Telesəhiyyə regionlarda tibb xidmətinin keyfiyyətini artırır
Ötən ilin fevralından etibarən Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasında telesəhiyyə xidmətinin tətbiqinə başlanılıb. 2017-ci ilin sonunadək 22 ixtisas üzrə 320 pasiyentə, yəni pasiyentlərin 30 faizinə məsafədən 369 məsləhət verilib. Telesəhiyyə məsləhəti əsasında ixtisaslı mütəxəssislər 105 dəfə regionlara göndərilib və 79 pasiyent Bakı şəhərinin tibb müəssisələrinə köçürülüb. Telesəhiyyə vasitəsilə ən çox məsləhət reanimatologiya (çağırışların 19 faizi), neyrocərrahiyyə (14 faiz) və nevrologiya üzrə mütəxəssislər tərəfindən aparılıb. Patologiya baxımından isə ən çox travmatoloji, nevroloji və hamiləlik patologiyası olan xəstələrə məsafədən məsləhətlər verilib.
Bu barədə jurnalistlərə Səhiyyə Nazirliyinin Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının baş həkimi Mirələm Calalov məlumat verib. O bildirib ki, telesəhiyyə vasitəsilə ən çox Zaqatala (30 çağırış), Quba (27 çağırış), Bərdə (23 çağırış), Gəncə, Masallı və Lənkəran (17 çağırış) rayonlarındakı xəstələrə məsafədən konsultasiya xidməti göstərilib: “Cəbhə zonasında yerləşən Ağdam və Füzuli rayon mərkəzi xəstəxanalarında əsasən nevrologiya, travmatologiya, toksikologiya və cərrahiyyə patologiyası ilə müalicə alan 18 xəstəyə telesəhiyyə vasitəsilə yardım edilib. Bu ilin yanvar-fevral ayları ərzində 15 ixtisas üzrə 70 (ümumi çağırışların 40 faizi), təkcə fevral ayında isə 49 məsləhət (ümumi çağırışların 49 faizi) verilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 33 məsləhət, yəni 67 faiz artım qeydə alınıb”, - deyə baş həkim bildirib.
M.Calalov vurğulayıb ki, ölkə üzrə 12 regional tibb məntəqəsinin təcili tibbi yardım maşınlarına kameralar quraşdırılacaq. Bir sıra ölkələrdə geniş tətbiq edilən bu təcrübə kütləvi hadisələr və ağır yol qəzaları zamanı operativ müdaxilə məqsədi daşıyır.