Həkimlərimiz 7 yaşlı qızı xilas etdilər

Həkimlərimiz 7 yaşlı qızı xilas etdilər

Bir neçə gün öncə Respublika Neyrocərrahiyyə Xəstəxanasında azyaşlı pasiyent üzərində aparılan cərrahiyyə əməliyyatı mütəxəssislərdə maraq və təəccüb doğurub. Belə ki, Ağcabədi rayonundan olan Təranə adlı 7 yaşlı qızın başından əməliyyat nəticəsində böyük ölçülü exinokokk kistası çıxarılıb. Unikal əməliyyatı xəstəxananın həkimi Bəhmən Yadigarov həyata keçirib.
Bu barədə daha ətraflı məlumatı neyrocərrah B.Yadigarovun özündən aldıq. Müsahibimiz bəlkə də dünyada ilk dəfə bu yaşda uşaqda belə ölçüdə yenitörəməyə rast gəlindiyini bildirdi: “Respublika Neyrocərrahiyyə Xəstəxanasında biz bundan ağır və çətin əməliyyatlar həyata keçirmişik. Sadəcə olaraq, 7 yaşlı qızın başında bu ölçüdə kistanın olması bizi çox təəccübləndirdi. 50 yaşlı adamda iri ölçüdə şiş aşkarlanması mütəxəssislər üçün qeyri-adi hadisə deyil. Ancaq uşaqlarla bağlı eyni sözü deyə bilmərik”.

Həkimlərimiz 7 yaşlı qızı xilas etdilər

Mütəxəssis onu da söylədi ki, əməliyyatın çətinliyi həm də kistanın tamlığının qorunması ilə bağlı idi: “Əgər əməliyyat zamanı kista zədələnsəydi, exinokokk uşağın bütün bədəninə yayılacaqdı. Bu halda isə Təranəni xilas etmək mümkün olmayacaqdı. Ancaq əməliyyat uğurla başa çatdı. Exinokokk kisəsi tam şəkildə, zədələnmədən beyindən xaric olundu”.
Cərrah kiçik yaşlı pasiyentin vəziyyətinin hazırda yaxşı olduğunu da dedi.
Bəhmən Yadigarov, ümumiyyətlə, exinokokk xəstəliyinin Azərbaycanda geniş yayıldığını, buna kənd təsərrüfatı ilə, xüsusilə heyvandarlıqla məşğul olan adamlar arasında daha çox rast gəlindiyini bildirdi. Qeyd etdi ki, kiçik yaşlardan ev heyvanları ilə təmasda olmaq, şəxsi gigiyena qaydalarına əməl etməmək, yuyulmamış göyərti yemək və s. bu xəstəliyi yaradan səbəblərdir. O, exinokokkun təkcə başda, mərkəzi sinir sistemində deyil, həm də digər orqanlarda aşkarlandığını dedi.
Mütəxəssis sonda Azərbaycanın neyrocərrahiyyə üzrə dünyanın inkişaf etmiş ölkələri ilə ayaqlaşdığını vurğuladı. Ölkəmizdə neyrocərrahiyyə sahəsində həyata keçirilən əməliyyatların təxminən 90-95 faizinin Respublika Neyrocərrahiyyə Xəstəxanasında aparıldığını dedi.

Ü.FƏRZƏLİYEVA


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova