Koronavirusun Britaniya ştamı Azərbaycanda infeksiyanın yayılma sürətinə ciddi təsir göstərməyib

Koronavirusun Britaniya ştamı Azərbaycanda infeksiyanın yayılma sürətinə ciddi təsir göstərməyib

Qloballaşan dünyada sərhədlər bağlı olsa da, bu, koronavirusun yayılmasına tam şəkildə əngəl ola bilmədi. Sərhədlərin bağlılığı yayılma sürətini yavaşıdır, lakin tam qarşısını ala bilmir. Odur ki, Hindistan ştamı Türkiyədə, Birləşmiş Ərəb Əmirliklərində, İngiltərədə varsa, ölkəmizə də gəlmə ehtimalı yüksəkdir.
Bunu Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) şöbə müdiri Nabil Seyidov deyib.
Onun sözlərinə görə, ölkəmizdə koronavirusun Britaniya ştamı qeydə alınsa da, infeksiyanın yayılma sürətinə ciddi təsir göstərmədi: "Azərbaycanda əhalinin böyük hissəsi Bakıda olduğundan, əksər proseslər burada baş verir. Paytaxtda kollektiv immunitetə doğru addımlayırıq. Burada insanların əksəriyyəti ya virusa yoluxaraq sağalıb, ya da vaksinasiya olunub. Azərbaycanın 10 milyon əhalisinin təxminən 3 milyonu 18 yaşdan aşağıdır. Ölkəmizdə koronavirus əleyhinə vaksinin birinci dozasını qəbul edənlərin sayı 1 milyona yaxınlaşır, ikinci dozanı qəbul edənlərin sayı 600 mindən çoxdur. Yəni ümumilikdə Azərbaycanda koronavirus əleyhinə 1,6 milyon dozaya yaxın vaksin vurulub. Xəstəliyi ağır keçirmə və ölüm riski yüksək olan ən həssas əhali qrupları ilk olaraq vaksinasiyaya cəlb ediliblər. Hazırda 40 yaşdan yuxarı vətəndaşların vaksinasiyası aparılır. Ona görə də ötən il ilə müqayisədə hazırda ölkəmizdə koronavirus daha az təhlükə törədir. Xəstəxanalarda çarpayı fondumuz da kifayət qədərdir. Bir çox xəstəxanalar da COVID xəstəxanalarına çevrilməyib və imkanlar daha genişdir. Yoluxma sayları belə davam edərsə və Hindistan ştamının da sürətli yayılma və ölümcüllük baxımından nə Britaniya, nə də adi koronavirusun A, B, C ştamlarından elə də fərqi olmadığı təsdiqlənərsə, o zaman həmin ştam ölkəmizə təhlükə törətməz. Burada yeganə problem bəzi ştamların vaksinlərə qarşı rezistent ola bilmə ehtimalıdır. Məsələn, tədqiqatların birinin nəticəsində Cənubi Afrika ştamının "Pfizer" vaksininə qarşı rezistentliyi göstərilir. Çin vaksininin müəyyən müddətdən sonra əlavə dozasının vurulmasına ehtiyac ola bilər. Yaxud da Çin vaksini ilə peyvənd olunmuş və 6, 9, 12 aydan sonra immuniteti zəifləmiş vətəndaşlara ya əlavə dozanın, ya da başqa vaksinin vurulması gündəmdə ola bilər ki, immunitet daim güclü qalsın. Uşaqlara doğulanda, 1, 3, 6 yaşlarında qızılcaya, məxmərəyə və digər xəstəliklərə görə eyni vaksin vurulur. Onlar həmçinin hepatit B-yə qarşı üç dəfə peyvəndlənirlər, çünki həmin vaksinlər bir neçə dəfə vurulmalıdır ki, immunitet güclü formalaşsın. Buna səbəb həmin vaksinlərin ölmüş virus olması və onun immunitet yaratma qabiliyyətinin çox zəif olmasıdır. Hazırda dövlət tərəfindən bu istiqamətdə tədbirlər həyata keçirilir. Azərbaycanda artıq üç vaksin əlçatandır. Hər üç vaksin bir neçə ölkədə istifadə edilir və təhlükəsizliyini sübuta yetirib. Əlbəttə ki, bütün vaksinlərin yan təsirləri var. Onlara isə çox nadir rast gəlinir. Üç vaksin arasında tədqiqatlarda yan təsirləri qeydə alınan "AstraZeneca" şirkətinin vaksinidir. O çox nadir hallarda tromboz riski verir. Nəzərə almaq lazımdır ki, COVID-19 xəstəliyi də tromboz yaradır. Xəstələrin də bir çoxunun ölümünə səbəb olan ağciyər və ürək damarlarında yaranan trombozdur. Ümumilikdə, bir çox vaksinlərdə tromboza meyillilik var. "Johnson & Johnson" şirkətinin istehsal etdiyi vaksin də tromboza meyilliliyi artırır. Bu, hər kəsdə deyil, yalnız spesifik qrup xəstələrdə qeydə alınır. Ona görə də "AstraZeneca" şirkətinin vaksini 60 yaşdan yuxarı şəxslər üçün daha uyğundur. Çünki tədqiqatlar zamanı həmin peyvənd yaşlılarda deyil, daha gənc insanlarda problemə səbəb olub. Əlbəttə ki, bu, dövlət tərəfindən tənzimlənir. Vaksinlər tam araşdırıldıqdan sonra dövlətimiz onu əldə etməyə çalışır. İlk növbədə ən təhlükəsiz olanı tətbiq edilir. Tədqiqatların nəticəsi açıqlandıqca növbəti vaksinlər də tətbiq olunacaq. O cümlədən "Biontech/ Pfizer" vaksininin də Azərbaycana gətirilməsi gündəmdədir. Həmin vaksin də çox təhlükəsizdir. Hər kəs bilməlidir ki, koronavirusdan qurtulmağın ən önəmli yolu vaksinasiyadır. Heç kim də bunu inkar edə bilməz".
İSİM-in şöbə müdiri bildirib ki, son 20-30 ildəki tədqiqatları və digər vaksinləri götürdükdə eyni bakterial və ya virus xəstəliyinə qarşı bir peyvənddən sonra başqa vaksinin vurulması nəzəri və praktik cəhətdən problemə səbəb olmayıb. Lakin koronavirus yeni infeksiya olduğu üçün və vaksinlərin əksəriyyətinin yeni metodologiya ilə hazırlanması səbəbindən bunları qarışdırmaq tövsiyə olunmur. Yəni birinci doza hansı vaksindən vurulubsa, ikincinin də eyni peyvənddən vurulması məsləhət görülür.
"Bu yaxınlarda Ümumdünya Səhiyyə Təşkilatı ilə birgə Azərbaycanda yeni tədqiqat başlayacaq. Həmin araşdırmada tibb işçiləri iştirak edəcəklər. Tədqiqat çərçivəsində 12 ay ərzində Çin vaksininin həm effektivliyini, həm də ən əsası immunitetin neçə müddət davam etməyini araşdıracağıq. Araşdırmada paytaxt üzrə 1500 tibb işçisinin iştirakı nəzərdə tutulur. Yəni peyvənd olunmuş həmin tibb işçiləri 12 ay ərzində müşahidə altında olacaqlar. Bir ilin nəticəsi olaraq immunitetin neçə müddət qalması, təkrar dozaya ehtiyac olub-olmaması, təkrar dozanın vurulma vaxtı, vurulmadığı təqdirdə yenidən yoluxmanın olma ehtimalı öyrəniləcək", - deyə N.Seyidov qeyd edib.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova