Müasir dövrün aktual problemi – depressiya

«Əvvəllər deyirdilər ki, bir dövlətin nə qədər sivil olduğunu bilmək istəyirsinizsə, həmin ölkədə adambaşına düşən suyun həcmini öyrənin. Bu, mədəniyyətin, inkişafın əlaməti sayılırdı. Ancaq bu gün sivilizasiyanın göstəricisi ölkədə psixiatra müraciət edən insanların faizi ilə hesablanır. O xalq ağıllıdır ki, psixiatra vaxtında müraciət edir». Bu fikirləri bizə müsahibəsində həkim-psixoloq Fəxriyyə Məmmədova səsləndirdi. Onunla bu dəfə söhbətimiz müasir dövrün aktual problemi – depressiya barədə oldu.
- Bu gün insanlardan, xüsusilə gənclərdən tez-tez eşitdiyimiz bir ifadə var: «Depressiyadayam». Həqiqətənmi bu xəstəlik belə geniş yayılıb?
- İnsanın hər hansı işi alınmayanda, yaxın adamının xəstəliyi və itkisi xəbərini eşidəndə, uşağı xəstələnəndə və s. istər-istəməz əhvalı pozulur, gələcəyə inamı azalır, həyatın mənası dəyişir və o, depressiyada olduğunu düşünür. Ancaq bu əlamətlər təkcə depressiyanın deyil, insanın kədərə reaksiyasının da göstəricisi ola bilər. Ona görə də tez-tez işlədilən «depressiyadayam» sözü bəzən insanların həmin andakı psixi durumunu düzgün ifadə etmir.
Ümumiyyətlə isə, depressiya geniş yayılmış və artmaqda davam edən xəstəlikdir. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə, 2020-ci ildə depressiya insanların əmək qabiliyyətini itirməsinə səbəb kimi ürək-damar xəstəliklərindən sonra ikinci yeri tutacaq. Ən acınacaqlı məqam isə odur ki, insanlar bu xəstəliyə ən fəal yaş dövrlərində – 25-50 yaşlarında tutulurlar və onlarda suisidə meyillilik, iş qabiliyyətinin aşağı düşməsi, əlillik və s. kimi fəsadlar özünü göstərir. Depressiya bu gün sosial problemə çevrilib. Rəsmi statistik məlumatlara görə, dünya əhalisinin 110 milyon nəfərdən çoxu depressiyadan əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının verdiyi məlumata görə isə, real rəqəm bundan 3 dəfə çoxdur. Hesablamalar göstərir ki, ümumi profilli klinikalara müraciət edənlərin 40 faizə qədəri depressiyalı xəstələrdir. Onların isə cəmi 10-15 faizinə düzgün diaqnoz qoyulur. Depressiyadan əziyyət çəkən insanların, demək olar ki, yarısı isə həkimə müraciət etmir. Məhz bu səbəbdən fəsadlaşmış, xroniki hala keçmiş, somatik formalarda üzə çıxan depressiyalar artır.
- Nədir depressiya? O hansı formada özünü göstərir?
- Depressiya insanı həyatdan zövq almaqdan məhrum edən psixi haldır. Bu zaman insan keçirdiyi hisslərin səbəblərini dəqiq anlamır, özünü tənha, əlacsız, sanki qaranlıq bir boşluqda hiss edir. Ona elə gəlir ki, heç kim ona bu vəziyyətdən çıxmağa kömək edə bilməz. Depressiya zamanı insan ailəsindən, dostlarından uzaqlaşır, dünya ona qaranlıq, tutqun görünür, hətta bir vaxtlar sevdiyi işindən də zövq ala bilmir. Təfəkkürü dəyişir, özündə və başqalarında yalnız mənfi keyfiyyətləri görür, keçmişinə, bu gününə, sabahına çox pessimist yanaşır. Həm fiziki hərəkətliliyi, həm də beynində ideyalar, təşəbbüslər azalır, həyat o qədər mənasızlaşır ki, ən əzizi də onun üçün əhəmiyyətini itirir, ən böyük məqsədi gözündən düşür, əlçatmaz arzularının reallaşması onu sevindirmir.
Biz qarşımızda artıq bir neçə həftədir əhval-ruhiyyəsi aşağı olan, saçları daranmayan, özünə baxmayan, ağlayan adam görüb ona depressiya diaqnozu qoya bilərik. Amma depressiyanın elə formaları var ki, onlara sosial problemləri tam həll olunmuş, həyatın bütün aspektlərində uğur qazanmış adamlarda da rast gəlinir. Belə insanlarda depressiya maskalanmış formada özünü göstərir. Belə ki, onlar öz xarici görünüşlərinə fikir verirlər, çətinliklə də olsa, işlərini davam etdirirlər, ancaq həyatdan zövq almırlar və əksəriyyəti baş ağrısı, mədə-bağırsaq pozuntuları, ürək-damar xəstəlikləri, başgicəllənmə, cürbəcür vegetativ pozuntular donunda depressiyadan əziyyət çəkirlər.
Depressiyanın elə forması var ki, insanın cinsi meyilliliyini pozur, kişilərdə spermanın, qadınlarda yumurta hüceyrəsinin əmələ gəlməsinə, beləliklə, menstrual siklə və intim həyata ciddi mənfi təsir göstərir. Buna somatik formalı depressiya deyilir.
Depressiyanın bir forması da rişxəndli depressiyadır. Belə depressiyada olarkən insan hər şeyə laqeydcəsinə baxır, üzündən istehzalı gülüş çəkilmir.
Bu xəstəliyin ən ağır forması isə endogen depressiyadır. İnsanın affektiv pozuntuları ilə müşayiət edilən bu halda xəstə çox ruhsuz, düşgün, həkimə kömək edə bilməyəcək vəziyyətdə olur. Belə pasiyentlər özünə qapalı mühit cızıb, həmin mühitin içərisində «oturan» və ona kənardan deyilən heç bir sözü qəbul etməyən, heç nəyə inanmayan xəstələrdir. Bu qəbildən olanların müalicəsi də çətindir. Onların həm somatik, həm psixoloji durumla bağlı o qədər qarmaqarışıq şikayətləri olur ki, sanki qalın meşənin içərisində xəstə də, həkim də azıb qalır. Bəzən endogen depressiyadan əziyyət çəkən xəstənin ömür boyu müalicəyə ehtiyacı olur. Əksər hallarda suisidlər endogen depressiya səbəbindən baş verir.
Onu da qeyd edim ki, qadınlar suisid haqqında düşünürlər, bu barədə danışırlar, amma az hallarda onu həyata keçirirlər. Özünə qəsd haqqında düşünən kişilər isə bu barədə danışmırlar, ancaq onu reallaşdırırlar.
- İnsan özü-özünü depressiyadan çıxara bilərmi?
- Bu, depressiyanın ağırlıq dərəcəsindən asılıdır. Ümumiyyətlə isə, depressiyadan ən yaxşı çıxış yolu insanlarla dostluq əlaqələri və canlı ünsiyyətdir. Canlı ünsiyyət qədər insana zövq verən, onu həyata bağlayan heç nə yoxdur. Bunu nə internet, nə virtual həyat tərzi əvəz edə bilməz. Bu gün depressiyaların artmasının bir səbəbi də canlı ünsiyyətin, qarşılıqlı münasibətlərin, görüşlərin azalmasıdır. İndi həyat çox rəsmiləşib, bizə ən yaxın olan insanlarla yalnız telefon, yaxud internet vasitəsilə əlaqə yaradırıq.
- Dəyişən bir şey də var - əvvəllər depressiyadan əziyyət çəkən insanlar hədsiz arıqlayırdısa, indi hədsiz kökəlirlər…
- Bəli, bu həqiqətdir. Klassik depressiyada iştaha azalırdı, insanın həddən artıq arıqlaması müşahidə olunurdu. Belə xəstələrə güclə süd içizdirir, güclə yemək verirdilər. Amma bu gün müasir depresiyanın ən böyük bəlalarından biri iştahanın patoloji şəkildə artması, kökəlmə və piylənmədir. İndi depressiyada olan insanlar bütün acıqlarını, hirslərini yeməklə aradan qaldırmağa çalışırlar. Bu gün antidepressantları istehsal edən şirkətlər də bu problemi nəzərə alırlar. Belə ki, onlar antidepressantların iştahanı azaldan, bulimiyanın qarşısını alan formalarını istehsal edirlər.
- Payız fəslinin gəlişi ilə əlaqədar mövsümi depressiyalarla bağlı problem də aktuallaşır. Bunu nəzərə alaraq, sizdən depressiyanın bu növü və ona qarşı mübarizə vasitələrindən danışmanızı istərdik.
- İnsan bioloji ritmlə – gecə-gündüz, fəsillər, iş-istirahət ritmi ilə doğulur və yaşayır. Bu bioloji ritm pozulduqda depressiya özünü göstərir. Məsələn, yaz gələndə təbiət oyanır, güllər, çiçəklər açır, gün çıxır, təbiət al-əlvan don geyinir və bu, insanların əhval-ruhiyyəsinə xoş təsir göstərir. Ancaq bəzi insanlar yaz fəsli gələndə özlərini pis hiss edirlər. Buna “yaz depressiyası” deyilir. Məşhur rus şairi A.S.Puşkin yaz depressiyasından əziyyət çəkib. O deyirdi ki, «yazı sevmirəm, bu fəsildə xəstə oluram». F.Dostoyevski, U.Çörçill kimi böyük şəxsiyyətlər də mövsümi depressiyadan əziyyət çəkiblər. Çörçill depressiyanı nəzərdə tutaraq deyirdi ki, «bu qara köpək məndən əl çəkmir». Çörçilin həyat yoldaşı xatirələrində yazırdı: «O, depressiyada olduğu dövrlərində heç kimlə danışmırdı. Hovuzda üzürdü, viski içirdi və siqar çəkirdi. Mən ondan nə düşündüyünü soruşanda isə cavab verirdi ki, İngiltərənin gələcəyini düşünürəm. Həmin vaxtlar Çörçill baş nazir vəzifəsindən çıxarılmışdı. Sonradan müharibə ərəfəsində o yenidən baş nazir oldu. Və Çörçilin depressiya dövründə hovuzda üzərək beynində yaratdığı fikirlər onu dünya diplomatiyasının aparıcı qüvvələrindən birinə çevirdi». Ancaq nəzərə almaq lazımdır ki, hər insan Çörçill qədər daxilən güclü deyil.
- Mövsümi depressiyaların qarşısını almaq üçün nə etmək lazımdır?
- Bunun üçün xəstənin hansı mövsümi depressiyadan əziyyət çəkdiyini nəzərə alaraq, həmin dövrlərdə ona müəyyən selektiv antidepressantlar vermək, xüsusi müalicə metodları tətbiq etmək, süni stresslər yaşatmaq lazımdır. Məsələn, belə insanlara iş yükünü artırmaları, həyat tərzini sürətləndirmələri, idmanla məşğul olmaları və s. məsləhətdir. Bunlar bəzən mövsümi depressiyaların yaranmasının və uzanmasının qarşısını alır.
Mövsümi depressiyalardan payız depressiyası yaz depressiyasından daha geniş yayılıb. Çünki günəş işığı depressiya əleyhinə təsir edir, insanların əksəriyyəti də günəşi, işığı, istini sevir. Payızda isə günəşli günlər qısalır, tutqun, yağışlı havalar başlayır. Təbiət nisbətən gözəlliyini itirir. Boz, çiskinli hava bəzi insanların daxili psixoloji durumuna mənfi təsir göstərir. Bəzi insanlar deyirlər ki, günəş batanda sanki mən də onunla bərabər batıram. Mən belə düşünən bir çox insanlarla rastlaşmışam. Bunu anlayan insan nə qədər ki depressiyaya düşməyib, bu vəziyyət onun işinə, əmək və əqli fəaliyyətinə, yaşam tərzinə, təhsilinə mane olmayıb, gərək özü üçün sevdiyi mühiti yaratsın. Belə insanlara payız fəslində daim evin pəncərələrində pərdələri bağlamaq, stol üstünə günəşi xatırladan meyvələr – narıngi, portağal qoymaq məsləhətdir. Onlar gərək divan və yataq örtüklərinin, hətta paltarlarının rəngli olmasına fikir versinlər, musiqiyə qulaq assınlar, idmanla məşğul olsunlar, əhvalı yaxşılaşdıran qidalar qəbul etsinlər – balıq, şokolad yesinlər, kofe içsinlər və s.
Əgər mövsümi depressiyanın müddəti uzanırsa, insanlar özlərini bu vəziyyətdən çıxara bilmirlərsə, o zaman həkimə müraciət etmələri məsləhətdir.
- Depressiyada irsi faktorlar nə dərəcədə rol oynayır?
- Tədqiqatlar göstərir ki, depressiya kiməsə ailədən, nəsildən keçə bilər. Amma bu o demək deyil ki, belə ailənin hər bir üzvü depressiyaya meyilli olmalıdır. Belə ki, genetika depressiyanı yaradan amillərdən biridir, amma onun yeganə səbəbi deyil.
Bu xəstəliyin həm irsiyyətə, həm şəxsiyyətin formalaşdığı mühitə, həm də insanın daxili gücünə bağlılığı var.
Adi kədər çərçivəsindən çıxmış hadisələr, yaxın adamların (övlad, valideyn, yaxın dost) itkisi, valideynlərin boşanması, onların ikinci dəfə ailə qurması, işdən çıxarılma və s. depressiyaya səbəb olan əsas faktorlardan sayılır.
- Qadınlarda doğuşdan sonrakı dövrdə depressiya hallarının müşahidə olunması ilə bağlı çox danışılır. Bunun qarşısını necə almaq olar?
- Mən də öz praktikamda belə hallarla tez-tez rastlaşıram. İstər xoşbəxt, istərsə də problemli ailələrdə, təəssüf ki, belə hallar yaşanır. Uşaq dünyaya gətirən gənc qadınların bir qismi doğuşdan sonra depressiya halına düşürlər. Bu gün qızlarımızın əksəriyyətinin psixoloji durumu çox zəifdir. Onlar ailə tərəfindən başa düşülməyəndə isə xəstəlikləri depressiv psixoz həddinə çatır. Dünyaya uşaq gətirmiş qadın ağlayırsa, uşağına yaxın dura bilmirsə, yorğunluğu, əzginliyi keçmirsə, ona tənbəl, aciz insan kimi yanaşmaq olmaz. Onu psixiatr yanına aparmaq lazımdır ki, düzgün yol göstərsin, daxilində darmadağın olmuş fikirləri yerbəyer etsin, ona lazımi müalicə yazılsın. Qadının bu vəziyyətdən çıxmasına mütəxəssislə yanaşı ən yaxşı köməkçi həyat yoldaşı və digər ailə üzvləri ola bilər.
Yeri gəlmişkən, diqqətə çatdırım ki, qadınlarda depressiyaya səbəb olan faktorlardan biri də onların aborta məcbur edilməsidir. Hər birimizə məlumdur ki, bu gün də bəzən oğlan və qız uşaqları arasında fərq qoyulur. Qızı olan ata oğlan övladı istəyir və nəticədə qız uşağına 3-4 aylıq hamilə olan qadın həyat yoldaşının və ya qaynanasının istəyini nəzərə alaraq, onların xətrinə abort etdirir. Bu, qadının psixologiyasına hədsiz mənfi təsir göstərir. 3-4 aylıq körpəsi əlindən alınan ana büruzə verməsə də, daxilən əzab çəkir. Bu isə depressiyaya gətirib çıxarır. Ailədə həyat yoldaşı, qaynanası tərəfindən oğlan övladının qızdan üstün tutulması da anaya mənfi təsir edir. Mən belə hallarla tez-tez rastlaşıram. Qız övladın ailədə nümayişkaranə şəkildə itələnməsi ilə həm ananın, həm də uşağın gələcək depressiyasının təməli qoyulur.
- Əvvəllər cəmiyyətdə psixiatra müraciət edən xəstələrə münasibət birmənalı deyildi. Bu gün insanların münasibətində dəyişiklik müşahidə edirsinizmi?
-Əvvəlki illərlə müqayisədə stiqma müəyyən qədər azalıb. Buna aparılan maarifləndirmə tədbirləri öz təsirini göstərib. Ancaq danılmaz faktdır ki, bu gün də bir sıra hallarda insanlar psixiatra, hətta psixoloqa müraciət edənlərin ruhi durumuna şübhə ilə yanaşır, onlara fərqli münasibət göstərirlər. Amma təcrübə göstərir ki, mütəxəssisə müraciət edən pasiyent ona birmənalı yanaşmayan insanlardan daha ağıllı və düşüncəlidir. Praktik fəaliyyətim dövründə çox ağıllı, dünyagörüşlü, savadlı insanların öz problemləri ilə əlaqədar mənə müraciət etməsinin şahidi olmuşam. Belə adamlarla işləmək daha rahatdır və onlara kömək etmək asandır.

Ballar
0-4 Depressiya yoxdur
5-9 Yüngül depressiya
10-14 Orta ifadəli depressiya
15-19 İfadə olunmuş depressiya
20-27 Ağır depressiya
Ü.FƏRZƏLİYEVA
Xəbəri paylaş