Bakıda Zəfər Tibb Simpoziumu keçirilib

Bakıda Zəfər Tibb Simpoziumu keçirilib

Müzəffər Ali Baş Komandan İlham Əliyevin başçılığı altında rəşadətli Azərbaycan Ordusunun qazandığı misilsiz qələbənin birinci ildönümü ərəfəsində Bakıda, Azərbaycan Tibb Universitetində (ATU) Zəfər Tibb Simpoziumu keçirilib.
Səhiyyə Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi və Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin birgə təşkilatçılığı ilə baş tutan Zəfər Tibb Simpoziumunun açılış mərasimində bu qurumların rəsmi şəxsləri, ATU-nun, Münhen Klinikasının Radiologiya və Neyroradiologiya İnstitutunun təmsilçiləri, media nümayəndələri iştirak ediblər.
Tədbirdə ötən il Vətən müharibəsi dövründə səhiyyə işçilərinin fəaliyyətindən bəhs edilib, 159 tibb işçisinin müxtəlif dərəcəli bədən xəsarətləri alması, 42 tibb işçisinin isə şəhid olması diqqətə çatdırılıb.
Açılış mərasimində çıxış edən ATU-nun rektoru, professor Gəray Gəraybəyli bildirib ki, simpoziumun Azərbaycan xalqı və tibb ictimaiyyəti üçün mənəvi dəyəri çox böyükdür: “Ötən il sentyabrın 27-də başlayan Vətən müharibəsində 30 il ərzində işğal altında qalan torpaqlar şanlı ordumuz tərəfindən düşmən işğalından azad edilib. Bu qələbəyə həsr olunmuş simpoziumun məhz Azərbaycan Tibb Universitetində təşkili bizim üçün şərəfdir. Simpoziumun çox maraqlı proqramı var və ümidvaram ki, tədbir hər kəs üçün faydalı olacaq”. Simpoziumu açıq elan edən Gəray Gəraybəyli iştirakçılara uğurlar arzulayıb.
Səhiyyə nazirinin müavini Rəhim Əliyev çıxışında qeyd edib ki, simpozium nevrologiya, radiologiya və onkologiyanın, hazırda səhiyyə və sosial-iqtisadi sahələrdə, eləcə də diplomatik arenada problemə çevrilmiş COVID-19-un aktual məsələlərinə həsr olunub: “2016-ci ildən etibarən Azərbaycanda Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin təşkilatçılığı ilə bir sıra simpoziumlar keçirilir. Bu tədbirlərin mövzuları olduqca aktualdır. Həmçinin layihənin məhz Zəfər Gününə həsr edilməsi olduqca təqdirəlayiqdir”.
Daha sonra çıxış edən Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov 44 günlük Vətən müharibəsi dövründə komitənin xaricdəki təşkilatlarımız, soydaşlarımızla birlikdə müxtəlif tədbirlər keçirilməsi, xüsusilə təbliğat işlərinin aparılması, müharibə barəsində həqiqətlərin çatdırılması sahəsində işlər gördüyünü qeyd edib. O, Zəfər Tibb Simpoziumunda diaspor nümayəndələrinin iştirakının sevindirici olduğunu deyib. Bildirib ki, bu, aparılan diaspor siyasəti, ölkə rəhbərliyinin müvafiq tövsiyə və tapşırıqları, “qara qızılın” insan kapitalına çevrilməsi sahəsində həyata keçirilən işlər sayəsində mümkün olub.
Qeyd edək ki, öz işinə oktyabrın 29-da – Ümumdünya İnsultla Mübarizə Günündə başlayan Zəfər Tibb Simpoziumunda insult mərkəzlərinin təşkili və digər aktual məsələlər müzakirə olunub.
Toplantıda Münhen Klinikasının Radiologiya və Neyroradiologiya İnstitutunun direktoru, professor Anastasios Mpotsaris çıxış edərək, tədbirin elmin son nailiyyətlərinin müzakirəsində və təcrübə mübadiləsində rolundan danışıb. O, Almaniya modeli nümunəsində müasir serebrovaskulyar mərkəzin təşkilinin əhəmiyyəti, insult mərkəzlərinin təşkili və radiologiya sahəsindəki ən müasir təcrübələrdən bəhs edib. Bu ölkədən gələn qonaqların müəllifi olduğu ən son elmi yeniliklər iştirakçıların və ictimaiyyətin diqqətinə çatdırılıb.
Almaniya-Azərbaycan Radioloji və Neyroradioloji Cəmiyyətinin sədri, Köln Universitetinin tibb elmləri doktoru Nuran Abdullayev çıxışında deyib ki, son illərin əsas müzakirə mövzularından biri yeni növ koronavirus (COVID-19) pandemiyası dövründə xəstələrə göstərilən xidmətlərin müəyyən səviyyədə çətinləşməsidir. Almaniyada aparılan statistikaya əsasən, pandemiya dövründə xəstələrə göstərilən xidmət səviyyəsi əvvəlki illərlə müqayisədə eyni olsa da, xəstələrin virusdan qorxaraq həkimə müraciət etməmələri insultdan illik ölüm faizinin artmasına səbəb olub. Ona görə də təkcə virusun özü deyil, yaratdığı bu cür vəziyyətlər də tibbi xidmətlərin təşkilində müəyyən problemlər ortaya çıxarır.
N.Abdullayev bildirib ki, Azərbaycanda olan insult xəstələri ilə bağlı elmi araşdırmaların istinad olunan elmi ədəbiyyatlara daxil edilməsi vacibdir: “Bunun üçün ən vacib faktorlardan biri də həmin xəstələrə standartlaşdırılmış şəkildə tibbi xidmətlərin göstərilməsidir. Həmin tibbi xidmətlər üçün 2016-ci ildən bəri olan məlumatlar ictimaiyyətə çatdırılıb və qurumlarla bir sıra müzakirələr aparılıb. Danışıqlar nəticəsində, Azərbaycanda insult mərkəzlərinin qurulması pilot layihə kimi artıq ön plana çıxıb və mərkəzlərin fəaliyyətlərinin təşkili üçün işə başlanılıb. Azərbaycanda insult mərkəzlərinin təşkili xəstələrlə bağlı daha dəqiq statistika aparmağa imkan yaradacaq”.
Elmi forumda Bohum Universitet Klinikasının şöbə müdiri, tibb elmləri doktoru Volker Mausun əməliyyat texnikasında və Münhen Klinikasının Radiologiya və Neyroradiologiya İnstitutunun direktoru, professor Anastasios Mpotsarisin beyin anevrizmlərinin damardaxili müalicəsində etdikləri ən son yeniliklər barədə məlumat verilib.
Simpozium çərçivəsində iştirakçıların Gəncə və Göygöl şəhərlərinə səfəri, Göygöldə yerləşən “Müqəddəs İohann kilsəsi” ilə tanışlığı, Gəncə şəhərində Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən bombalanmış əraziləri ziyarət etməsi də nəzərdə tutulub.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova