Yayda uşaqlarda xəstəliklərin əsas səbəbi qidalanma ilə əlaqədardır

Yayda uşaqlarda xəstəliklərin əsas səbəbi qidalanma ilə əlaqədardır

“Yay fəsli üçün xarakterik olan xəstəliklər arasında həzm pozuntuları, mədə-bağırsaq xəstəlikləri birinci yerdə durur. Bu, ilk növbədə, həmin mövsümdə meyvə, giləmeyvə və tərəvəzlərin çoxluğu və havaların isti keçməsi ilə əlaqədardır. Buna görə yayda uşaqlar arasında mədə-bağırsaq pozuntuları, ishal və qusma ilə müşayiət olunan qida zəhərlənmələrinə daha tez-tez təsadüf edilir. İstivurma və günvurma da ən çox rast gəlinən hallardandır. İlan sancması, ağcaqanad və həşəratların dişləməsi hadisələri də bu fəsildə artır. Nəhayət, yay mövsümündə allergik xəstəliklər də xeyli geniş yayılır”. Bunu K.Fərəcova adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, Səhiyyə Nazirliyinin pediatriya üzrə baş mütəxəssisi, professor Nəsib Quliyev yay mövsümündə uşaqlar arasında geniş yayılan xəstəliklərlə bağlı mətbuat konfransında söyləyib.
Baş pediatr yay xəstəlikləri barədə danışarkən valideynlərin üzərinə mühüm vəzifə düşdüyünü qeyd edib: “İlk növbədə, valideynlər övladlarına qarşı diqqətli və qayğıkeş münasibət bəsləməli, mövsüm zamanı uşaqların düzgün qidalanmasına ciddi fikir verməlidirlər. Ən mühüm məsələlərdən biri uşaqların içdiyi suyun keyfiyyətidir. Dünyada aparılan çoxsaylı araşdırmalar göstərib ki, xəstəliklərin qarşısını almaq üçün ən təsirli tədbir təmiz sudan istifadədir. Hətta tədqiqatlar sübut edib ki, yer üzündə hamını təmiz su ilə təmin etmək mümkün olsaydı, onun səmərəsi peyvənddən daha üstün olardı. Krandan, su hövzəsindən qaynadılmamış suyun uşaqlara verilməsi yolverilməzdir. Qaynadılıb soyudulmuş, otaq temperaturunda olan sudan uşaqlar rahat şəkildə istifadə edə bilərlər.
Yay fəslində qidaların çeşidi çoxalır. Lakin bunun mənfi cəhəti ondan ibarətdir ki, havalar isti olduğuna görə, onların saxlanmasına və soyutma rejiminə əməl etmədikdə qidaların bakterioloji cəhətdən çirklənərək xəstəlik törətməsi ehtimalı artır. Mədə-bağırsaq xəstəliyi əlamətləri görünən kimi dərhal həkimə müraciət edilməsi zəruridir. Özbaşına, el arasında qəbul edilmiş primitiv üsullarla onların müalicəsini aparmaq olmaz, çünki əksər hallarda həmin üsullar xeyir əvəzinə, zərər gətirir”.
İsti və günəşli havalarda uşaqların qorunması məsələsinə toxunan professor deyib: “Təbiətin bəxş etdiyi günəş, hava, qum və su vannalarının uşaqların orqanizminin möhkəmləndirilməsində çox böyük rolu var. Lakin müəyyən rejim və qaydalara əməl etməyəndə istivurma və günvurma kimi ağır hallarla üzləşirik. Ona görə də çimərliyə günün infraqırmızı şüalarının çox olduğu vaxtlarda yox, nisbətən sərin vaxtlarda üz tutmaq məsləhətdir. Əks halda, balacalar dəri və baş beyin problemləri ilə üzləşə bilərlər”.
Pediatr ana südü ilə qidalanan körpələrin qidasını dəyişdirmək və əlavə qida vermək fikrindən yay aylarında uzaq olmağı da tövsiyə edib. Bildirib ki, özünü ilk növbədə dəri səthində büruzə verən və qırtlağın ödeminə, boğulmayadək ağır hallara səbəb olan allergik xəstəliklər zamanı da vaxtında həkimə müraciət etmək lazımdır.





Noyabr 2023

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
ELANLAR

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova