Sizin Reklam Burada!

Azərbaycan səhiyyə sistemi rəqəmsallaşma və keyfiyyət standartları əsasında yenilənir

Azərbaycan səhiyyə sistemi rəqəmsallaşma və keyfiyyət standartları əsasında yenilənir

Səhiyyə naziri Teymur Musayev mediaya geniş müsahibə verib

Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev Azərbaycan Televiziyasının “Hədəf” proqramına və Trend Beynəlxalq İnformasiya Agentliyinə birgə müsahibə verib. “Tibb qəzeti” Trend.az saytına istinadən müsahibənin mühüm məqamlarını təqdim edir.

Tibb müəssisələrinin akkreditasiyası yeni tibbi xidmət mədəniyyəti formalaşdırır
Səhiyyə naziri bildirib ki, Prezident İlham Əliyevin 15 may 2024-cü il tarixli Fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində Tibb Müəssisələrinin Akkreditasiyası və Keyfiyyətə Nəzarət Mərkəzi yaradılıb. Onun əsas məqsədi tibb müəssisələrində əhaliyə göstərilən tibb xidmətlərinin təhlükəsizliyinin təmin edilməsi, onların keyfiyyətinin davamlı şəkildə artırılmasıdır. Teymur Musayev bu sahədə fəaliyyətin bir neçə komponentdən ibarət olduğunu deyib: “Bu, ilk növbədə, həmin tibb müəssisəsinin quruluşu, orada istifadə olunan standartlar, həmin standartlara riayət olunub-olunmamasıdır. Orada baş verən tibbi proseslərin axınına nəzarətdir. İstifadə olunan dərman vasitələrinin keyfiyyətinə, düzgün istifadəsinə nəzarətdir. Tətbiq olunan cərrahiyyə əməliyyatlarında tibbi prosedurların və müalicə üsullarının standartlara uyğun olub-olmamasına nəzarətdir. Orada işləyən tibbi personalın bilik, bacarıq və metodlara düzgün riayət edib-etməməsidir. Bunların hamısı kompleksdə tibb müəssisəsinin müasir tibbi standartlara uyğun olub-olmamasını göstərir.
Bununla bağlı dünyada müxtəlif yanaşmalar var. Elə ölkələr var ki, orada dövlətin tibb müəssisələrinin akkreditasiyası və keyfiyyətə nəzarət üzrə institusional qurumu yoxdur. Onlar bunu sadəcə müxtəlif özəl şirkətlər üzərindən qururlar. Digər yanaşma məhz bizim ölkəmizdə qəbul olunandır. Bu, dövlətçilik baxımından, əhalini qeyri-standart, yəni heç bir müasir standartlara uyğun olmayan tibbi prosedurlardan qorumaq məqsədilə ən ciddi yanaşmadır. Hazırda yaradılmış qurum əsaslı şəkildə bu proseslərin təminedici altsistemlərini hazırlayır. Buraya müalicə üsullarının və metodların yer aldığı xəstəliklər üzrə protokolların hazırlanması, digər tərəfdən, tibb mütəxəssislərinin bilik və vərdişlərinin qiymətləndirilməsi prosesinin standartlaşdırılması daxildir. Xəstəxana daxili gedən proseslərin standartlar üzərindən qurulması və keyfiyyətinə nəzarət də bu istiqamətin tərkib hissəsidir.
İlkin baxışda bu yalnız yoxlama və hansısa inzibati tədbirlərin görülməsi kimi görünür. Amma bu belə deyil. Azərbaycanda tibb müəssisələrinin akkreditasiyası yeni tibbi xidmət mədəniyyətinin bərqərar olması üçün yaradılır. Yəni bu yalnız dəstək məqsədlidir. Dəstəyin də əsas hədəfi pasiyent təhlükəsizliyidir. Pasiyent təhlükəsizliyi dedikdə sonda hər bir vətəndaşın təhlükəsizliyi nəzərdə tutulur. Bu o qədər multidissiplinar və multiinstitusional yanaşmadır ki, tək bu mərkəzin işi deyil. Həmçinin Səhiyyə Nazirliyinin digər qurumları var ki, hamısı bir nöqtəyə yığışaraq məhz Azərbaycan vətəndaşının tibb müəssisəsində aldığı tibbi xidmətin ona təhlükəsiz və keyfiyyətli olmasını təmin etmək üçün fəaliyyət göstərir”.
Nazir əlavə edib ki, bu istiqamətdə koordinasiya prosesləri artıq həyata keçirilir, onlar standart proses idarəetməsi baxımından aparılır və rəqəmsallaşdırılır: “Az müddətdən sonra bütün proseslərin rəqəmsallaşdırılaraq vahid rəqəmsal səhiyyə ekosisteminə inteqrasiya ediləcəyinə hazırlıq gedir. Təbii ki, Azərbaycan vətəndaşı lisenziya qazanmış, akkreditasiyadan keçmiş istənilən tibb müəssisəsinin qapısını açanda tam əminliklə öz sağlamlığını oradakı həkimlərə və tibb işçilərinə etibar edə biləcək”.

Tibb işçilərinin sertifikasiyası cəza mexanizmi deyil
Teymur Musayev cəmiyyətdə geniş müzakirə olunan tibb mütəxəssislərinin sertifikasiyası prosesi barədə sualı cavablandırarkən deyib ki, sertifikasiya cəza və ya təzyiq mexanizmi kimi qiymətləndirilməməlidir. Bu prosesin əsas məqsədi tibb işçilərinin davamlı peşəkar inkişafını təmin etmək və əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətini yüksəltməkdir: “Səhiyyə Nazirliyinin bu sahədə mövqeyi daim bir olub – Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən tibb işçisini layiqli davamlı tibbi təhsillə təmin etmək, davamlı peşəkar inkişaf imkanları yaratmaq və nəticə etibarilə, vətəndaşlarımıza göstərilən tibbi xidmətin yüksək keyfiyyətdə təmin edilməsinə zəmanət vermək əsas məqsədimizdir.
Sertifikasiya imtahanı özlüyündə hansısa cəza və ya basqı məqamı deyil. Təbii ki, elə insanlar var ki, imtahana girməkdən çəkinirlər, psixoloji çətinlikləri olur, bunu da anlayırıq. Ancaq sertifikasiya imtahanı ilə bağlı tibb işçiləri arasında ən qızğın müzakirələrin getdiyi dövrdə belə, imtahandan keçid faizi 97 faiz idi. Yəni səs-küy onun mahiyyətindən daha çox idi.
Aydındır ki, hər beş ildən bir imtahan keçirməklə hər bir insanın bilik və bacarıqlarını qiymətləndirmək mümkündür, onları artırmaq isə mümkün deyil. Buna görə Səhiyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanı olaraq və Azərbaycan Respublikası vətəndaşlarının sağlamlığının qorunması istiqamətində lazımi tədbirlərin görülməsini əsas götürərək yeni təşəbbüslə çıxış etdi. Bu yaxınlarda “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna dəyişikliklər edildi. Həmin dəyişikliklərə əsasən, artıq beş ildən bir keçirilən imtahanla yanaşı, hər bir həkim və ya tibb işçisi seçim edə biləcək. Onlar beş il ərzində Davamlı Peşəkar İnkişaf proqramı üzrə ümumilikdə 250 kredit balından az olmayaraq toplamaqla da həmin sertifikatı əldə edə biləcəklər”.
Teymur Musayev bildirib ki, Səhiyyə Nazirliyi tərəfindən sertifikasiya sual bazası da mütəmadi yenilənir və yaxın vaxtlarda bu istiqamətdə yeni rəqəmsal həll istifadəyə veriləcək: “Sual bazasına daha müasir yanaşmalar, müasir müalicə metodlarına dair məlumatlar daxil edilir. Bu yaxınlarda bu istiqamətdə də rəqəmsal yenilik olacaq.
Çox intensiv işlədiyinə görə, yaxud başqa səbəbdən davamlı olaraq hər il orta hesabla 50 kredit balı toplamağa vaxtı və ya imkanı olmayan, buna görə yalnız imtahan vermək istəyən mütəxəssislər üçün xüsusi tətbiq təqdim olunacaq, orada bütün sual bazası öz əksini tapacaq. Burada gizlədiləsi heç nə yoxdur. Biliyi gizlətmək düzgün deyil, əksinə, onu təbliğ etmək və yaymaq lazımdır. Sual toplusunda hər bir sualın düzgün cavabı göstəriləcək, eyni zamanda, onun akademik izahı təqdim olunacaq. Beləliklə, insanlar sadəcə hansı cavabın düzgün olduğunu deyil, məhz niyə həmin cavabın düzgün olduğunu da əlavə ədəbiyyat axtarmadan, tam akademik izahı ilə birlikdə görə biləcəklər”.
Nazir bildirib ki, həkimlərin bilik və bacarıqlarının qiymətləndirilməsi sahəsində xarici təcrübədən də istifadə olunur: “Biz Amerikada tətbiq olunan məşhur Board Exam imtahan sisteminin 65 ixtisas üzrə sual toplusunu rəsmi şəkildə əldə etmişik. Onlar Azərbaycan dilinə tərcümə olunub və məhz həmin suallar əsasında imtahan bloku formalaşdırılır. Təbii ki, bizim kurikuluma uyğun suallar da əlavə olunub. Burada heç bir çətinlik yoxdur, əksinə, bu yalnız dəstəkləyici bir təminatdır”.
Səhiyyə naziri mütəxəssislərin imtahanla yanaşı, Davamlı Peşəkar İnkişaf proqramlarına aktiv şəkildə qatılması və orada kredit ballarını toplayaraq yeni biliklərə və yeni yanaşmalara daha yaxın olması arzusunu ifadə edib.

Tibbi Rəqəmsal Əkiz Sistemi Azərbaycanı rəqəmsal səhiyyə sahəsində qabaqcıl ölkələr sırasına çıxarıb
Teymur Musayev qeyd edib ki, rəqəmsallaşma bu gün, bütün sahələrdə olduğu kimi, səhiyyədə də prioritet istiqamətlərdən biridir və bu sahədə həyata keçirilən layihələr ölkənin səhiyyə sistemində yeni mərhələnin başlanğıcı hesab oluna bilər: “Səhiyyə Nazirliyi davamlı olaraq Azərbaycanda səhiyyə sisteminin rəqəmsallaşdırılmasını həyata keçirir. Bunun məntiqi nəticəsi olaraq ötən ayın 3-də Gülüstan Sarayında hökumət nümayəndələri və geniş tibbi ictimaiyyət üçün Tibbi Rəqəmsal Əkiz Sisteminin təqdimatı keçirildi.
Bildiyiniz kimi, rəqəmsal texnologiyalar və süni intellekt bu gün, demək olar ki, bütün peşə sahiblərinin fəaliyyətini tamamilə dəyişib. Bu ümumi landşaftın ayrılmaz hissəsi olan səhiyyə də rəqəmsallaşma prosesinin aktiv iştirakçısıdır.
Rəqəmsallaşma təkcə texniki tətbiqlərin və ya proqram təminatlarının tətbiqi deyil, bu, yeni səhiyyə mədəniyyəti deməkdir. Bu baxımdan, Tibbi Rəqəmsal Əkiz Sisteminin tətbiqi ölkəmizi dünyanın 20 qabaqcıl ölkəsi sırasına çıxarıb, istifadə olunan məlumat mübadiləsi standartlarına görə isə ilk onluqda qərarlaşdırıb.
Tibbi Rəqəmsal Əkiz Sistemi vahid rəqəmsal platformadır. Bu platforma hər bir vətəndaşın dünyaya göz açdığı ilk andan son nəfəsinə qədər toplanan bütün tibbi məlumatları özündə ehtiva edir. Eyni zamanda, bu platforma yalnız məlumat bazası deyil, həm də tibbi xidmətlər platformasıdır. Buraya həkim qəbuluna yazılma, dərman qəbulunun yaddaşı, xatırlatma mexanizmləri, teletibb sistemləri və hətta valideynlərin övladlarının sağlamlıq vəziyyətini izləməsinə imkan verən funksiyalar daxildir.
Biz bu platformanın inkişafında üç əsas istifadəçi qrupunu görürük. Birinci qrup, təbii ki, vətəndaşlarımızdır. Onlar müraciət etdikləri tibb müəssisəsindən asılı olmayaraq, əldə etdikləri tibbi məlumatların vahid platformada toplanması sayəsində, hətta xaricdə olarkən belə, həmin məlumatları dünyanın istənilən ölkəsində həmkarlarımıza təqdim edərək öz sağlamlıqları ilə bağlı məsləhət ala biləcəklər.
İkinci qrup tibb işçiləridir. Onlar üçün qəbuluna gələn hər bir vətəndaşın sağlamlıq vəziyyətini düzgün, obyektiv və tam şəkildə qiymətləndirmək imkanı yaranacaq.
Üçüncü qrup isə hökumət nümayəndələridir. Toplanan məlumatlar əsasında strateji qərarların qəbul edilməsi imkanları genişlənəcək. Əhali arasında yoluxucu və qeyri-yoluxucu xəstəliklərin gələcək inkişafı proqnozları, müəyyən xəstəliklərin daha geniş yayılıb-yayılmaması barədə obyektiv məlumat əldə olunacaq və buna uyğun mühüm strateji qərarlar qəbul ediləcək. Ona görə də Tibbi Rəqəmsal Əkiz Sistemindən yararlanmaq üçün hər bir vətəndaşı bu platformaya aktiv şəkildə qoşulmağa dəvət edirəm”.

İşğaldan azad olunmuş ərazilərdə müasir səhiyyə infrastrukturu formalaşdırılır
Nazirin sözlərinə görə, işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işlərinin əsas istiqamətlərindən biri də müasir səhiyyə infrastrukturunun yaradılmasıdır: “Bu, çox vacib məsələdir. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında rəşadətli Ordumuzun azad etdiyi ərazilərdə öz doğma torpaqlarına qayıdan soydaşlarımız üçün faktiki olaraq tam sıfırdan yenidən salınan yaşayış məntəqələrinin, şəhərlərin və kəndlərin bərpasının ayrılmaz hissəsi həmin ərazilərdə səhiyyə sisteminin qurulmasıdır. Səhiyyə sistemi dedikdə biz ilkin səhiyyə xidmətlərindən başlayaraq ikinci səviyyəli xəstəxanalaradək tibb müəssisələrinin tikintisindən danışırıq. İlkin səhiyyə xidmətlərinə kənd tibb məntəqələri, həkim məntəqələri, ailə sağlamlıq mərkəzləri və rayon mərkəzi xəstəxanaları daxildir. Səhiyyə Nazirliyinin öhdəliyinə məhz 8 rayon mərkəzi xəstəxanasının və 10 xüsusi ixtisaslaşmış tibb mərkəzinin tikilməsi daxildir. Bu mərkəzlər tikildikdən sonra Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə təhvil verilərək əhalimizin xidmətinə təqdim olunacaq.
İlk layihəmiz məhz Şuşada həyata keçirildi. Bildiyiniz kimi, Şuşa Müalicə-Sağlamlıq Mərkəzi tikilərək istifadəyə verildi. Bu, 90 çarpayılıq unikal mərkəzdir. Ümumi çarpayı fondunun 50-si ümumi təyinatlı xəstəxana çarpayılarıdır. Buraya cərrahiyyə, doğum və uşaq şöbələri daxildir. Digər tərəfdən, həmin mərkəzdə sanator-kurort xidmətləri də göstəriləcək. Bunun üçün ayrıca 40 çarpayı ayrılıb. Hələ sovet dövründə Şuşada məşhur “Turşsu” sanatoriyası fəaliyyət göstərirdi və insanların şəfa tapdığı bir məkana çevrilmişdi. Belə qərar qəbul olundu ki, məhz Şuşa Müalicə-Sağlamlıq Mərkəzində məşhur “Turşsu”nun şəfaverici xüsusiyyətləri əhalimizə təqdim olunsun. Hazırda xəstəxana fəaliyyətə başlayıb. İnanırıq ki, qısa müddətdə tam gücü ilə fəaliyyət göstərəcək”.

Azərbaycanda orqan donorluğu sistemi tam şəffaf mexanizm əsasında fəaliyyət göstərir
Səhiyyə naziri xatırladıb ki, Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli Fərmanı ilə Səhiyyə Nazirliyinin tabeliyində Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi yaradılıb. Bu qurum ölkədə orqan donorluğu və transplantasiya xidmətinin təşkili ilə məşğul olur və sistemin tam şəffaf şəkildə fəaliyyət göstərməsini təmin edir: “Yarandığı ilk gündən bu xidmətin formalaşdırılması üçün bir sıra ciddi tədbirlər həyata keçirilib. İlk növbədə 10-a yaxın dövlət reyestri hazırlanaraq istifadəyə verilib. Bunlardan bəzilərini sadalamaq istərdim. Könüllü donor olmaq istəyən şəxslərin reyestri, orqan donorluğu və transplantasiyası ilə məşğul olan tibb müəssisələrinin reyestri, həmin müəssisələrdə çalışan mütəxəssislərin reyestri, bu prosesləri tənzimləyən koordinatorların reyestri yaradılıb. Bütün bu altsistemlər bu gün Azərbaycanda həmin xidmətin əlçatanlığını təmin edən mexanizmlərdir.
Orqan donorluğu ölkəmizdə şəffaf və açıq şəkildə təşkil olunub. Səhiyyə Nazirliyi yanında ictimai əsaslarla fəaliyyət göstərən Etika Komissiyası yaradılıb. Orqana ehtiyacı olan hər bir pasiyent və donor həmin komissiyadan keçir, bu prosesin şəffaf və qanunvericiliyə uyğun olduğu təsdiqləndikdən sonra transplantasiya əməliyyatları mütəxəssislərimiz tərəfindən icra edilir.
Koordinasiya Mərkəzinin apardığı maarifləndirmə kampaniyaları nəticəsində bu gün Azərbaycanda 1700 nəfərə yaxın insan könüllü donor olmaq istədiyini rəsmi şəkildə bəyan edib və qeydiyyatdan keçib. Bu göstərici artan dinamika ilə davam edir. Həqiqətən də, vətəndaşlarımızın, cəmiyyətimizin bu prosesə aktiv və düşünülmüş şəkildə qoşulması bizi çox sevindirir”.
Nazir bildirib ki, maarifləndirmə tədbirləri yalnız Bakı şəhərində deyil, demək olar ki, ölkəmizin bütün bölgələrində keçirilir: “Əsasən məktəblərdə, universitetlərdə və kolleclərdə maarifləndirmə tədbirləri təşkil olunur. Biz yeni nəslin düşüncə tərzini formalaşdırmaq istəyirik. Həqiqətən də, insan ölümündən sonra orqanını bağışlayaraq kiminsə həyatını xilas edə və ya ömrünü uzada bilirsə, bundan gözəl missiya ola bilməz”.

Bir ildə 352 transplantasiya əməliyyatı olunub
Teymur Musayev məlumat verib ki, ötən ilin statistikasına görə, ümumilikdə 352 transplantasiya əməliyyatı həyata keçirilib: “Bunlardan 111-i gözün buynuz qişasının transplantasiyası olub və onların 24-ü meyit donorlardan həyata keçirilib. Ölkədə 104 böyrək transplantasiyası icra olunub ki, bunlardan 17-si meyit donorlardan götürülən orqanlarla aparılıb. Həmçinin 58 qaraciyər transplantasiyası həyata keçirilib və onların 10-u ölü donorlar hesabına mümkün olub. Bu günədək ölkəmizdə 3 ürək transplantasiyası həyata keçirilib. Eyni zamanda, 77 sümük iliyi transplantasiyası icra olunub. Onlardan 36-sı Azərbaycanda, 41-i isə müxtəlif dövlət proqramları çərçivəsində Türkiyədə həyata keçirilib. Ümumiyyətlə, Azərbaycan bu sahədə regional liderdir. Bizim mütəxəssislərimiz artıq bunu tam sübuta yetiriblər. Bir çox ilklərə məhz Azərbaycanda imza atılıb. Bunlardan biri ölü donordan böyrək transplantasiyası, digəri qaraciyər transplantasiyasıdır. Əsas məsələ isə hər bir həkim, tibblə məşğul olan mütəxəssis üçün ən mühüm və mürəkkəb əməliyyatlardan biri olan ürək transplantasiyasıdır. Bu əməliyyatların üçü də artıq Azərbaycanda həyata keçirilib və biz bu sahədə regional liderik.
Ümumiyyətlə, orqan köçürülməsi əməliyyatları, bunun zirvəsi olaraq məhz ürək transplantasiyası cəmiyyətdə fərqli qəbul olunan bir prosesdir. Cəmiyyətimiz artıq belə yeniliklərə açıqdır, vətəndaşlarımız bunu düzgün dərk edib qəbul edirlər. Biz dəfələrlə terminal durumda olan insanların yaxınlarının belə bu prosesə dəstək olmasının şahidi olmuşuq. Bir tərəfdən, kədərdir, təbii, digər tərəfdən isə sevincdir. Ona görə ki, insanlar öz orqanlarını bəxş edirlərsə, bu, fərqli bir missiyadır, insani missiyadır. İnanırıq ki, belə halların sayı artacaq.
Eyni zamanda, bilirsiniz ki, müasir texnologiyalarda süni orqanların kəşfi istiqamətində də işlər aparılır. Artıq bəziləri sınaqlardan keçirilir. İnanırıq ki, yaxın dövrdə bu sahədə də ciddi bir sıçrayış olacaq və bizim əhalimiz də bundan bəhrələnə biləcək”.
Səhiyyə naziri orqan transplantasiyasında effektivlik dərəcəsindən də danışıb, hazırda bu sahədə effektivliyin çox yüksək olduğunu qeyd edib. Onun sözlərinə görə, orqanların düzgün seçilib köçürülməsi və müasir dərman vasitələri transplantasiyadan sonra insanların uzun müddət yaşaya bilməsini təmin edir: “Burada onilliklərdən artıq müddətdən danışırıq. Eyni zamanda, xüsusilə vurğulamaq istəyirəm ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində regionda ilk Göz Bankı yaradılıb. Orada meyit donorlardan əldə olunmuş buynuz qişalar qəbul olunur, qiymətləndirilir, emal olunur və sonra ehtiyacı olan vətəndaşlarımıza köçürülür. Yəni bu proses sürətlənir, infrastruktur tam hazır vəziyyətdədir. Ona görə də belə mürəkkəb, institusional dəstək tələb edən əməliyyatlara və müalicə üsullarına əlçatanlıq ciddi şəkildə artıb”.

“Türk Transplant” vahid informasiya platforması yaradılıb
Teymur Musayev müsahibəsində transplantasiya ilə bağlı bir məsələyə də toxunub: “Azərbaycanın beynəlxalq müstəvidə də transplantologiya üzrə bir təşəbbüsü var idi. Bu, Türk Dövlətləri Təşkilatının üzv ölkələri və müşahidəçi qismində iştirak edən ölkələr arasında "Türk Transplant" adlanan vahid informasiya platformasının qurulması idi. 2023-cü ildə bu təşəbbüs Azərbaycan tərəfindən irəli sürüldü və bütün qardaş ölkələr tərəfindən çox müsbət qarşılandı. Platformanın işə salınması, onun beynəlxalq hüquq və normalara uyğun fəaliyyət göstərməsi və transsərhəd məlumat mübadiləsinin düzgün təşkilinə dair əsas addımlar atılıb. Üzv və müşahidəçi qismində iştirak edən ölkələrin ümumi əhalisi 170 milyonu aşır. İlkin mərhələdə bu, əsasən sümük iliyi transplantasiyasına ehtiyacı olan resipiyentlərin və mümkün donorların vahid reyestrinin formalaşdırılmasını nəzərdə tutur. İlk mübadilələr başlayandan sonra solid orqanlarda ilkin mərhələdə çarpaz transplantasiya nəzərdə tutulur. Bu baxımdan düşünürəm ki, bunun qardaş ölkələr arasında, həqiqətən də, qardaşlıq əlaqələrinin möhkəmləndirilməsində müstəsna rolu olacaq”.

Azərbaycanda hüceyrə terapiyası mərkəzi qurulur
Nazir Teymur Musayev tibb sahəsindəki proseslərdən, gözlənilən yeniliklərdən də danışıb. O bildirib ki, Azərbaycanda son dövrlərdə tibb sahəsində bir sıra yeniliklərə imza atılıb: “İlk olaraq, Akademik Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində yenidən qurulmuş və əhalimizin xidmətinə verilmiş Plastik, rekonstruktiv və üz-çənə cərrahiyyəsi şöbəsini qeyd etmək istərdim. Burada üz-çənə cərrahiyyəsi sahəsində bir sıra regional ilklərə imza atılıb, böyük rekonstruktiv üz və çənə əməliyyatları icra olunub.
Digər tərəfdən, Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Plastik, estetik və rekonstruktiv cərrahiyyə klinikası əsaslı təmir olunub, ən müasir avadanlıqlarla təchiz edilib və artıq fəaliyyətə başlayıb. Həmin klinikada çox ciddi rekonstruktiv əməliyyatlar həyata keçirilir. Yanıqlardan və iri həcmli əməliyyatlardan sonra tələb olunan rekonstruktiv əməliyyatlar məhz həmin mərkəzdə həyata keçirilir.
Biz bu iki mərkəzi yaradanda onları məhz klinik baza kimi düşündük ki, rezidentlərimiz layiqli şəraitdə bu ixtisaslar üzrə öz hazırlıqlarını keçə bilsinlər.
Digər məqam Akademik Abdullayev adına Elmi Tədqiqat Kardiologiya İnstitutunda İnvaziv kardiologiya və kardiocərrahiyyə şöbəsinin açılmasıdır. Həmin institutda davamlı olaraq digər müasirləşdirmə prosesləri gedir, yeni avadanlıqlar alınır və quraşdırılır. İnanıram ki, yaxın zamanda yeni bir ilkə də imza atacağıq.
Digər məsələ dünyada aktiv şəkildə tətbiq olunmağa başlayan və bir sıra ağır xəstəliklərin müalicəsində əvəzsiz müalicə üsulu kimi qəbul olunan hüceyrə terapiyasıdır. Biz bunu çinli həmkarlarımızla birgə Azərbaycanda həyata keçirmək üçün hazırda həmin mərkəzi qururuq. İnanırıq ki, yerli mütəxəssislərimiz də bu prosesə töhfə verəcəklər. Çox sevindirici haldır ki, xaricdə oxuyub ölkəmizə dönən həmvətənlərimiz var. Onlar nəinki adi həkim kimi fəaliyyət göstərirlər, əksəriyyətinin hüceyrə terapiyası sahəsində elmi dərəcələri də var. Lazımi infrastruktur qurulmaqdadır və işə salındıqdan sonra şəkərli diabet, uşaq serebral iflici və dağınıq skleroz kimi xəstəlikləri olan insanlar üçün bir ümid yeri yaradılacaq. Düşünürəm ki, biz bu baxımdan regional ilkə də imza atacağıq”.
Teymur Musayev bildirib ki, hüceyrə mərkəzinin açılışı üçün bir il yarımdan artıq müddətdə işlər tələb olunur: “Orada müəyyən addımlar atılmalıdır, bu işlər əsaslı yanaşma tələb edir. Texniki infrastrukturun olması, burada çalışan insanların vahid standartlar əsasında fəaliyyət göstərməsi vacibdir. Hər bir yeni üsulu güvənli əllərlə təqdim etmək lazımdır ki, insanların inamı da olsun və həqiqətən də müsbət nəticələri görək”.

Azərbaycanda Çin və Koreya təbabəti diplom kursu açılacaq
Səhiyyə naziri ənənəvi təbabət məsələlərindən də söz açıb: “Ənənəvi tibbin minilliklərlə tarixi var. Son 10 il ərzində ümumi təbabətdə “inteqrativ tibb” adlanan yanaşma formalaşıb. Bəzən “funksional tibb” adlandırılan inteqrativ tibb anlayışı gündəlik tibbi praktikada fərqli bir mədəniyyətin göstəricisidir. Keçmişi və ya hər hansı bir üsulu inkar etmək yox, onun sübuta əsaslanmış şəkildə tətbiqindən danışmaq lazımdır. Ənənəvi tibb deyəndə bəziləri türkəçarədən danışır, amma bu ayrı məsələdir. Ənənəvi Çin təbabəti özünü tam sübuta yetirmiş və bir sıra xəstəliklərdə, eləcə də xəstəliklərdən əvvəlki mərhələdə effektivliyini sübuta yetirmiş bir üsuldur, tibb yanaşmasıdır. Digər ənənəvi Koreya tibbi və ənənəvi Şərq təbabəti də bu istiqamətə daxildir. Azərbaycan da onun ayrılmaz hissəsidir. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanın tibb məktəbi bu məsələlərdə həmişə çox açıq olub və bu, sevindirici bir haldır.
Səhiyyə Nazirliyi olaraq bu istiqamətdə bir qədər irəlilədik – Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun nəzdində Çin Xalq Respublikasının Pekin Ənənəvi Çin Təbabəti Universiteti ilə birgə Ənənəvi Çin Təbabəti diplom kursunun təşkili hazırda hazırlıq mərhələsindədir. Kurs ingilis dilində, bir və ya iki illik müddətə olacaq və nəinki azərbaycanlı həkimlər üçün, həmçinin regiondan və beynəlxalq səviyyədən gələn xarici həkimlər üçün də açıq olacaq.
Eyni yanaşma ənənəvi Koreya təbabəti ilə bağlıdır. Hazırda aidiyyəti Koreya rəsmi qurumları ilə danışıqlar aparılır və qısa müddətdə bu proqram da Azərbaycanda tətbiq ediləcək.
Düşünürəm ki, Azərbaycanda fəaliyyət göstərən və bu sahəyə marağı olan ailə həkimləri, baza tibb təhsili olan insanlar və istənilən tibb ixtisasının daşıyıcıları üçün maraqlı olan bu kurslar onların gündəlik praktikalarında tətbiq etdikləri metodları daha da zənginləşdirəcək, seçim imkanlarını genişləndirəcək və vətəndaşlarımız üçün də müxtəlif üsulların tətbiqi ilə bağlı fərqli imkanlar yaradacaq. Bu, daha çox reabilitasiya, xroniki xəstəliklər, xroniki ağrılar və digər istiqamətlərdə geniş və effektiv tətbiq olunan müalicə üsullarıdır. Fitoterapiya, yəni müalicəvi otlarla müalicə metodları da buraya daxildir. Bu, kompleks yanaşmadır. Bunu inkar etmək düzgün deyil. Əhalinin də buna meyli və marağı var. Ən azı, ziyan gətirməsin deyə, bu metodların tətbiqi ilə məhz tibbi diplomu olan insanlar məşğul olmalıdırlar. Tibb təhsili alıb istənilən tibb ixtisasına yiyələnən insanlar üçün bu, onların fəaliyyətini gücləndirən amillərdən biri olsun. Azərbaycanda bizim istər özəl sektorda, istərsə də dövlət sektorunda fəaliyyət göstərən öz mütəxəssislərimiz də var, müəyyən bir məktəb formalaşıb. Düşünürük ki, onların da bu prosesə cəlb edilməsi bizim yerli ənənəvi tibb məktəbinin yeni müstəviyə qaldırılmasına imkan verəcək”.



"Sağlam Radio" sağlam həyat tərzini təbliğ edir
Səhiyyə naziri son dövrlər trendə çevrilən sağlam həyat tərzinin təbliği və təşviqi məsələlərinə də diqqət çəkib. O qeyd edib ki, sağlam həyat tərzinin təbliği birbaşa nazirliyin vəzifə borcudur: “Vətəndaşların sağlam həyat tərzinin təmin edilməsi “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın ayrılmaz bir hissəsi, fəaliyyət istiqamətlərindən biridir və bu fəaliyyət birbaşa Səhiyyə Nazirliyinə tapşırılıb. Məhz buna görə də Səhiyyə Nazirliyinin "Sağlam Radio" 93 FM – hamınızın tanıdığı bir radio ilə sıx əməkdaşlığı nəticəsində bu proses fərqli bir səviyyəyə qalxıb. Belə ki, 2024-cü il iyunun 3-də ilk efiri baş tutan vaxtdan radio mütəmadi olaraq həftənin beş günü efirə çıxır. Gündəlik iki əsas veriliş var: biri "Sağlam səhər"dir (08:00–10:00 arası), digəri isə "Sağlam həyat"dır (axşamlar 18:00–20:00 arası). Hər saatın sonunda isə "Sağlam xəbər" rubrikası efirə çıxır. İnanıram ki, izləyicilərimiz, dinləyicilərimiz çoxdur. Həmin rubrikalarda bizim həkim-ekspert mütəxəssislərimiz, elmi tədqiqat institutlarının aparıcı həkimləri, hətta rəhbərləri iştirak edirlər. Biz bu proqramlar çərçivəsində əhaliyə sağlam həyat tərzi barədə düzgün, elmi əsaslı məlumatlar çatdırırıq.
Bilirsiniz ki, müasir medianın inkişafı çox vüsət alıb, istənilən insan, bildi-bilmədi, geniş auditoriyaya sahib ola bilir. Bu şəxs ona inanan auditoriyaya çatdırdığı məlumatın düzgün olub-olmamasının məsuliyyətini dərk etməlidir. Ona görə də "Sağlam Radio" məhz bu baxımdan yalnız peşəkar, öz işini bilən, fəaliyyətini uzun illərdir məhz bu sahəyə həsr etmiş ekspertləri dəvət edir. Onların dilindən çıxan, səsləndirilən məlumat elmi əsaslı məlumatdır. Sağlam həyat tərzi deyəndə istər sağlam qidalanma, fiziki aktivlik, bədən tərbiyəsi, istərsə də adi gündəlik gigiyenik prosedurların necə aparılması və sair olsun – bunların hamısı elmi əsaslı şəkildə əhaliyə çatdırılmalıdır. Xüsusilə vurğulamaq istəyirəm ki, həmin radioda reklam vaxtı heç bir dərman vasitəsinin, tibbi xidmətin və ya tibb mərkəzinin reklamı verilmir. Bu qadağandır. Bu, sırf sağlam həyat tərzinin təbliğatı ilə məşğul olan verilişlərdir. Artıq iki ildir fəaliyyət göstərir, geniş dinləyici auditoriyası var. Bir ili tamam olanda şəxsən özüm də qonaqları oldum. Oradakı yaşanan həyəcanın, marağın hamısının şahidi oldum. Düşünürəm ki, bundan sonra da radionun əhalimizə çatdırdığı və ölkəmizin bütün bölgələrində səsləndirilən məlumatların nəticəsində vətəndaşlarımız öz sağlamlığına daha ciddi və daha məsuliyyətli yanaşacaq. İnsan ona verilən sağlamlığı əvəzsiz, ən böyük sərvət kimi qəbul etməlidir və qorumalıdır. Təbii ki, Səhiyyə Nazirliyi, tibb müəssisələri, həkimlərimiz və tibb işçilərimiz öz missiyalarını yerinə yetirirlər. Amma hər bir vətəndaş özü də öz sağlamlığına sahib çıxmalıdır”.

Yeni səhiyyəyə uyğun tibb işçiləri yetişdirilməlidir
Səhiyyə naziri süni intellektin tibb sahəsində tətbiqi məsələlərinə də aydınlıq gətirib. O qeyd edib ki, robotik cərrahiyyə regionda ilk dəfə Azərbaycanda, Milli Onkologiya Mərkəzində icra olunub. Həmin əməliyyat bizim cərrahlarımız burada ola-ola, onların həmkarları isə Çində ola-ola həyata keçirilib: “Bu, səhiyyənin, tibb xidmətlərinin yeni səhifəsidir. Bu yeni səhiyyəyə uyğun yeni tibb işçiləri də yetişdirilməlidir. Bu baxımdan, ölkəmizdə fəaliyyət göstərən istər tibb kolleclərinin, istər tibb universitetlərinin və universitetlərin tibb fakültələrinin müstəsna rolu var.
Sabahın tibb işçisindən nə tələb olunacağını demək o qədər də asan deyil. Sadəcə, o, dəyişikliklərə açıq və hazır olan bir insan olmalıdır. Ona görə də qeyd etdiyim bütün tibb təhsili müəssisələrində tibbdə tətbiq olunan İT texnologiyaları tədris edilir, əsaslı İT biliklərinə yiyələnmək üçün şərait yaradılır. Digər tərəfdən isə, tətbiqi elmi ocaqları, laboratoriyaları formalaşdırmaq lazımdır ki, tətbiqi elmin tədris prosesi ilə inteqrasiyası nəticəsində yeniliyə tam açıq olan mütəxəssislər yetişdirilsin. Düşünürəm ki, bu, yalnız kafedralarda və ya universitetlərin hansısa elmi-tədqiqat laboratoriyalarında baş verməməlidir. Biz bunu beynəlxalq əməkdaşlıq şəklində etməliyik. Ona görə də Səhiyyə Nazirliyi davamlı olaraq yerli tibb təhsili müəssisələrini qabaqcıl tibb elmi ocaqları ilə ikili proqramlar, ikili elmi tədqiqatlar formatında birbaşa əlaqələndirməyə çalışır.
Digər məsələ isə süni intellektlə bağlıdır. Bəli, süni intellekt davamlı təkmilləşən bir alətdir. Onun düzgün istifadəsi əhaliyə göstərilən tibb xidmətinin keyfiyyətini, sağlamlığın qorunması naminə tətbiq olunan müalicə üsullarının və digər tədbirlərin güvənli və təhlükəsiz olmasını təmin edən bir vasitədir. Eyni zamanda, bu, bizdən böyük məsuliyyət tələb edən bir alətdir. Ona görə ki, hər birimiz insan faktorunu inkar etməməliyik. Düşünürəm ki, insan təması, hər bir insanın insana etibar etməsi hər kəsin daxilində olan bir inamdır. Ola bilər, nə vaxtsa süni intellekt o səviyyədə olacaq ki, o artıq ciddi şəkildə hüquqi və etik çərçivələrə salınmalı olacaq. Bu da qaçılmazdır. Bu baxımdan, təbabət və təhsil sahələrində bu məsələyə mütləq çox ciddi yanaşılmalıdır. Hər bir ölkənin öz mədəniyyəti, irsi, adət-ənənəsi, etik davranış normaları var. Onların özünəməxsus xüsusiyyətləri var. Mən demirəm ki, biz dəyişmirik, aydındır ki, qloballaşma gedir. Amma bu xüsusiyyətləri də qorumaq lazımdır. Tibb xidmətlərinə gəldikdə isə, süni zəka unikal bir alətdir. Düzgün tətbiq edildiyi halda, düşünürəm ki, misilsiz imkanlar açır. Və biz buna açıq olmalıyıq”.


Xəbəri paylaş


Iyul 2026

~ Sonuncu nömrə ~

Bütün nömrələr

Elanlar
Elan

Daha çox

Film və videolar

Daha çox

Sosial reklamlar

Daha çox

Facebook
Səhiyyə Nazirliyinin nəşrləri

İlham Əliyev

Mehriban Əliyeva

Mehriban Əliyeva


Nigar Məcidova