra həkimə nə qədər tez müraciət etsə, o qədər də yaxşı nəticə əldə olunur. Amma, təəssüf ki, xəstələr həkimə gec müraciət edirlər. Və bu hal təkcə Azərbaycan üçün xarakterik deyil. Biz Almaniyada da belə situasiyalarla çox rastlaşırıq. Məsələn, əksər insanlar xəstəliyin başlanğıcında onu özləri ev şəraitində hansısa məlhəmlərlə müalicə etməyə çalışırlar. Ancaq nəticə əldə edə bilməyəndə, xəstəlik daha da inkişaf edəndən sonra həkimə müraciət edirlər. Bu isə müalicə müddətinin uzanmasına gətirib çıxarır.
Amma insan nə qədər yaşayırsa, ona kömək etmək mümkündür. Mən bunu özüm üçün bir prinsip kimi müəyyənləşdirmişəm və bütün hallarda onu həyata keçirirəm.
- Sonda dayaq-hərəkət sistemi xəstəliklərinin profilaktikası, bu xəstəliklərdən qorunmaq üçün məsləhətlərinizi eşitmək istərdik.
- İlk növbədə, insanlara məsləhətim odur ki, öz çəkilərinə nəzarət etsinlər. Çox hərəkət etsinlər. Liftlə və ya pilləkənlə qalxmaq seçimi qarşısında qaldıqda ikincini seçsinlər. Çox böyük məsafə qət etməyəcəklərsə, onu maşınla deyil, mütləq piyada getsinlər. İdmanla məşğul olsunlar. Bu məsləhətlərə riayət etməklə insanlar dayaq-hərəkət sistemlərini qoruya bilərlər və bu sahədə problemlə qarşılaşmaqdan özlərini sığortalayarlar. Ancaq əgər bu qaydalara riayət etməyiblərsə və artıq sağlamlıqları ilə bağlı şikayətləri yaranıbsa, həkimə müraciət etsinlər.

Həkim-vertebroloq, Bioloji təbabət üzrə ekspert Gerhard Reissin qəbulunda olmaq istəyən şəxslər onun Azərbaycana səfərlərinin zamanını və burada olma müddətini öyrənmək üçün (012), (050), (055), (070) 430-89-89 telefon nömrələri ilə əlaqə saxlaya bilərlər, yaxud www.btk.az saytından məlumat ala bilərlər.


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova