GMO insan sağlamlığını «təhdid edir»

GMO insan sağlamlığını «təhdid edir»
Müasir dünyada elmi-texniki tərəqqi gen mühəndisliyi sahəsində də özünü göstərib. Genetik modifikasiya olunmuş orqanizmlərin (GMO) yaradılması və geniş tətbiqi də bunun təzahürüdür. Artıq belə orqanizmlərdən olan transgen bitkilər geniş ərazilərdə istehsal olunaraq, bir çox ərzaq məhsullarının tərkib hissəsini təşkil edir. GMO-nun əldə edilməsi üçün heyvan geni bitkiyə, bitki geni heyvana, bitki geni bitkiyə, heyvan geni heyvana köçürülə bilər. Bu sahədə ilk təcrübələr XX əsrin 70-ci illərində aparılmağa başlanılıb. Artıq 15 ilə yaxındır ki, milyonlarla istehlakçı heyvan və bitki mənşəli GMO məhsullardan istifadə edir.
Hazırda inkişaf etmiş ölkələrdə transgen məhsulların əkilməsi, idxalı və s. məsələlərə ciddi nəzarət edilir. Avropada belə bitkilərin əkilməsi qadağan olunub.
Qeyd edək ki, Azərbaycanda genetik modifikasiya olunmuş bitkilərin ölkəyə idxalı və dövriyyəsi məsələləri qanunla tənzimlənir və bu sahədə dövlət nəzarəti həyata keçirilir. Bu yaxınlarda bununla bağlı “Ətraf mühitin mühafizəsi haqqında” və “Ekoloji təhlükəsizlik haqqında” Qanunlara, eləcə də İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər də problemin aktuallığından və ona ciddi münasibətdən xəbər verir.
Yuxarıda qeyd edilənləri, GMO ilə mübarizə məsələsinin aktuallığını nəzərə alaraq, Bakı Dövlət Universitetinin Nanoaraşdırmalar Mərkəzinin aparıcı elmi işçisi, dosent İsmət Əhmədovla həmsöhbət olduq.

- Təbiətdə canlıların sağlam, stabil yaşaması üçün iqlim, qida və s. baxımından hər cür şərait var. Ancaq elm və texnika inkişaf etdikcə bu sahədə mövcud qanunauyğunluq pozulmağa, ciddi təhlükələr yaranmağa başladı. Təəssüf ki, insanlar tərəfindən yaradılan bu təhlükənin qarşısının alınması çox çətindir. Çünki hazırda ölkələr arasında əlaqə çox güclüdür və hər hansı dövlətdə baş verən xoşagəlməz hadisə, yayılan xəstəlik və sairin mənfi təsirləri digərlərində də mütləq hiss olunur. Bunun qarşısını almaq mümkün deyil. Xəstəliklərin yaranması və yayılmasının insanların özləri tərəfindən sürətləndirilməsi çox ciddi problem, böyük bəladır.
- Bu gün qeyd etdiyiniz çox ciddi problemlərin yaranması səbəblərindən biri də geni modifikasiya olunmuş məhsullardır. İnsan sağlamlığı üçün təhlükə olan belə məhsullar hansı məqsədlə yaradılıb?
- Bu problem artıq bütün bəşəriyyəti narahat edir. Qida məhsulları zəncirində hər hansı bir məhsul dəyişikliyə uğrayırsa, mutasiya mütləq digərlərinə də yayılır.
Əslində, GMO və onların məhsulları xoş məramla yaradılıb. Yer üzərində əhalinin sayının artması, nəticədə, ərzaq çatışmazlığının yaranma ehtimalının çoxalması belə bitkilərin yetişdirilməsi ilə nəticələnib. Alimlər dünyada aclığa qarşı mübarizə haqqında düşünüb, çalışıb və beləliklə, istənilən canlı orqanizmin genində dəyişiklik etməyi bacarıblar.
Genetik modifikasiya olunmuş bitki növləri təbii bitkilərdən fərqli olaraq ziyanvericilərə, daha isti və soyuq hava şəraitinə, ətraf mühit amillərinə, zərərvericilərə də davamlı olur. Təbii bitkilərlə müqayisədə onlar daha gözəl və sağlam görünür.
Yüksək məhsuldarlığa malik həmin bitkilərin tərkibində zərərli kimyəvi maddələr az toplanır. Bu və digər xüsusiyyətləri nəzərə alan istehsalçılar genetik modifikasiya olunmuş bitki növlərindən geniş istifadə edirlər.
- Ancaq təəssüf ki, xoş məramla yaradılan bu məhsullar o qədər də «xoşməramlı» olmadı...
- Bəli, təəssüf ki, bu belədir. Hazırda bitkilərin yetişdirilməsində nəinki qohum olmayan bitkilərin, həmçinin əqrəb, xərçəng, siçan və s. genlərindən də istifadə olunur.
Milyon illərdir təbiətdə bitkilərin növdaxili çarpazlaşması baş verir. Ancaq təbiət kənar növlərin geninin bir-birinə keçməsinə yol vermir.
Bu gün şimal balıqlarının soyuğa davamlılıq xüsusiyyətli geni pomidora, ilanın ziyanvericilərə qarşı davamlı geni qarğıdalıya və s. köçürülür. Xərçəng geni vurulmuş pomidorları yetişməmiş halda otaq temperaturunda saxladıqda təxminən bir saat sonra qızarır. Artıq alimlər meyvələrin, bitkilərin rəng genini tapıblar.
- İnsanları bitkilərin rəngindən, formasından daha çox, keyfiyyəti, sağlamlıq üçün nə dərəcədə xeyirli, ya zərərli olması maraqlandırır...
- “Maraqlandırmalıdır” desək, daha doğru olar. Çünki bu gün insanlar bu sahədə o qədər də məlumatlı olmadıqlarından, bəzən isə başqa seçimləri olmadığından GMO məhsullara üstünlük verirlər. Gündəlik həyatımızda geni dəyişdirilmiş soya, pambıq, pomidor, qarğıdalı, kartof, çiyələk və s. kimi bitkilərdən və onlardan alınan məhsullardan çox istifadə edirik.
Mən əminliklə deyə bilərəm ki, hazırda “qızılı düyü” adlandırılan İran düyüsünün 100 faizi, soya məhsullarının, kanola, pambıq, qarğıdalı yağlarının alındığı bitkilərin 99 faizi, bəzi kartof növləri transgen yolla becərilir. Genetik modifikasiya olunmuş soyanın yağından, unundan mayonez, bitki yağları, konfet və s. istehsalında geniş istifadə olunur.
Bir sıra inskişaf etmiş ölkələr GMO məhsullar istehsal edərək, iqtisadi cəhətdən nisbətən geridə qalmış ölkələrə ixrac edirlər.
- GMO məhsullarının insan sağlamlığına mənfi təsirləri ilə bağlı son illər dünyada araşdırmalar həyata keçirilir, müzakirələr aparılır. Alimlər bu sahədə hansı nəticələr əldə ediblər?
- Geni dəyişdirilən meyvə-tərəvəzlərin insan sağlamlığına mənfi təsirləri, müxtəlif fəsadlar yaratması artıq heç kimə sirr deyil. Hətta bəzi beynəlxalq təşkilatların açıqlamalarında da GMO qidaların sağlamlıq üçün risk faktoru olduğu bildirilir.
GMO məhsulların ilk növbədə allergik xəstəliklərə, eyni zamanda, immun sisteminin zəifləməsinə, hətta xərçəngə, sonsuzluğa və s. səbəb olduğu istisna edilmir.
Araşdırmaların nəticələrinə görə, GMO məhsullarından geniş istifadənin piylənmə ilə də birbaşa əlaqəsi var. Transgen məhsullar maddələr mübadiləsinin pozulmasına və piylənmə prosesinin getməsinə səbəb olur. Müəyyən edilib ki, təbii məhsulları çox yeməklə kökələn şəxslər pəhriz, idman vasitəsilə arıqlaya bilsələr də, transgen məhsullarla qidalanan əhalinin piylənməsinin qarşısını almaq, demək olar ki, mümkün deyil.
Onu da qeyd edim ki, GMO qidaların insanların sağlamlığına mənfi təsirləri hələ tam öyrənilməyib. Bu gün səbəbi bilinməyən, yaxud başqa səbəblə əlaqələndirilən bir çox fəsadların məhz GMO ilə əlaqədar olması ehtimalı da gələcək tədqiqatlarla təsdiq edilə bilər.
Ümumiyyətlə, Azərbaycan elə bir iqlimə, təbii şəraitə malik ölkədir ki, buraya fauna və floramızı korlayan belə məhsulların gətirilməsinə ehtiyac yoxdur.
- İnkişaf etmiş ölkələrdə qida məhsullarının keyfiyyəti, bioloji təhlükəsizliyi və ekoloji təmizliyinə xüsusi diqqət edilir. Ölkəmizdə bu sahədə vəziyyət necədir?
- Qeyd edim ki, 2011-ci ilin dekabr ayında «Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında» Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Həmin Qanunun 21-ci maddəsində ölkə ərazisinə genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının gətirilməsi, rayonlaşdırılması və dövlət reyestrinə daxil edilməsi qadağandır. Ancaq bu gün ölkəmizdə, bir sıra dövlətlərdə olduğu kimi, tərkibində GMO olan məhsulların markalanmasına nail olunmadığından, bunun üçün məhsulun tərkibində olan GMO-nun faizini müəyyən edən laboratoriya olmadığından Qanundan irəli gələn tələblərin yerinə yetirilməsi çətindir.
Ancaq Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin verdiyi məlumata görə, belə bir laboratoriyanın qurulmasına başlanılıb. Artıq bu sahədə ixtisaslı mütəxəssislər hazırlanır. İnşallah, laboratoriya yaradıldıqdan sonra çox gözəl nəticələr əldə ediləcək.
İnsanların bu sahədə maarifləndirilməsi də mühüm amildir. Təkcə nəyisə qadağan etməklə qarşıya qoyulan məqsədə çatmaq mümkün deyil. Biz insanları məlumatlandırmalı, inandırmalı, onlara sağlam qidalanmağın yollarını izah etməliyik.
Bu məsələdə iqtisadi amillər də mühüm rol oynayır. Yerli məhsulların GMO qidalarından baha olduğunu görən istehlakçı ikinciyə üstünlük verir. Amma insanlar düzgün maarifləndirilsə, həmin məhsulların sağlamlığa vurduğu ziyanın aradan qaldırılmasının onların qənaət etdiyindən qat-qat baha başa gəldiyini və ya ümumiyyətlə mümkün olmadığını bilsə, doğru seçim edərlər.
- Ölkəmizə illərdir təkcə genetik modifikasiya olunmuş meyvə-tərəvəz deyil, eyni zamanda, onların toxumları da gətirilir. Bəs, həmin toxumlarla təbii məhsullar necə istehsal ediləcək?
- Dünyanın bütün əkin sahələrinin təxminən 25-30 faizinə transgen toxumlar əkilir. Bunun özü çox böyük təhlükədir. Nəzərə almaq lazımdır ki, illərlə sınaqdan çıxmış qiymətli və faydalı bitki növlərinin biotexnoloji üsullarla əldə edilmiş GMO bitki növləri ilə əvəz edilməsi mövcud qiymətli növlərin itməsinə, bu isə biomüxtəlifliyin azalmasına gətirib çıxara bilər. Ancaq GMO məhsulların, müəyyən mənada, müsbət xüsusiyyəti odur ki, onlardan toxum götürüb ikinci il yenidən məhsul almaq qeyri-mümkündür. Buna görə də transgen toxumların ölkəyə gətirilməsinin qarşısı alındıqdan sonra fermer gizlin şəkildə məhsuldan toxum əldə edə və onu becərə bilməyəcək.
- Keçən müddət ərzində ölkəmizdə bitki növlərinin biomüxtəlifliyinin azalması baş veribmi? Onların bərpası mümkündürmü?
- İnsanların həyatı, sağlamlığı, hətta mədəniyyəti xeyli dərəcədə biomüxtəliflikdən asılıdır. Bizim fauna və floramız nə qədər zəngin olarsa, insanlar özlərini sağlamlıq baxımından o qədər yaxşı hiss edərlər.
Azərbaycan Milli Elmlər Akademiyasının Genetik Ehtiyatlar İnstitutunda bitkilərimizin genləri qorunur. Orada zəngin genefond var. Bu İnstitut milli sərvətimizdir və ona yaxşı imkanlar yaradılmalıdır.
Bununla belə, təəssüflə qeyd etmək lazımdır ki, ölkəmizdə kökü kəsilmiş bir neçə bitki növü var ki, onları yenidən bərpa etmək, çox güman ki, mümkün olmayacaq.

Ü.FƏRZƏLİYEVA


Xəbəri paylaş



İyun 2025

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELAN

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova