Avtoqəzalar zamanı xəsarət alanların sayı azalır

Avtoqəzalar zamanı xəsarət alanların sayı azalır

Bu ilin on ayı ərzində Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına (BŞTTTYS) avtonəqliyyat qəzaları ilə əlaqədar 1937 müraciət daxil olub və həmin hadisələr nəticəsində 1691 nəfər xəstəxanalara yerləşdirilib. Ötən ilin müvafiq dövrü ərzində 2020 nəqliyyat hadisəsi nəticəsində 1771 nəfər hospitalizasiya olunduğunu nəzərə alsaq, müqayisədə avtonəqliyyat qəzaları 83 hadisə azalıb, hospitalizasiya sayında isə 80 nəfər azalma baş verib.
Bu barədə BŞTTTYS-nın baş həkiminin müavini İradə Əliyeva Ümumdünya yol-nəqliyyat hadisələri qurbanlarının xatirə gününə həsr edilən mətbuat konfransında məlumat verib. O həmçinin jurnalistlərin nəzərinə çatdırıb ki, ötən illə müqayisədə ictimai nəqliyyat vasitələrinin iştirakı ilə baş verən avtoqəzalar zamanı xəsarət alanların da sayında azalma müşahidə olunur. Belə ki, keçən il avtobus qəzalarında xəsarət alanların sayı 79 idisə, bu il bu rəqəm 39-a düşüb. Kütləvi avtoqəzalar zamanı xəsarət alanların sayı da azalaraq 285-dən 202-yə enib.
Mətbuat konfransında bildirilib ki, statistikaya əsasən, bayram və istirahət günləri, eləcə də axşam saatlarında qaranlıq düşəndən sonra avtoqəza halları daha çox baş verir. Bu, həmin günlərində nəqliyyat vasitələrinin say çoxluğu, həmçinin magistral yollarda hərəkətin intensivliyi ilə izah olunur. Axşam saatlarında avtoqəzaların sayının artmasına nəqliyyat vasitəsini idarə edən şəxslərin iş gününün sonunda yorğunluğu və bəzi yollarda işıqlandırmanın kifayət qədər olmaması da təsir göstərir.
İ.Əliyeva qeyd edib ki, bu ilin on ayı ərzində təcili tibbi yardım xidmətinə ümumilikdə 567,6 mindən çox müraciət daxil olub, onların nəticəsində 52,9 mindən çox xəstə müalicə müəssisələrinə yerləşdirilib. Uşaqlarla əlaqədar 65,3 mindən artıq müraciət edilib və 10,5 min xəstə həkim nəzarəti altında müalicə olunub. İlin on ayı ərzində reanimasiya tədbirlərin görülməsi nəticəsində 1600 nəfərdən çox xəstə ağır vəziyyətdən çıxarılaraq xilas edilib. Ürək-damar xəstəlikləri ilə əlaqədar edilən 123,4 min müraciətdən 10,3 mini xəstəxana şəraitində müalicə alıb. Həmin dövrdə miokard infarktı ilə əlaqədar 697, insultla əlaqədar 3,1 min müraciət daxil olub. Baş həkimin müavininin verdiyi məlumata görə, doğuşla bağlı edilən 2573 müraciətin 2561-də hamilə qadınlar doğum evlərinə yerləşdiriliblər. Tibb müəssisəsindən kənar 83 doğuş qeydə alınıb və onların hamısı hospitalizasiya olunub. Ümumi müraciətlər arasında bədbəxt hadisələrin sayı 20,9 minə yaxındır, onlardan 2,9 mini uşaqlarla bağlıdır. Bədbəxt hadisələr zamanı hospitalizasiya olunanların sayı 13,9 min nəfərdir, o cümlədən onlardan 1915 nəfəri uşaqlardır.
Mətbuat konfransında vurğulanıb ki, yol-nəqliyyat hadisələrinin azalması üçün yolun hərəkət hissəsində piyadaların təhlükəsizlik qaydalarına ciddi riayət etməsi, yeraltı və yerüstü keçidlərdən istifadə etməsi vacib şərtlərdir.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova